Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5583/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.11.2008-ci il təvəllüdlü X4 və 07.08.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçü hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə girməklə 19.02.2015-ci il tarixdə isə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan 15.11.2008-ci il təvəllüdlü X4 və 07.08.2011-ci il təvəllüdlü X9 adlı iki övladı olmuşdur. Evliliyin ilk vaxtlarında münasibətləri normal olsa da sonradan cavabdehin narkotik maddələr aludəçiliyi ucbatından aralarında yaranan mübahisələrdən sonra münasibətləri pisləşmişdir. İddiaçının iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4101/2019 saylı 08.10.2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) qızı ilə X6 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 15.11.2008-ci il təvəllüdlü X4 və 07.08.2011-ci il təvəllüdlü X5 qızının himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Aliment qət olunan gündən cavabdeh bircə dəfə də olsun aliment borcundan ödəməmişdir. Bir müddət sonra yəni 10.02.2021-ci il tarixdə iddiaçının keçmiş həyat yoldaşı vəfat etmişdir və o Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Uşaqlar məktəblidir, günügündən böyüyürlər, ehtiyacları və tələbatları artır. Belə ki, qanunvericilikdə qeyd olunduğu kimi dövlət tərəfindən ailə başçısını itirilməsinə görə 18 yaşına çatmayan uşaqların saxlanılması üçün müavinət təyin olunur. Həmin müavinət uşaqların ehtiyac və tələbatlarını ödəmək məqsədi ilə hər ay hər uşaq üçün 80 manat məbləğində ödənilir. Həmin müavinətin uşaqlara təyin etmək üçün mərhum X2 ölüm haqqında şəhadətnaməsi vacib sənədlərdəndir. Ölüm şəhadətnaməsi də ölüm haqqında tibbi həkim şəhadətnaməsi əsasında verilir. Həmin tibbi şəhadətnamə iddiaçının keçmiş yoldaşının anası, yəni cavabdehdə olduğuna görə ölüm haqqında şəhadətnaməni alması mümkün olmamışdır. Dəfələrlə cavabdehə həmin sənədi iddiaçıya verilməsi üçün müraciət etsə də, o həmin sənədi verməkdən imtina vermişdir, hətta verməyəcəyi ilə bağlı hədə-qorxu da gəlmişdir. Bu halda dövlət tərəfindən nəzərdə tutulan müvainəti düzəltmək mümkün olmur. Ona görə də iddiaçı qızı məcbur qalaraq cavabdehdən yəni uşaqlarının nənəsi olaraq aliment tələb edir. Çünki uşaqların saxlanılmasında maddi olaraq çox əziyyət çəkir, onların ehtiyac və tələbatlarını təkbaşına ödəyə bilmir. Qanunvericilikdə də qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün valideynlərndən aliment ala bilmədikdə nənədən və babadan məhkəmə qaydasında maddi yardım tələb edə bilər. Hesab edir ki, cavabdeh nənə olaraq nəvələrinə maddi yardım göstərməli, onların maddi tələbatlarını ödəməsində yaxından iştirak etməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh uşaqların nənəsidir. O nə uşaqlara müavinət düzəltmək üçün oğlunun ölüm haqqında şəhadətnaməsini iddiaçıya vermir, nə də uşaqların saxlanılmasına maddi cəhətdən köməklik etmir. Bu səbəbdən qızı məhkəməyə müraciət etmişdir. Onda olan məlumata görə cavabdeh pensiya almır və heç yerdə işləmir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 08.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, İddiaçı və cavabdeh X6 arasında 19.02.2015-ci ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 15.11.2008-ci il təvəllüldlü X4 və 07.08.2011-cı il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, 15.11.2008-ci il təvəllüldlü X4 və 07.08.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 01.04.2019-cu il tarixindən hesablanması, 10 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 İddiaçı xeyrinə tutulması, 10 manat dövlət rüsumunun X1 tutularaq dövlət büdcəsınə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 499345 və 499344 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə İddiaçı birgə nikahından 15.11.2008-ci il təvəllüdlü X4 və 07.08.2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış ölüm haqqında akt qeydinin surətindən görünür ki, X6 10.02.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X6 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 15.11.2008-ci il təvəllüdlü X4 və 07.08.2011-ci il təvəllüdlü X9 adlı iki övladları doğulmuşdur. Sonradan onların nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuş, uşaqların iddiaçının himayəsinə verilməklə, onların saxlanılması üçün X1 aliment tutulması qət edilmişdir. X6 10.02.2021-ci il tarixdə ölmüşdür. Hal-hazırda İddiaçı uşaqların saxlanılması üçün onların nənəsi olan cavabdehdən aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 93-cü maddəsinə əsasən bu Məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər (93.1). Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir (93.2). Uşaq hüquqlarını müdafıə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvafıq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Göründüyü kimi baba və nənənin nəvələrini saxlamaq vəzifəsini tənzimləyən Ailə Məcəlləsinin 89-cu maddəsində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan nəvələrin saxlanmaq üçün buna zəruri vəsaitə malik baba və nənədən aliment almaq hüququna malikdirlər. Hazırki işdə isə cavabdehin nəvələrini saxlamaq üçün zəruri vəsaitə malik olması iş materiallarından görünmür. Əksinə iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin işləmədiyini, eyni zamanda əmək pensiyası almadığını bildirmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, o, məhkəməyə cavabdehin nəvələrini saxlamaq üçün zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5583/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5583/2021
30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver