Məhkəmə qərarları › İş №2(060)-5677/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5677/2022

09.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5677/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment bocunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2009-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından olan uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti ödədiyi üçün hazırda ondan tələb olunan 37300 manat məbləğində aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1239/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə 17 mart 2009-cu il tarixdən başlayaraq birgə nikahlarından olan uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti tam olaraq ödədiyi üçün hazırda ondan tələb olunan 37300 manat məbləğində aliment borcundan azad olunmağı barədə qətnamə çıxarılmasını qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı var: xx.xx.2001-ci il təvəllüdlü X9 oğlu və xx.xx.2003-cü il təvəllüdlü X5. Sumqayıt şəhər məhkəməsinin 2009-cu il tarixli qətnaməsi ilə 17 mart 2009-cu il tarixdən başlayaraq ondan hər aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və 100 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan uşaqların saxlanması üçün cavabdehə verilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 2010-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və uşaqların analarının yanında qalması müəyyən olumuşdur. 2012-ci ildə onlar barışmışdırlar. Lakin buna baxmayaraq o cavabdehin alimentini ödəyirdi. Hətta pensiya kartını 2013-cü ildə cavabdehə vermişdir və o, hər ay ona məxsus pensiya kartından pulları çıxarmışdır. Bildirir ki, o kartını cavabdehə ilk dəfə verərkən 330 manat pensiya alırdı. Həmin pensiyanın məbləği hər il artırdı. 2013cü ildən 2021-ci ilin yanvar ayı da daxil olmaqla cavabdeh ona məxsus pensiya kartından təxminən 37000-38000 manat məbləğində pul çıxarıb. xx.xx.2019-cu ildə onlar yenidən rəsmi nikaha daxil olmuşdurlar. 2021-ci ildə onların münasibət yenidən pisləşmişdir. 2022ci ildə cavabdeh icra şöbəsinə müraciət edərək, ondan aliment tələb etməyə başlamışdır. İcra məmuru aliment borcunu hesablayaraq 37300 manat müəyyən etmişdir. Onun cavabdehə heç bir aliment borcu yoxdur. Belə ki, onlar barışıb bir yerdə yaşasalar da, o, aliment əvəzi olaraq öz pensiya kartını cavabdehə vermiş və o, alimenti həmin kart vasitəsilə artıqlaması ilə almışdır. Çünki oğlunun 2019-cu ildə, qızının isə 2021-ci ildə 18 yaşı tamam olub. Buna baxmayaraq cavabdeh onun pensiya kartından pulları çıxarmışdır. Bundan əlavə o, öz ailəsinin saxlanması üçün kifayət qədər maddi vəsait xərcləmişdir. Cavabdehi və uşaqlarını 2015-ci ildə Türkiyəyə, 2017-ci ildə Gürcüstana istirahətə aparmışdır. Hazırda cavabdehin ondan 37300 manat məbləğində aliment tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Çünki cavabdehin ondan tələb etdiyi alimenti o, cavabdehə ödəmişdir. Hesab edir ki, o, alimenti ödədiyi üçün həmin pulun, yəni 37300 manatın ödənilməsinden azad olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsdasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2010cu ilin iyun ayında cavabdehlə ayrılmışdır. Daha sonra ona aliment borcunun olması barədə məktub gəlmişdir. 2010-cu ildən etibarən aliment ödəməyə başlamışdır. Ayrıldıqları vaxt–təxminən 2011-ci ilin əvvəlində başqa qadınla tanış olmuş, lakin həmin ilin sonunda artıq əlaqələri kəsilmişdir. 2011-ci ilin sonlarında - təxminən oktyabr, noyabr aylarında cavabdehlə barışmışdır. Qeyd edir ki, o Bakıda kirayə evdə yaşamış, cavabdeh uşaqları ilə birlikdə onun yanına gələrək onunla yaşamağa başlamışdırlar. Qeyd edir ki, o, həmin vaxt pulu cavabdehə əlbəəl vermişdir. Cavabdehlə barışdıqdan sonra 2012-ci ildə Rusiyaya getmişdir. Hətta barışdıqları üçün cavabdehə kompensasiya verməmişdir. 2013cü ilin axırı Rusiyadan qayıtmışdır. Bildirir ki, o, 2012-ci ildən pensiya almağa başlamış və 2012-ci ildə pensiya kartını alanda onu cavabdehə vermişdir, yəni təxminən 2012-ci ilin yanvar ayından pensiya kartı cavabdehdə olmuşdur. Hətta o, Rusiyada olanda da kartı onda olmuşdur. Pensiya kartını cavabdehə verənə qədər də poçt vasitəsilə ödənişlər edilmişdir. Onu da bildirmək istəyir ki, digər övladı üçün alimenti onun əvəzinə anası ödəyir. Artıq 5 aydır ki, maaşından tutulmalar olur. 2012-2013-cü illərdə xaricdə olmuşdur, bu müddət ərzində cavabdeh kartdan pul çıxarılmağa davam etmişdir. Əslində o Rusiyaya getməmişdən əvvəl cavabdehlə barışmışdır, qayıtdıqdan sonra isə birlikdə yaşamağa başlamışlar. 2019-cu ildə qohumlarının iştirakı ilə yenidən nikaha daxil olmuşdur. Onun üçün nikahın olub-olmamasının fərqi olmamışdır, çünki birlikdə yaşayırdılar. Həmin vaxta kimi nikaha təkrar daxil olma barədə söhbət açılmamışdır, lakin cavabdeh istədiyi üçün yenidən nikaha daxil olmuşlar. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər rəsmi qaydada ayrıldıqdan sonra barışıb yenidən birlikdə yaşamağa başlayıblar. Həmin müddət ərzində də iddiaçı tərəfindən aliment ödənilmişdir. Cavabdeh 12 il ərzində alimentin ödənilməməsi barədə İcra İdarəsinə müraciət etməmişdir. Faiq pensiya kartını cavabdehə vermiş və cavabdeh tərəfindən yenidən aliment tələb olunacağını düşünməmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı hal-hazırda övladının təhsil haqqını da ödəyir. Cavabdeh isə hazırda ödənilmiş alimenti yenidən tələb edir. O, icra işi ilə tanış olmuş, iş hazırda Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun icraatındadır. Bildirir ki, icra məmuru aylıq ödənilməli məbləği illər üzrə özü hesablamışdır. Lakin icra məmuru tərəfindən hesablamanın hansı qaydada aparılması onlara aydın deyil. Həmçinin icra işində 500 manat aliment ödənilməsi barədə ərizə var. Lakin həmin ərizənin tarixi və imzası yoxdur, ərizənin cavabdehə aid olub-olmadığı da bilinmir. Bundan başqa o, icra işinin materiallarında İddiaçı barəsində hər hansı bir tədbir həyata keçirildiyini görməmişdir. Cavabdeh İcra İdarəsinə təqdim etdiyi ərizəsində Faiqdən 2009-cu ildən 2021-ci ilə kimi olan müddətdə aliment tutulmasını istəmişdir. Halbuki bunun heç bir əsası yoxdur. Belə ki, iddiaçı uşaqlarına hər zaman baxmış, onlar ailə kimi birlikdə yaşamışdır. İddiaçıya məxsus pensiya kartından edilmiş çıxarışdan görünür ki, həmin hesaba 38156 manat pensiya oturmuşdur. Həmin kart açıldığı vaxtdan iddiaçı onu cavabdehə vermişdir. Bütün bu illər ərzində kart cavabdehdə olmuşdur və kartdan pullar onun tərəfindən çıxarılmışdır. Bunu tərəflər arasında olan whatsapp yazışması da təsdiq edir. Belə ki, orada cavabdeh pensiyanı alıb iddiaçıya xərclədiyini bildirmişdir. Bununla da kartın onda olduğunu təsdiq etmişdir. Bunu bankomatlardan kimin pul çıxarmasını göstərən şəkillər də təsdiq edə bilər. Eyni zamanda məhkəməyə təqdim olunmuş şəkillər də tərəflərin ailə kimi barışıb bir yerdə yaşadıqlarını təsdiq edir. İddiaçı indi də uşaqlarının qayğısına qalır. Oğlu hərbi xidmətdədir, iddiaçı tez-tez gedib oğlunu ziyarət edir, digər övladının təhsil haqqını ödəyir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən ümumiyyətlə heç bir aliment ödənilməmişdir. Tərəflər rəsmi qaydada boşandıqdan sonra bir müddət barışıb bir yerdə yaşasalar da, bu iddiaçının aliment öhdəliyini yerinə yetirdiyini təsdiq etmir. Birlikdə yaşamaq alimentin icra edilməsi demək deyil. Bundan başqa uşağın təhsil haqqının iddiaçı tərəfindən ödənilməsinin hazırki məsələyə heç bir aiddiyatı yoxdur, cavabdeh də ödənişlər edir. Eyni zamanda iddiaçı tərəf pensiya kartının cavabdehdə olduğunu iddia edir. Onlar bunu qətiyyən qəbul etmirlər. Digər tərəfdən iddiaçının qazancı 300 manat olmuşdur. Həmin məbləğ hesabına iddiaçı sonradan ailə qurduğu başqa xanımdan olan övladına da aliment ödəmişdir. Belə olan halda bu qədər məbləğlə ailənin ehtiyaclarının necə qarşılanması sual doğurur. Dəqiq deyə bilməsə də, tərəflər təxminən 2013-cü ilin sonlarında barışmışdır. Belə ki, tərəflər arasında hələ 2012-ci ildə məhkəmə mübahisələri olmuşdur. Bunu məhkəməyə təqdim etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnaməsi də təsdiq edir. Vəkil qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, o, 2009-cu ildən 2011-ci ilə kimi oğlunun əvəzinə aliment ödəmişdir. Hər dəfə ödəniş etdikcə qəbzin bir surətini özündə saxlamış, digər surətini isə icraçıya təqdim etmişdir. İcraçının isə həmin qəbzləri nə etdiyini bilmir. Bu hadisələrdən 15 il keçdiyi üçün hətta icra məmurunun adını da xatırlamır. Həmin qəbzlər hazırda onda deyil. Bunun səbəbi isə oğlunun barışdıqdan sonra həmin qəbzlər keçmişi xatırlatdığı üçün ondan onları məhv etməsini istəməsi ilə əlaqədardır. Bu səbəbdən o qəbzləri atmışdır. Qeyd edir ki, Faiqlə Mahirə təxminən 2011ci ilin sonlarında barışmışdır. Bəlkə də daha tez barışıblar, lakin ona bildirməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilən Əsgərov Eldar İsmayıl oğlu bildirdi ki, həm Mahirə, həm də Faiqlə ayrı-ayrılıqda söhbət etmişdir. Faiq 2012-ci ildə pensiya kartını Mahirəyə verdiyini ona bildirmişdir. Onlar barışdıqdan sonra Faiq 2012-ci ildə Rusiyaya getmiş və orada təxminən 1 il qalmışdır. Bu yaxınlarda tərəflərin münasibətlərinin pozulduğunu biləndə o, Mahirənin yanına getmiş və Mahirəyə Faiqin hətta kartını ona verdiyini bildirmiş, lakin Mahirə bunun heç bir əhəmiyyəti olmadığını və Faiqin alimenti ödəməli olduğunu bildirmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, o, aliment kimi Mahirəyə heç bir ödəniş etməmiş, hərdən pul istəyəndə ona kömək etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan 2(060)-1239/2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli icra vərəqəsindən görünür ki, 17 mart 2009-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2001-ci il təvəllüdlü X9 oğlunun və xx.xx.2003-cü i təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 verilməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 1102/09-29 nömrəli məktubun məzmunundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1239 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən onun tələbkar Cavabdeh Oktay qızına olan 37300,00 manat aliment borcu tərəfindən ödənilməmişdir. Ona borcunun ödənilməsi üçün xx.xx.2022-ci il tarixədək möhlət verildiyi, əks təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə - Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək inzibati həbs və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə maddəsi ilə min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzasının tətbiq oluna biləcəyi bildirilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2012-ci il tarixli 2(015)- 194/2012-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 02 mart 2011-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 107.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə ehtiva etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aliment borcunun silinməsi üçün əsas kimi 3 hala, müvafiq qətnamə ilə aliment kəsildikdən sonra 17 mart 2009-cu il tarixdən 2012-ci ilə kimi alimentin onun tərəfindən ödənilməsinə, 2012-ci ildən ona pensiya təyin edilməsi və həmin pensiya kartının alimentin əvəzinə cavabdehdə olmasına, üçüncüsü isə 2012-ci ildən cavabdehlə barışıb bir ailə kimi birlikdə yaşamasına istinad etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər barışaraq bir ailə kimi birlikdə yaşamağa başlamış, rəsmi nikaha daxil olmuş, onlar birlikdə yaşayarkən uşaqları yetkinlik yaşına çatmış və aralarındakı nikah hal-hazırki tarixədək pozulmamışdır. Məhkəmə hesab edir ki, tərəflərin barışaraq bir ailə kimi birlikdə yaşaması iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapır. Belə ki, bu halı cavabdehin nümayəndəsi də inkar etməmiş, təxminən 2013-cü ilin sonlarından tərəflərin barışdığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki halda tərəflərin birgə yaşaması halı Ailə Məcəlləsinin 107.2-ci maddəsində nəzərdə tutulan üzrlü səbəb kimi nəzərə alınmalıdır. Belə ki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə münasibətlərinin bərpa olunması və onların birgə yaşamaları dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır. Bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən onu da nəzərə alır ki, 2009-cu ildən keçən müddət ərzində cavabdeh məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini tələb etməmişdir. Eyni zamanda məhkəmə cavabdehin bununla bağlı icra idarəsinə müraciət edibetməməsini, iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödətdirilməsi ilə bağlı icra məmuru tərəfindən hər hansı icra tədbirlərinin həyata keçirilib-keçirilmədiyini müəyyən etmək üçün sorğu verməklə icra işini tələb etsə də, icra işi məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Məhkəmə hesab edir ki, tərəflərin barışaraq birlikdə yaşamasının başlanma tarixi xx.xx.2013-cü il kimi qəbul edilməlidir. Belə ki, iddiaçı 2012-ci ildə artıq barışdıqlarını bildirsə də, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, 2012-ci ildə tərəflər arasında hələ də məhkəmə mübahisəsi olmuşdur. Bundan başqa iddiaçı öz bildirdiyinə əsasən 2012-ci ildən 2013-cü ilin noyabr ayının 6-na kimi ölkə xaricində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflərin birgə yaşadıqları müddət üçün yığılmış aliment borcundan, yəni Sumqayıt şəhər məhkəməsinin 2(060)- 1239/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət üçün azad edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin tərəflər birlikdə yaşasa da, bunun iddiaçının aliment öhdəliyini icra etməsi hesab edilməməsi barədə etirazının dəlillərini qəbul etmir. Belə ki, cavabdehin nümayəndəsi məhkəməyə tərəflərin birlikdə yaşadığı müddətdə iddiaçının övladlarının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddiaçının 17 mart 2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək aliment öhdəliklərini icra etməsi, o cümlədən 2012-ci il tarixdən iddiaçıya məxsus pensiya kartının cavabdehdə olması barədə iddia tələbinin əsası kimi istinad etdiyi halları da qəbul etmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə bu halları təsdiq edən hər hansı sübut (ödəniş qəbzi, pul köçürməsi və s.) təqdim edilməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Məhkəmə iclasında dindirilmiş şahidlər iddiaçının valideynləri olduğundan məhkəmə onların iddiaçının həmin dövrlərdə aliment öhdəliyini icra etməsi və pensiya kartının cavabdehdə olması barədə ifadələrini də əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildiyindən iddia qismən təmin edilməli, İddiaçı Sumqayıt şəhər məhkəməsinin 2(060)-1239/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci il) üçün azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı 17 mart 2009-cu il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət üçün yaranmış 37300 manat aliment borcunun silinməsini xahiş etdiyindən, məhkəmənin gəldiyi nəticə iddia tələbi həddindədir. Məhkəmə onu da qeyd edir ki, icra işi məhkəməyə təqdim edilmədiyindən xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci il) üçün yaranmış aliment borcunun dəqiq məbləğinin müəyyən edilməsi məhkəmə icraatı çərçivəsində qeyri-mümkün olduğundan həmin məsələ qətnamənin icrası mərhələsində icra icraatı çərçivəsində öz həllini tapmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi aliment borcunun silindiyi təqvim illərinə görə qismən (təxminən 67 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 202 (152 manat dövlət rüsumu + 50 manat mediasiya xərci) manat dövlət rüsumunun 135 manat hissəsi cavabdehdən alınmalı və iddiaçıya ödənilməli, 67 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhər məhkəməsinin 2(060)-1239/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan xx.xx.2013-cü il tarixdən uşaqlar yetkinlik yaşına çatanadək olan müddət (xx.xx.2021-ci ilədək) üçün azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar