Məhkəmə qərarları › İş №2(103)-2030/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2030/2021

24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2030/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, X2 Rövşən qızının və Rüstəmzadə Cəfərsadıq Rövşən oğlunun qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 və Cəfərsadıq Rüstəmzadənin qanuni nümayəndəsi Nümayəndə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, dairəvi küçəsi, 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Nümayəndə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, dairəvi küçəsi, 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzil adı ilə başqasının mülkiyyətində olan mənzili ələ keçirməklə əssasız varlanmağa çalışır. Məhkəmə tərəfindən isə heç bir araşdırılma aparılmadan iddiaçının təqdim etdiyi qətnamələr əsasında iddia təmin edilmişdir. Halbuki, mübahisəli mənzilin həqiqətən mövcud olub-olmaması, məhz hansı mənzil olması və ya kimə məxsus olması aydınlaşdırılmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X3 və Cəfərsadıq Rüstəmzadənin qanuni nümayəndəsi Nümayəndə cavabdeh Şakir Hüseynova qarşı “mənzillərin təhvil verilməsi” haqqında və üçüncü şəxs Cavabdeh1 cavabdehlər Rövşən Rüstəmovun hüquqi varisi Nübar Rüstəmova və Şakir Hüseynova qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiaları təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X3 və Cəfərsadıq Rüstəmzadənin qanuni nümayəndəsi Nümayəndə apelyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dairəvi küçəsi, 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh Şakir Hüseynov tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə, Şakir Hüseynov və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh2 (hazırkı iş üzrə cavabdeh) və digərləri ərizə ilə Azərbaycan Rspublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının yuxarıda sadalanan mənzillərin mülkiyyətçiləri kimi onların maraqlarına toxunduğunu bildirmiş, qeyd olunan məhkəmə aktlarının ləğv edilməsini, mülki işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə təqdimat verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə isə müraciət təmin edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dairəvi küçəsi, 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilin iddiaçılara təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi movcuddur. Odur ki, həmin hal tərəflər üçün preyidusial olduğuna görə Kollegiya, eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə olan halda, Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçılar qanuni qüvvəsini almış məhkəmə aktı ilə onlara təhvil verilmiş həmin mənzillə bağlı cavabdehlər tərəfindən yaradılmış müxtəlif maneələrin (təmir işlərinin aparılmasına, qaz və su xətlərinin çəkilməsinə) aradan qaldırılması tələblərini irəli sürməkdə haqlıdırlar. Belə ki, həmin tələblər mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.4-cü maddəsinə söykənir. Həmin maddəyə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.2-ci və 158.4-cü maddələrinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Baxılan işdə mübahisəli mənzilin iddiaçılara məxsus olmaqla cavabdehlər tərəfindən onlara mənzillə bağlı müxtəlif maneələrin (təmir işlərinin aparılmasına, qaz və su xətlərinin çəkilməsinə) məhdudiyyətlər yaradılaraq iddiaçının əmlak hüquqlarının həyata keçirilməsinə maneçilik yaradılması işin mübahisəsiz hallarıdır. Göründüyü kimi, Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh1, baxılan iş üzrə mübahisəli mənzilin əslində iddiaçılara təhvil verilmiş 69 saylı mənzil deyil, başqasının mülkiyyətində olan digər mənzil olduğunu bildirsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, nəzər alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016-cı il tarixli qərarları). Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2761/2020 saylı iş üzrə xx xxxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar