Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-562/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “uşaqları ilə ünsiyyətdə olmasına qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “uşaqları ilə ünsiyyətdə olmasına qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X5 ilə Cavabdeh1 ünsiyyət olmasına və onun evində qalmasına cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh2 Rafi qızı arasında xx.xx.2009-cu il tarixdə nikah qeydə alınmış, nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan nikah ləğv olunmuş, uşaqların analarının yanında qalması və ondan alimentin tutulması qət edilmişdir. Cavabdeh2 ilə nikah ləğv olunandan sonra, onun uşaqları ilə görüşüb ünsiyyət saxlamaq, onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək qəti olaraq imkan vermir, artıq bir neçə ildir ki, uşaqları ondan gizlədir, onların atası Cavabdeh1 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, qurd dərəsi yaşayış sahəsində yerləşən evdə gizli saxladır. Onların nikahları ləğv olunmamışdan əvvəl, 2010-cu ilin mart ayında Cavabdeh1 övladı Dəmirov Namiqlə münasibətdə özünün bioloji atası olmasından şübhələnərək ondan və qızı Cavabdeh2 xahiş etmişdir ki, onun Dəmirov Namiqlə münasibətdə bioloji atalığın müəyyən edilməsi üçün tibbi müəssisələrin birində genetik-laborotor yoxlamasının keçirilməsində köməklik göstərsinlər və belə bir genetik analiz Bakı şəhərində Diamet tibbi müəssisəsində keçirilmiş və nəticəsini özü əldə etmişdir. Həmin yoxlama keçirilən ərəfədə Cavabdeh2 atasının hərəkətlərindən ona şikayət edərək bildirmişdir ki, atası onların ailəsini biabır edir, o, Dəmirov Namiqin bioloji atasıdır, əslində isə Cavabdeh1 onun yəni, qızı Cavabdeh2 bioloji atası deyildir lakin, bunu Cavabdeh1 bilmir. Əgər Cavabdeh2 dedikləri həqiqətdirsə və hazırda onun öz valideynlik hüquqlarından sui-istifadə edib uşaqları atalarına qarşı düşmənçilik ruhunda böyütməsi, onların ataları ilə ünsiyyətdə olmasına qəti olaraq imkan verməməsi halında, onun övladlarının yad bir insanın tərbiyə və təhsili ilə məşğul olması, onun yanında saxlanılması uşaqlara zərərli təsir göstərə biləcək əməllərdir. Bu isə qəbul olunmazdır. Belə bir vəziyyətdə, bu məsələ dəqiq ancaq məhkəmə-genetik ekspertizasının keçirilməsi ilə müəyyən edilə bilər. Əgər Cavabdeh2 dedikləri ekspertiza rəyi ilə təsdiq olunsa, uşaqlarının yad bir insanın yanında qalması və onunla ünsiyyətdə olmasına qadağa qoyulmalıdır. Hesab edir ki, yetkinlik yaşına çatmamış uşaqlarını mənfi təsirdən qorumaq məqsədi ilə, onların mənafelərini nəzərə alaraq Cavabdeh1 Cavabdeh2 münasibətdə bioloji atalığın müəyyən edilməsi üçün genetik laborotor yoxlama keçirilməsi zəruridir. Sonuncu keçirilmiş məhkəmə baxış iclasıda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Ekspertizanın keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ekspertizanın hansı rəy verməsindən asılı olmayaraq ekspertizanın keçirilməsi ilə əlaqədar xərclər onun tərəfindən ödəniləcəkdir. Ekspert qarşısında Cavabdeh1 Cavabdeh2 bioloji atası olub-olmadığı sualının qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh2 birgə yaşayış dövründə bildirmişdir ki, Cavabdeh1 onun atası deyildir. Anası uşaqları öz atasına vermir. Lakin digər şəxslərə verir. Aliment ödənilməsində bir problem yoxdur. Uşaqların alınması ilə bağlı iddia tələbi qaldırılmışdır. Həmin iddia tələbi təmin edilməmişdir. Qarşı tərəf məhkəməyə gəlmir. İddia tələbinə baxılması üçün ekspertizanın keçirilməsi zəruridir. İddia tələbini müdafiə edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3844/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 171/2023 saylı işi üzrə 01 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/6-0347 nömrəli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmişlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqlar ilə ünsiyyətdə olma hüququna qadağan qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-171/2023 saylı işi üzrə 01 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 qarşı «valideynlik hüquqlarından məhrum etmə və uşaqların alınıb atanın himayəsinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üzərində valideynlik hüquqlarından məhrum edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 cavabdehlərdən alınıb atası, İddiaçı himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı «valideyinlik hüququndan məhrum etmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuş xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə ilk iddia tələbinin rədd edilməsi, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh2 aid edilməsi qət edilmişdir. İş materiallarında olan “Diamed” Tibb Mərkəzinə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ünvanlanmış müraciətdən görünür ki, zərurət yarandığından 2010-cu ilin mart ayında Cavabdeh1 “Diamed” Tibb Mərkəzinə müraciətinin və aparılmış genetik laborator yoxlamasının nəticəsinin surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin müraciətə cavab olaraq göndərilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" Tibb Şirkətinin məlumatından görünür ki, “əhalinin sağlamlığının qorunması haqqında qanuna” əsasən, vətəndaşların tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Həkim sirrini təşkil edən məlumatların verilməsi, yalnız həmin şəxsin razılığı ilə mümkündür. Onlar tərəfindən təqdim edilmiş etibarnamə İddiaçı tərəfindən verilmiş, lakin o, Cavabdeh1 barəsində məlumatın verilməsini xahiş etmişdir. Onun Cavabdeh1 adından müraciət etmək və onun barəsində məlumat tələb etmək hüququ olmadığından ona hər-hansı məlumatın verilməsi qanunvericiliklə qadağandır. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi - iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1 və 50.2-ci maddələrinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqlarına dair» BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Yohansen Norveçə qarşı» iş üzrə 07 avqust 1996-cı il tarixli qərarında da analoji mövqedən çıxış edərək göstərmişdir ki, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində hüquqi dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarına əsasən uşaqlardan ayrı yaşayan valideynlərə uqaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdır ki, uşaqla olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 2-ci bəndində isə deyilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid edib. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən, işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Göründüyü kimi İddiaçı və Cavabdeh2 birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5265/2018 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Həmin qətnamə ilə uşaqlar ananın himayəsinə verilmişdir. Hal-hazırda iddiaçı uşaqları ilə ünsiyyətdə olmasına qadağa qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək uşaqlarının Cavabdeh1 ilə ünsiyyətdə olmasına qadağa qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən dəlillər, yəni uşaqların mənafeyinə zidd olan hallar sübut olunmayaraq, ünsiyyətdə olmasına qadağa qoyulmasını tələb etdiyi dəlillər təsdiq olunmamışdır. Uşaqların mənafeyi nəzərə alınmaqla, hazırki halda məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə Ailə Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarını, məhkəmə qətnaməsini əsas götürərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “uşaqları ilə ünsiyyətdə olmasına qadağa qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, uşaqların mənafeyi nəzərə alınmaqla, həmçinin hazırki münasibət davam edən xarakterli olmaqla, uşaqlarla sonrakı mərhələdə valideyn olaraq ünsiyyətinə təsir göstərən hallar yarandıqda məhkəmə müdafiəsindən istifadə etmək imkanın olması istisna edilmir. Məhkəmə vəsatətə münasibət bildirərək, qeyd edir ki, hal-hazırki halda ekspertizanın keçirilməsi mövcud iddia tələbi ilə bağlı olmayaraq, mübahisənin hansı hissəsinə təsir göstərəcəyini müəyyən etmir. Bundan əlavə genetik-ekspertizanın keçirilməsi nəticəsində əldə edilə biləcək nəticələrdən (atası olması və yaxud olmaması) sonra uşaqları ilə ünsiyyətinə Cavabdeh1 qadağa qoyulması və bunun sonuncunun hansı hərəkətlərinə (uşaqlara fiziki və yaxud mənəvi ziyan verməsi və yaxud digər hallar) əsasən tələb edilməsi ilə bağlı mötəbər sübutlar məhkəmədə mübahisənin predmeti olmamışdır. Cavabdeh1 Cavabdeh2 atası olmaması ilə nəticələnə bilən ekspertizanın yekun rəyi, yenə eyni qaydada iddia tələbinin təmin edilib və yaxud edilməməsinə təsir etməyəcəkdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “uşaqları ilə ünsiyyətdə olmasına qadağa qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-562/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-562/2024
04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver