Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5691/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "aliment və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları var: xx.xx.2024-cü il təvəllüdlü X4. Tərəflər ayrı yaşayırlar. Cavabdeh uşağına baxmır, onun saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. İddiaçı birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X2 təkbaşına saxlaya bilmir. Övladını çətinliklə saxlayır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Birgə nikahdan olan xx.xx.2024cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay minimum əmək haqqının 0,80 misli məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Uşaq 9 aylıqdır, uşaq üç yaşına çatana kimi 200 manat maddi yardım tutulub iddiaçıya verilməlidir. Hamiləlik dövründə və uşaq doğulduğu ərəfələrdə iddiaçı 2495 manat pul ödəmişdir. Cavabdeh iddiaçıya heç bir köməklik etməyib. Ona görə də 2495 manat məbləğində pul da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Uşaq doğulduqdan sonra ödənilən 500 manat müavinət pulunu da cavabdeh alıb. Belə ki, həmin pul vəsaiti kartına köçürülüb. Həmin pul vəsaiti də ondan alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay minimum əmək haqqının 0,80 misli məbləğində alimentin tutulub iddiaçıya verilməsi, birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X1 üç yaşı tamam olanadək hər ay 200 manat maddi yardımın tutulub iddiaçıya verilməsi, hamiləlik dövründə və uşaq doğulduğu ərəflərdə müalicə, müayinə və keysəriyyə əməliyyatı üçün ödənilmiş ümumi 2495 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi, birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X1 doğulduğu vaxt ödənilən 500 manat müavinət pulunun cavabdehdən alınıb iddiaçıya verilməsi, həmçinin dövlət rüsumu kimi ödənilmiş 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, hüquqi yardım üçün ödənilmiş 325 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddia tələbinin sadəcə aliment hissəsində, hər ay 246 manat ödənilməklə tutulmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ № 588369 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 25 oktyabr 2023cü il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 1487 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir.
8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 05 dekabr 2024-cü il tarixində verilmiş AZ-İV № 976019 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 noyabr 2024-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01378 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya xərci ödəməkdən azad edilmişdir.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 312 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2024-cü il tarixində "xxxx" MMC klinikasının Qadın Məsləhətxanası şöbəsində qeydiyyata düşmüşdür. Hamiləlik müddətində pasient tərəfindən klinikaya həkim mama-ginekoloq müayinəsi üçün ümumi 60 manat, EKQ müayinəsi üçün ümumi 20 manat, Labarator analiz müayinəsi üçün ümumi 820 manat, hamiləliyin USM müayinəsi üçün ümumi 265 manat və xx.xx.2024-cü il tarixində keysəriyyə əməliyyatı üçün 1330 manat ödəniş edilmişdir.
11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı aşbaz vəzifəsində çalışır və aylıq maaşı isə 400 manatdır.
12. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh satıcı vəzifəsində çalışır və aylıq maaşı isə 400 manatdır.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt Regional Vəkil Bürosuna (Nümayəndə1 hesabına) 325 manat məbləğində ödəniş etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 25 oktyabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment, maddi yardım, müavinət və xəstəxana xərcinin tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay minimum əmək haqqının 0,80 misli məbləğində alimentin tutulub iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
20. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
21. “Azərbaycan Respublikasında 2025-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
22. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
23. Belə ki, 2025-ci ildə minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.
24. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində (400 x 0,62= 248 manat) sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
26. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.
27. Həmçinin, iddianın “xx.xx.2024-cü il təvəllüdlü X1 üç yaşı tamam olanadək hər ay 200 manat maddi yardımın tutulub iddiaçıya verilməsi” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
28. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
29. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.
30. İş materiallarından göründüyü kimi tərəflər arasındakı nikah pozulmamışdır.
31. Məhkəmə iddia tələbinin “hamiləlik dövründə və uşaq doğulduğu ərəfələrdə müalicə, müayinə və keysəriyyə əməliyyatı üçün ödənilmiş ümumi 2495 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
32. Belə ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
33. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
34. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
35. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər.
36. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" MMC klinikasının Qadın Məsləhətxanası şöbəsində qeydiyyata düşmüşdür. Hamiləlik müddətində pasient tərəfindən klinikaya həkim mamaginekoloq müayinəsi üçün ümumi 60 manat, EKQ müayinəsi üçün ümumi 20 manat, Labarator analiz müayinəsi üçün ümumi 820 manat, hamiləliyin USM müayinəsi üçün ümumi 265 manat və xx.xx.2024-cü il tarixində keysəriyyə əməliyyatı üçün 1330 manat ödəniş edilmişdir.
37. Məhkəmə qeyd edir ki, iddiaçı əlavə çəkilən xərclərin hamısını cavabdehdən tələb etsə də, müayinə və uşağın doğulması zamanı çəkilmiş xərc hər iki valideyn tərəfindən qarşılanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən əlavə xərc kimi müayinə və uşağın doğulması zamanı iddiaçı tərəfindən çəkildiyi sübut edilmiş xərcin yarısı olan 1247,50 manat məbləğində pul tutulması işin hallarına daha uyğundur.
38. Məhkəmə iddia tələbinin “uşaq doğularkən dövlət tərəfindən ödənilən 500 manat müavinətin anaya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olması, yəni həmin pulun məhz cavabdeh tərəfindən alınmasına və xərclənməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir.
39. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
40. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
41. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
42. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
43. Həmçinin, qanunvericilik məhz yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünməzliyini və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilməsini müəyyən etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq üzərində hər iki valideynin bərabər hüquq və vəzifələri müəyyən edildiyindən uşağın doğumu ilə əlaqədar ödənilən müavinət tərəflərin birgə gəlirlərinə aid edilməlidir.
44. Məhkəmə iddia tələbinin “325 manat hüquqi yardım xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
45. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.
47. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 325 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 1247,5 (bir min iki yüz qırx yeddi manat, əlli qəpik) manat əlavə xərcin əvəzi tutularaq İddiaçı verilməli, Cavabdeh 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım üçün ödənilmiş xərcin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 1247,5 (bir min iki yüz qırx yeddi manat, əlli qəpik) manat əlavə xərcin əvəzi tutularaq İddiaçı verilsin. Cavabdeh 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım üçün ödənilmiş xərcin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva