Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5702/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı «bağ evinə istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı «bağ evinə istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evinə istifadə hüququnun tanınması və həmin bağ evinə dair Cavabdeh1 ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun həyat yoldaşıdır. xx.xx.2014-cü ildə onunla rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan övladları vardır. Cavabdehlə birgə nikah dövründə Sumqayıt şəhəri, Corat bağlar ərazisində 2323 saylı bağ evini almış və hal-hazırki vaxtadək həmin evdə yaşayır. Həmin ünvana Sumqayıt Şəhər İcra Şöbəsindən hazırda daxil olmuş bildirişi aldıqda ona məlum olmuşdur ki, cavabdeh olan həyat yoldaşı 25 fevral 2020-ci il tarixdə yaşadıqları bağ evini banka girov qoyaraq kredit götürmüş və həmin kredit götürülərkən onun xəbəri olmamış, razılığı da alınmamışdır. Halbuki bu əmlak cavabdehin adına olsa da onların birgə nikah dövründə əldə etdikləri əmlakdır və cavabdeh yalnız onun razılığı əsasında həmin əmlak üzərində sərəncam verə bilərdi. Cavabdehin həmin krediti götürməsindən və hansı məqsədlərə sərf etməsindən də onun xəbəri yoxdur. Bu səbəbdən də belə hesab edir ki, ipoteka müqaviləsi bağlanarkən və əmlak yüklü edilərkən onun mülkiyyət hüquqları və həmin ev üzərində olan istifadə hüquqları pozulmuş və buna görə də əqd etibarsız hesab olunmalıdır. 22 sentyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Hazırda yaşadığı ev əri, yəni cavabdeh tərəfindən banka qoyulmuşdur. Bu barədə son vaxtlar xəbəri olmuşdur. Ona heç bir məlumat verilməmişdir. Cavabdeh maklerdir. O, tez-tez ev alıb-satır və onunla rəsmi nikahda olduğuna görə ev satanda o getmiş və imza etmişdir. 12 sot torpaq olmuşdur. Onun girov qoyulması ilə bağlı Amrahbanka getmişdir. O həmin məhkəmədə iştirak etməmişdir. Yoldaşı həmin qətnamədən şikayət vermişdir. Nikah pozulmamış, lakin münasibətləri pozulmuşdur. Onun o evdə əziyyətləri var. Evin tikilməsi üçün banklardan pul götürmüş, özü ödəmişdir. Evin 350.000 manat qiyməti var, lakin 100.000 manat qiymətləndirirlər. Cavabdeh onun ikinci nikahıdır. Onunla 2013-cü ildə nikah bağlamışlar. Evi ailə qurandan sonra tikmişlər. Bu yaxınlarda bilmişdir ki, əmlak hərraca çıxmış, ondan sonra xəbəri olmuşdur. Dediyinə görə 62.000 manat götürmüş, 12.000 manat ödəmiş, o da silinməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, işi ilə əlaqəli olaraq Nazirlikdə olmağın vacibliyi səbəbi ilə məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Bundan sonra isə yaxın ailə üzvlərinin səhhəti ilə əlaqədar olaraq rayonda olmalıdırlar. Bu səbəbdən məhkəmə prosessinin növbəti tarixə, yəni 2024-cü ilin yanvar ayına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesabetmişdir. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, iş süni şəkildə uzadılır. Onların iddia tələbi üzrə çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra sənədi verilmişdir. İcra sənədi icra olunmuş və icra sənədi faktiki olaraq ipoteka predmeti olan bağ evi onlar tərəfindən hərracda alıcı olmadan təklif olunmuşdur. Həmin əmlakı isə onlar əldə etmişlər. Çıxarış isə bankın adınadır. Hesab edir ki, iddiaçı süni şəkildə prosessi uzatmaq istəyir. Ondan əvvəlki nümayəndə isə kifayət qədər sübutları məhkəməyə təqdim etmiş və izahat vermişdir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Şikayət verilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra mərhələsində məlum olmuşdur ki, birinci instansiya məhkəməsinin çıxardığı məhkəmə qətnaməsindən səkkiz, doqquz ay sonra şikayət verildiyi üçün qətnamə artıq qanuni qüvvəsini almışdır. Apellyasiya Kollegiyasının üzvlərindən biri Zaur Məmmədov işə baxmış və humanizm nöqteyi nəzərdən müddət bərpa olunmuş və apellyasiya şikayətinə baxılmışdır. Faktiki olaraq şikayətə baxılan zaman artıq hərrac yekunlaşmış və iş qanuni qüvvəsini almışdır. Hazırki iddiaçı üçüncü şəxs qismində işə cəlb olunması ilə bağlı vəsatət vermiş, lakin təmin olunmamışdır. Razılıq ərizəsi də faktiki olaraq məhkəməyə təqdim olunmuşdur. Dəqiq demək olar ki, tərəfin kifayət qədər məlumatı olmuşdur. Bir daha qeyd edir ki, ilkin ipoteka qoyulan zaman razılığını bildirmişdir. Tutma yönəldildiyi təqdirdə əmlakı qeyd-şərtsiz bir ay müddətində tərk etməsi barədə də notarial qaydada öhdəlik götürmüşdür. Məhkəmə də həmin öhdəliyi nəzərə almış, ipotekaya tutma yönəlmiş, iddia tələbi isə təmin olunmuşdur. Hazırki iddia tələbi isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən iddiaçıdan vicdansızcasına əsassız iddia verdiyi üçün dövlət nəfinə müəyyən miqdarda cərimə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəsatəti təmin olunmamış, ondan isə şikayət verilməmişdir. O iş yekunlaşdıqdan sonra isə faktiki olaraq hazırki iddia tələbi ilə müraciət olunmuşdur. Eyni zamanda hal-hazırki iş üzrə digər cavabdeh Nərimanov Rayon Məhkəməsinə hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı müraciət etmiş və təmin olunmamışdır. Faktiki olaraq isə üç məhkəmədə bu prosess getmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - Ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 187 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evində yaşayır. - Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 186 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2323 saylı bağ evində yaşayır. - Azərbaycan Respublikası Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 avqust 2014-cü il tarixli, AZ-İ seriyalı, 979945 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin avqust ayının 27-ci günündə 809 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sevdimov, arvada isə İsmayılova soyadı verilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-287/2022 nömrəli qətnaməsinin “tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 3A nömrəli torpaq sahəsinə yönəldilməsi”nə dair hissədə ləğv edilməsi, iddia tələbinin “tutmanın Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəldilməsi”nə dair hissədə təmin edilməməsi, qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, 012- 7242532TK250220-01 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh1 48 ay müddətinə illik 23 faiz dərcəsi olmaqla 74900 manat məbləğində kredit vermişdir. - Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, AB-22/***-*******TK250220 saylı müraciətdən görünür ki, ünvan 3 ünvanında yerləşən ipoteka predmeti olan əmlak Cavabdeh1 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti “Azadlıq” filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 banka olan bütün kredit və faiz borcları tam ödənilmişdir. Ona görə də, yuxarıda göstərilən ünvanda yerləşən Cavabdeh1 məxsus torpaq sahəsinin yüklülükdən azad edilməsini xahiş etmişdir. - Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323C nömrəli bağ evi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, əsas borc üzrə 63952,76 manat, faiz borcu üzrə 16588,63 manat olmaqla, cəmi 80541 (səksən min beş yüz qırx bir) manat 39 (otuz doqquz) qəpik məbləğində pul, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 80 manat rüsum Cavabdeh1 tutularaq iddiaçı Cavabdeh2 X4 Cəmiyyətinə ödənilməli, tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinə və ünvan 3A nömrəli torpaq sahəsinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, onların satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 Cavabdeh2 ASC-yə olan borcu ödənilməli, bağ evi və torpaq sahəsinin satışlarından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 tutularaq Cavabdeh2 ASC-yə ödənilməli, Cavabdeh2 ASC-yə olan borc ödənildikdən sonra bağ evi və torpaq sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalı, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinin ilkin satış qiyməti 100000 (yüz min) manat, ünvan 3A nömrəli torpaq sahəsinin ilkin satış qiyməti isə 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırkı qətnamə Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinə tutma yönəldildikdən və bağ evi satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. - Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev). 2(060)-287/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs qismində cəlb edilmə barədə vəsatət təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2084/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-287/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. - İddiaçı tərəfindən ünvanlanmış **********076 nömrəli ərizədən görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin və onun üzərində yerləşən bağ evinin Cavabdeh2 ASC-yə sonrakı ipotekaya (girov) qoyulmasında razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsi ilə əmlakın iki ay müddətinə açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının razılığı olduğundan (**********076 nömrəli ərizəyə əsasən) yəni, torpaq sahəsinin və onun üzərində yerləşən bağ evinin Cavabdeh2 ASC-yə sonrakı ipotekaya (girov) qoyulmasına razı olduğundan və ondan doğan nəticələri yəni borc öhdəliyinin yerinə yetirilməyəcəyi təqdirdə, bununla əlaqədar əmlaka tutma yöndəldilərsə hər hansı şərtsiz həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirdiyindən həmin hissədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın girov və ya ipotekaya qoyulması mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir. Buna görə də, Mülki Məcəllənin 271.1ci maddəsində əşyanı girov qoyanın yalnız onun mülkiyyətçisi ola biləcəyi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun vədigər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «İpoteka haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Göründüyü kimi, ipoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətənəsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İkinci tərəf – ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir və ona kreditor da deyilir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarınamalik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olur, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə, kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. Eyni zamanda qeyd edilməlidir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı servitutlar, girov və əmlakdan istifadə hüquqları da əmlak hüquqlarına aid edilmişdir. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, onlar mülkiyyətçi olmayan şəxslərə də məxsus ola bilər. Belə halda həmin hüquqlar başqa şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Belə ki, Mülki Məcəllənin 288-ci maddəsinə əsasən girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər. İpoteka müqaviləsinin bağlanması zamanı sərəncam hüququnun həyata keçirilməsi «İpoteka haqqında» Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olması tələb edilir. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (Mülki Məcəllənin 222.2-ci maddəsi). Belə ki, ümumi mülkiyyətdə olan əmlaka bütün mülkiyyətçilər birlikdə sahiblik edir və onun barəsində sərəncam verirlər. «İpoteka haqqında» Qanunun 8.2-ci maddəsinə əsasən isə ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (Mülki Məcəllənin 215.4 və 215.5-ci maddələri). Girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətci tərəfindən digər şəxslərin razılıqlarının alınması tələbi mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququ baxımından təhlil olunmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onunbağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradəvə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərininvə digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Qeyd olunanlara uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllədə və «İpoteka haqqında» Qanunda normativ qaydada tələb olunmasa da, ipoteka qoyan onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərini və digər şəxsləri yaşayış evinin və ya mənzilin ipoteka qoyulduğu barədə məlumatlandırmalı, həmçinin ipoteka müqaviləsinin bağlanması zamanı həmin şəxslər barədə notariusa məlumat verməlidir. Müraciət edən «İpoteka haqqında» Qanunun 59-cu maddəsinə istinad edərək ipoteka müqaviləsinin bağlanması zamanı həmin əmlakdan istifadə hüququ olan şəxslərin razılığının alınmamasının ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas olubolmamasının müəyyən edilməsini xahiş etmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 271.1-ci maddəsində əşyanın kim tərəfindən girov (ipoteka) qoyulması müəyyən edilir. Mülki Məcəllənin 271.1-ci maddəsindən fərqli olaraq, «İpoteka haqqında» Qanunun 59-cu maddəsi ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi qaydalarını tənzimləyir. «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı ipotekaqoyanın ailə üzvüdür, mənzildə sadəcə olaraq qeydiyyatdadır. Qanunverici yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı mənzildən istifadə hüququnun yaranması əsaslarından fərqləndirir və iddiaçının mənzildə qeydiyyatda olması eyni zamanda həmin mənzildən istifadə hüququnun olması anlamına gəlmir. İddiaçı qeyd olunan mənzildən istifadə hüququnun olması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı «bağ evinə istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı «istifadə hüququnun tanınması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5702/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5702/2023
11.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver