Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5702/2020 19.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü Əhmədova Ömür Rahib qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildən 2019-ci ilin fevral ayının 10-na kimi cavabdehlə faktiki ailə münasibətlərində olmuşdur. Bu münasibətdən xx.xx.2019-cu il təvəllüdlü Əhmədova Ömür Rahib qızı anadan olmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən cavabdeh xx.xx.2019-cu il tarixdə uşağın atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 652 nömrəsi ilə qeyd olunmuşdur. Münasibətlərinə müdaxilə olunduğu üçün rəsmi nikahları baş tutmamışdır. Bundan sonra aralarında gərginlik yarandığı üçün faktiki ər-arvad münasibətləri itmişdir. Cavabdeh onu və uşağını tərk edib getmişdir. Hazırda azyaşlı uşağı ilə valideynlərinin himayəsində yaşayır, heç bir yerdə işləmir. Uşağın ehtiyacını qarşılaya bilmir, cavabdeh uşağı ilə maraqlanmır və heç bir maddi yardım göstərmir. Hər dəfə bəhanələr gətirərək maddi yardım göstərməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı 381826 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş İddiaçı doğulmuş Nadirova Ömür Rahib qızının atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 652 nömrəli akt qeydi ilə qeyd edilmişdir. AZ-İV seriyalı 383084 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Əhmədova Ömür Rahib qızı xx.xx.2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbi həddində müəyyən edilməli, xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlüƏhmədova Ömür Rahib qızının yetkinlik yaşına çatanadək saxlanılmasıüçün hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Əhmədova Ömür Rahib qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5702/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5702/2020
19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver