Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5632/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Yılmaz oğlunun Cavabdeh qarşı uşağın atasının olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Yılmaz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikası, İzmir şəhəri, Buca rayonu qeydiyyat idarəsi tərəfindən verilmiş 978 №-li doğum haqqında akt qeydində xx.xx.2016-cı il təvəllüdlü X1 atası kimi İddiaçı Yılmaz oğlu kimi yazılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, İddiaçı Yılmaz oğlunun xx.xx.2016-cı il təvəllüdlü X1 atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehin xalasının həyat yoldaşı olmaqla qohumudur və Türkiyə Respublikasında yaşayır. Cavabdeh də əvvəllər Türkiyədə yaşamış, orada qeyri-rəsmi ailə həyatı qurmuş və həmin nikahdan bir qız övladı dünyaya gəlmişdir. Cavabdehin övladı olan vaxt onun qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı ilə münasibətləri pozulmuş və ona görə də uşağa atalıq verilməmişdir. Uşaq doğulandan sonra həm onun xəstəxanada qeydiyyatı üçün, həm peyvəndləri üçün, həm də uşağın anası ilə birgə Azərbaycana gələ bilməsi üçün onun doğum sənədlərində ata adı yazılmalı və o cümlədən ata kimi qeyd edilmiş şəxsin uşağın ölkədən çıxması üçün icazəsinin olması zəruri idi. Cavabdehin çıxılmaz vəziyyətdə olması və ona kömək lazım olduğunu görən iddiaçı sırf yardım etmək niyyəti ilə xx.xx.2016-cı il təvəllüdlü Rafika Eylülə atası kimi öz soyadını və adını vermişdir. Yəni həmin vaxt uşağın atası kimi doğum sənədlərində onun adı qeyd edilməklə Türkiyə Respublikası, İzmir şəhəri, Buca rayon Qeydiyyat idarəsi tərəfindən verilmiş 978 nömrəli doğum haqqmda akt qeydində xx.xx.2016-cı il təvəllüdlü X2 atası kimi X3 qeyd edilmişdir. O cümlədən o, atalığı verməzdən əvvəl cavabdehlə aralarında razılıq olmuşdur ki, Cavabdeh Azərbaycana gələn kimi övladı Rafika Eylulü onun soyadından çıxarması üçün lazımı hərəkətləri edəcək və onun soyadından çıxaracaqdır. Lakin keçən müddət ərzində cavabdeh bununla bağlı heç bir hərəkət etməmişdir. Bundan sonra onların aralarında qohumluq münasibəti soyumuş və münasibətləri pozulmuşdur. Bundan sonra o, cavabdehlə əlaqə kəsildiyinə görə Azərbaycana gəlmiş və televiziyaya çıxmış, Cavabdeh da həmin televiziya proqramına gəlmiş və həmin gün efirdə, canlı yayımda etiraf etmişdir ki, iddiaçı doğru deyir, övladı xx.xx.2016-cı il təvəllüdlü X4 atası əslində Kadir Büyükkahraman deyil, sadəcə uşaq doğulan vaxt sənədləşmə üçün razılaşmışlar. O cümlədən cavabdeh etiraf etmişdir ki, Azərbaycan gələndən sonra iddiaçının soyadından çıxacağını iddiaçıya vəd etmiş, lakin ölkəyə qayıtdıqdan sonra keçən müddət ərzində həm maddi çətinlikdən dolayı, həm də digər səbəblərdən bununla bağlı addım atmamışdır. Hazırda cavabdeh övladını onun soyadından çıxartmağa razıdır və bunun üçün onun özünün müraciət etməsini istəyir və onun tələbini qəbul edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş, mediasiya prosesinin müddəti bitmiş və tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamış, mediasiya prosesinə xitam verilmişdir. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 atasının adı Kadir qeyd olunmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh əvvəllər Türkiyə Respublikasında olan zaman qeyri-rəsmi ailə həyatı qurmuş və həmin nikahdan bir qız övladı dünyaya gəlmişdir. Cavabdehin övladı olan vaxt onun qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı ilə münasibətləri pozulmuş və ona görə də uşağa atalıq verilməmişdir. Uşaq doğulandan sonra həm onun xəstəxanada qeydiyyatı üçün, həm də uşağın anası ilə birgə Azərbaycana gələ bilməsi üçün onun doğum sənədlərində ata adı yazılması və o cümlədən ata kimi qeyd edilmiş şəxsin uşağın ölkədən çıxması üçün icazəsinin olması məqsədilə yardım etmək niyyəti ilə iddiaçı onun uşağın atası kimi doğum sənədlərində qeyd olunmasına razılıq vermişdir. Cavabdeh iddia tələbini qəbul edərək, bildirir ki, xx.xx.2017-ci il təvəllüdlü xx.xx.2016-cı il təvəllüdlü X1 atası iddiaçı deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq belə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 atasının İddiaçı Yılmaz oğlu olmadığı müəyyən edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 atasının İddiaçı Yılmaz oğlu olmadığı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5632/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5632/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver