Məhkəmə qərarları › İş №2(060)-5653/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5653/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5653/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Məhazir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt şəhər İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə «öhdədə olma faktının müəyyən edilməsinə dair» ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Məhazir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt şəhər İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə «öhdədə olma faktının müəyyən edilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun himayəsində və öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəni qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 114.2. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir. Ailə Məcəlləsinrni 136.1-ci maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Eləcə də «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, «məhkəmələrə izah olunur ki, MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olması faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olmasını faktını deyil, ərizəçinin özünün ölən şəxin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunan hüquq normalarının göstərişlərini nəzərə alaraq hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, qərardad ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməli, qardaşı uşaqlarını himayəyə götürmək istəyən iddiaçıya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məhazir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt şəhər İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə «öhdədə olma faktının müəyyən edilməsinə dair» ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar