Məhkəmə qərarları › İş №2(060)-5807/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5807/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5807/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 104 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mkr, ərazisində yerləşən 500 kv.m ibarət olan torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsinin arasında alqı-satqı müqaviləsinin xx xxxxxx 2004-cü ildən bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, xx xxxxxx 2004-cü ildə X4sinə müraciət edərək Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində fərdi ev tikintisi üçün torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. X1 xx xxxxxx 2004-cü il tarixli 104 saylı Qərarı ilə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2004-cü il tarixli 02/23 nömrəli rəyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kv.m-dən ibarət torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün mülkiyyətinə ayrılmışıdr. Torpaq sahəsinin mülkiyyətinə ayrılması ilə bağlı bələdiyyə xəzinəsinə xx xxxxxx 2004-cü il tarixdə tərəfimdən 1.500.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra bələdiyyə möhürü ilə təsdiq edilmiş aktla sahə ona təhvil verilmişdir. Lakin, torpaq sahəsinin əldə edilməsi üçün özünə aid hərəkətləri etsə də ondan asılı olmayan səbəblərdən bələdiyyə orqanı onunla alqı-satqı müqaviləsi bağlamamışdır. Alqı-satqı aktının zəruriliyi nə bələdiyyə, nə də torpaq şöbəsi tərəfindən ona bildirilməmişdir. Sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmadığından, onun üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmur. Məhkəməyə müraciət edərək mövcud müqavilənin bağlanılması və çıxarış alınması mümkündür. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 tərəfindən verilən imtina məktubundan da görünür ki, müvafiq torpaq sahəsi ilə bağlı alqı-atqı müqaviləsi bağlanmamışdır. Ona görə hüquqların dövlət qeydiyyatına alınması qeyri-mümkündür. Digər qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmadığından hüququn məhkəmə qaydasında təsdiq edilməsinə dair müraciət etmək zərurəti yaranıb. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: X4 Şurasının xx xxxxxx 2004-cü il tarixli qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq, şəhər bələdiyyəsi torpaq komissiyasının xx xxxxxx 2004-cü il tarixli, 3 saylı protokoluna əsaslanaraq Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kv. m-dən ibarət torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2004-cü il tarixli, 02/23 saylı rəyindən görünür ki, X1 20-ci mikrorayon ərazisində fərdi ev tikmək üçün baş plan əsasında İddiaçı torpaq sahəsinin ayrılması barədə müraciətinə baxılmış, Sumqayıt şəhər şöbəsinin mütəxəssisi tərəfindən 20-ci mikrorayon ərazisində baş plan əsasında ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün sahəyə baxış keçirilmişdir. Ərazinin cizgi planı hazırlanmışdır. Torpaq sahəsi İİİ qiymət zonasında yerləşir və ölçüsü 500 m2-dir. Sumqayıt şəhərinin Baş planına əsasən fərdi ev tikmək üçün 20-ci mkr ərazisindən İddiaçı 500m2 torpaq sahəsinin alqı-satqı qaydasında rəsmiləşdirilməsinə Sumqayıt şəhər şöbəsi etiraz etmir. Torpaq sahəsinin ayrılması barədə müvafiq qərar verildikdən sonra vətəndaş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə alaraq Dövlət Torpaq Kadastrında və Dövlət Torpaq Reyestrində qeydiyyatdan keçməlidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə toxunulmazlığına dövlət təminat vermir. CZX seriyalı 114376 saylı kassa məxarix orderinin surətindən görünür ki, İddiaçı torpağın altı-satqısı ilə bağlı Sumqayıt Bələdiyyəsinə xx.xx.2004-cü il tarixdə həmin dövrün ekvivalenti ilə 1.500.000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3 xx xxxxxxx 2020-ci il tarixli №**********66 saylı məktubundan görünür ki, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmadığına, eləcə də alqı-satqı aktı tərtib edilmədiyinə görə Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kv. m-dən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya müraciəti əsasında X4ti tərəfindən torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin əldə edilməsi üçün cavabdeh tərəfindən ödəniş edilmiş, lakin tərəflər arasında torpağın alqı-satqısına dair akt tərtib edilməmiş, həmin sənədlər olmadığı üçün mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. İddiaçı iddianın əsası kimi, müqavilənin bağlanması üçün müəyyən məbləğdə ödəniş etməsini, lakin ondan asılı olmayan səbəblərdən alqı-satqı müqaviləsinin bağlanmadığını göstərərək cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, hüquqi əsası olmadığından iddia təmin edilə bilməz. Belə ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Müqavilə azadlığını nəzərdə tutan MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-nin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə şərh olunan hüquq normalarına istinadən hesab edir ki, müqavilə azadlığı prinisipinə əsasən tərəflər müqavilənin şərtləri barədə razılaşmaqla qanunvericiliyinə zidd olmayan müqavilə bağlaya bilərlər və şəxs müqavilə bağlanmasına məcbur edilə bilməz. Odur ki, işin hallarına hüquq normalarına əsasən qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur və mülki qanunvericiliyin müqavilə azadlığı ilə bağlı ümumi prinsiplərinə zidd olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar