Məhkəmə qərarları › İş №2(060)-588/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-588/2022

04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-588/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə 04 may 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, 09.12.2013-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması və yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 may 2012-ci il tarixdə rəsmi nikah qeyd ilə ailə qurmuşdur. Birgə nikahdan bir yetkinlik yaşma çatmayan övladı — 09.12.2013-cü il təvəllüdlü X2 var. Onların nikah münasibətləri artıq faktiki olaraq kəsilmişdir, tamamilə formal xarakter daşıyır. Cavabdehlə ayrı yaşayırlar. Ailə münasibətlərinin bərpası mümkün deyil. Odur ki, kağız üzərində qalmış nikahın pozulması, uşağın himayəsində qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, verilmiş üç ay müddətdə tərəflər barışmamışlar, iddianı müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ilkin izahatında göstərdi ki, iddia tələbini qəbul etmir, nikahın pozulmasına razı deyil, ailəsinin dağılmasını istəmir. Hesab edir ki, ailə münasibətlərinin bərpa edilməsi mümkündür. Həmçinin bildirdi ki, iddiaçı nikahın pozulmasında israrlı olduğu halda o, uşağın iddiaçının yanında saxlanılmasına etiraz edir. Uşaq hazırda məktəbdə təhsil alır, uşağın onun yanında qalması uşağın mənafeyinə uyğundur, hazırda da onunla qalır, iddiaçının yaşadığı yerdə məktəb yoxdur, uşağın həmin yaşayış yerindən məktəbə gedib-gəlməsi çətinlik yaradacaq. Odur ki, uşağın anasının yanında qalmasına razı deyil. Cavabdeh daha sonra izahat verərək bildirdi ki, verilmiş üç ay müddətdə iddiaçı ilə barışmamışlar, nikahın pozulmasına və uşağın ananın yanında qalmasına etirazı yoxdur. lakin aliment tələbini qəbul etmir. O, uşağın tələbatını özü ödəyir, bu baxımdan həm də alimentin tutulması əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 07.09.2021-ci il tarixli, 05/Q-1694/69 saylı nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 04.05.2012-ci il tarixdə 434 nömrəli akt qeydi ilə nikah bağlanmışdır AZ-İİİ seriyalı, 231552 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 09.12.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 10 noyabr 2021-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 04.05.2012-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Hazırda tərəflər ər-arvad münasibətlərini faktiki olaraq kəsmişlər, nikah formal xarakter daşıyır. Məhkəmə tərəfindən verilmiş müddətdə tərəflər barışmamışlar, iddiaçı nikahın pozulmasında təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2, 19, 20.1, 20.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, verilmiş müddət ərzində tərəflər barışmadıqlarından və iddiaçı nikahın pozulmasında təkid etdiyindən Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 04.05.2012-ci il tarixdə 434 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsidir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 93 saylı, 11 aprel 2022-ci il tarixli rəyindən görünür ki, 09.12.2013-cü il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq Sumqayıt şəhər İH-nin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini sübut növü kimi qəbul edir. Məhkəmə, uşağın yaşını, bu yaşda ana qayğısına daha çox ehtiyac duymasını, uşağın ananın yanında qalmasına maneə olan halların müəyyən edilmədiyini, habelə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, boşanmadan sonra birgə nikahdan olan uşaq ananın yanında qalmalıdır. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağının müəyyən edilməsidir. 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin əmlak vəziyyətləri, habelə uşağın qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ və hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı qanunun göstərişi nəzərə alınmaqla iddia tələbi həcmində müəyyən edilməli, 29 noyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh 09.12.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 04.05.2012-ci il tarixdə 434 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Boşanmadan sonra birgə nikahdan olan 09.12.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalsın. 29 noyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh 09.12.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar