Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-55/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Cahid qızının iştirakı ilə, İddiaçı Cahid qızının Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cahid qızı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cahid qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.2003-cü il tarixdə cavabdeh X6 ilə nişanlanmış, xx.xx.2005-ci il tarixdə cavabdehlə toyları olmuşdur. Lakin cavabdeh hərbi xidmətdən yayındığı üçün şəxsiyyətini müəyyən edən sənəd almamışdır. Cavabdehin atası və anası bir müddət gözləməyini xahiş etmişlər. O, da onların dedikləri ilə razılaşıb gözləmişdir. Belə ki, onlar ailə həyatı qurub xx.xx.2006-ci il tarixdə Rusiya Federasiyasının İrkutski şəhərinə getmişlər. xx.xx.2006-cı il tarixdə oğlu X4 dünyaya gəlmişdir. Onların rəsmi nikahı olmadığı üçün övladlarına doğum haqqında şəhadətnamə alarkən ilkin olaraq atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Onlar 1 il normal ər-arvad münasibətlərində yaşamışlar. 1 ildən sonra cavabdehin ondan əvvəl bir qadınla əlaqəsinin olduğunu bilmişdir. Ailədə məlum problemlər başlamışdır. O, ailədə olan sözsöhbətlərdən sonra xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. xx.xx.2008-ci il tarixdə qızı Nuray dünyaya gəlmişdir. O, azyaşlı övladları ilə birlikdə 1 il atasının evində yaşamışdır. xx.xx.2009-cu il tarixdə qaynı onu yenidən həyat yoldaşının yanına Rusiya Federasiyasına yola salmışdır. 10 aylıq qızı Nurayı anasına verib getmişdir. Çünki cavabdeh övladının qız olduğu üçün gətirməyini istəməmiş və bir sözlə uşağı qəbul etməmişdir. Sonra bir neçə dəfə Rusiya Azərbaycan arasında get-gəli olmuşdur. Sonunda cavabdeh onu 2011-ci ilin noyabr ayının 30-da Azərbaycana yola salmışdır. xx.xx.2013-cü il də isə cavabdeh özü də Azərbaycan Respublikasına gəlmişdir. Bu illər ərzində onların telefonla əlaqələri olur və uşaqlarına pul göndərirdi. Onlar 4 ay Azərbaycan Respublikasında bir yerdə yaşamışlar. Cavabdeh xx.xx.2014-cü il tarixdə yenidən Rusiyaya getmiş və övladlarına pul göndərmişdir. Cavabdeh bilirdi ki, övladları ilə kirayə yaşayır, kirayə pulunu ödəyirdi. Telefon vasitəsi ilə cavabdehlə əlaqə saxlamışlar. Artıq son 2 ildir ki, cavabdeh nə onlarla telefon vasitəsi ilə danışır, nə də ki, övladları üçün pul göndərir. Cavabdehin onlarla olan əlaqəsi kəsildikdən sonra ona məlum olmuşdur ki, cavabdeh 2014-cü ilin avqust ayından ondan əvvəl əlaqədə olduğu qadınla rəsmi qaydada evlənmiş və Canpolad adlı bir oğlu, Milana adlı bir qızı dünyaya gəlmişdir. Onların birgə münasibətlərindən olan övladları xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 o, baxır, uşaqların təlabatını ödəmək üçün ona valideynləri kömək edir. Cavabdeh 2 ildir ki, bir dəfə də olsun öz doğma övladları ilə maraqlanmamışdır. Ona görə də, cavabdehdən məhkəmə qaydasında alimentin tutulmasını tələb edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilir. Məhkəmənin icraatında olan İddiaçı Cahid qızının Cavabdeh qarşı «aliment tələbinə» dair 2(060)-657/2020 nömrəli mülki işlə bağlı Rusiya Federasiyası, İrkutsk şəhəri, Oktyabr rayonu, Vilyuyskaya küçəsi, ev 2A-da yaşayan Cavabdeh izahatının alınması üçün məhkəmə tapşırığı Rusiya Federasiyasının səlahiyyətli məhkəməsinə göndərilsə də, Cavabdeh məhkəməyə gəlmədiyinə görə məhkəmə tapşırığının icrası mümkün olmamışdır. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçı Cahid qızıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» xx xxxxxx 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Cahid qızının xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-55/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-55/2021
31.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver