Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5729/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 30.08.2011-ci il təvəllüdlü X3 və 10.01.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan ailə münasibətləri kəskinləşdiyi üçün cavabdeh ona və uşaqlarına heç bir köməklik göstərməmiş, heç vaxt övladlarının vəziyyəti ilə maraqlanmamış, ona könüllü olaraq heç bir maddi yardım göstərməmişdir. Cavabdeh kifayət qədər pul qazandığı üçün o, hesab etmişdir ki, cavabdeh özü könüllü şəkildə uşağına maddi yardım göstərəcək. Lakin o, bu müddət ərzində heç bir zaman uşağına maddi yardım göstərməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh övladları 30.08.2011-ci il təvəllüdlü X3 və 10.01.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehlə rəsmi nikahlarının olmadığını, 2 övladlarının dünyaya gəldiyini, keçən ilin mart ayından ayrı yaşadıqlarını, cavabdehin fərdi şəkildə tikintidə dizayn işləri ilə məşğul olaraq normal qazancının olduğunu, uşaqları ilə görüşdüyünü, uşaqları üçün 3 aydır ki, pul vermədiyini, yalnız keçən ay 700 manat pul verdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X3 30.08.2011-ci il tarixində, X4 10.01.2019-cu il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anaları isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşaqların saxlanması üçün 200 manat olmaqla, ümumilikdə 400 manat tələb etməsinə baxmayaraq, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 30.08.2011-ci il təvəllüdlü X1 və 10.01.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 17 iyun 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17.06.2021-ci il tarixindən etibarən 30.08.2011-ci il təvəllüdlü X1 və 10.01.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5729/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5729/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver