Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5664/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh övladı 31.08.2015-ci il təvəllüdlü X3 və 10.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının (başqa gəlirlərin) 3/2 hissəsi miqdarında alimentin tutulması və 10.04.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, Cavabdeh övladı 31.08.2015-ci il təvəllüdlü X3 və 10.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının (başqa gəlirlərin) 3/1 hissəsi miqdarında və 10.04.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması 200 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 04.05.2014-cü ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Həmin nikahdan 31.08.2015-ci il təvəllüdlü X5 və 10.04.2021-ci il təvəllüdlü X6 adlı övladları olmuşdur. Hal-hazırda onlar bir birini başa düşmürlər. Cavabdeh ailə başçısı olaraq ailənin maddi durumuna biganə yanaşır. Cavabdeh, üzərinə düşən vəzifələri lazımınca yerinə yetirmir və uşaqların saxlanmasından boyun qaçırır. Cavabdeh Dövlət Vergi orqanında xidmət edir və onun aylıq əmək haqqı 580 manatdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirdi ki, iddia tələbini qismən qəbul edir, birgə nikahdan olan övladı 31.08.2015-ci il təvəllüdlü X3 və 10.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının 3/1 hissəsi miqdarında alimentin tutulmasına razıdır, lakin iddianın 10.04.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğinin tutulması hissəsinə etiraz etdi və 100 manat ödəyə biləcəyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Tacəddinova Səadət Rafiq qızı arasında 04.05.2014cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 744 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Qiyasova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 31.08.2015-ci il təvəllüdlü X5 və 10.04.2021-ci il təvəllüdlü X6 adlı övladı vardır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 24.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 04 aprel 2011-ci il tarixdən dövlət vergi orqanlarında xidmət edir və hal-hazırda 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Aylıq əmək haqqı 580 manat təşkil edir. - Cavabdeh ərizəsindən görünür ki, iddia tələbini qismən qəbul edir və 10.04.2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün 100 manat maddi yardım ödəməyə razıdır Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 04.05.2014-cü rəsmi nikah bağlamış, bu ittifaqdan 31.08.2015-ci il təvəllüdlü X5 və 10.04.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh işləyir və aylıq əmək haqqısı 580 manatdır. İddiaçı işləmir, evdar qadındır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə- qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, qeyd olunan qanunvericiliyin normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia birgə nikahdan olmuş 10.04.2021-ci il təvəllüdlü X1 üçün 3 yaşına çatana kimi 200 manat aliment tələbi hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə işin hallarını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, həmin məbləğin 100 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, 16.06.2021-ci il tarixdən başlayaraq 31.08.2015-ci il təvəllüdlü X3 və 10.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və 10.04.2021-ci il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 100 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.06.2021-ci il tarixdən başlayaraq 31.08.2015-ci il təvəllüdlü X3 və 10.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının üçdə bir hissəsi və 10.04.2021-ci il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 100 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə qətnaməsi dərhal icra olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5664/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5664/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver