Məhkəmə qərarları › İş №2(060)-5895/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5895/2024

17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5895/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, mediasiya üçün ödənilmiş 50 manat rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı 2017-ci il tarixində nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11789/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər Nikah edində bağlanmış nikah pozulması, xx.xx.2008-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 Əfsanə Aydın qızının yanında qalınması, nikahın pozulması ilə əlaqədar X2 15 manat dövlət rüsumunun alınması qət olunmuşdur. Məhkəmə qətnamə qət edərkən, uşaqların saxlanılması üçün aliment miqdarını müəyyən etməmişdir. Cavabdeh könüllü surətdə aliment ödəməsinə baxmayaraq hazırda alimentin miqdarı ilə bağlı aralarında narazılıq olduğuna görə aliment miqdarının rəsmiləşdirilməsinə zərurət vardır. Bununla bağlı mediasiya şurasına müraciət etsə də, cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. Ona görə də cavabdehdən məcburi qaydada alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə 7 ildir ki, ayrılıblar. Uşaqların saxlanması üçün rəsmi qaydada aliment müəyyən edilməyib. Cavabdeh hər zaman özünün müəyyən etdiyi məbləğdə aliment ödəyib. Uşaqların təhsil xərcləri çoxdur. Cavabdeh yüksək maaş almasına baxmayaraq heç vaxt o pulu ailəsinə xərcləməyib. Alimentlə bağlı aralarında mübahisə yarandığı üçün məsələnin rəsmi qaydada məhkəmə yolu ilə həll edilməsini istəyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, iş yerinə belə bir iddia gəlməsini istəmir. Ona görə də iddiaçı ilə alimentlə bağlı razılığa gəlməyi təklif etmişdir, lakin iddiaçı razılaşmamışdır. Bundan başqa o, alimentin sabit pul məbləğində tutulmasını istəyir. Hazırda vergi tutulduqdan sonra təxminən 4900 manat maaş alır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ-İİ 246214 saylı və AZİİİ 661237 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsiknin 2(060)-11789/20174 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər Nikah edində bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 İddiaçı yanında qalınması qət olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində təşkilati hissə müdiri vəzifəsində işləyir və 5699 manat əmək haqqı alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, cavabdehin daimi qazancı olduğundan, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (50+10) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin yarısı olan 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancı və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar