Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5896/2025 09.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızının Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə (açar sözlər: aliment tələbi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, X2, iddiaçı Xankişiyeva(Tağıyeva) Səbinə Həmid qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə iddiaçı Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızının Cavabdeh qarşı aliment tələbinə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş 26 fevral 2013-cü il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat məbləğində olmaqla, ümumilikdə 500 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından 26 fevral 2013-cü il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Hazırda uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşağın saxlanması üçün hər hansı bir maddi yardım etməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bildirmək istəyir ki, aralarındakı nikah rəsmi qaydada pozulmamışdır. Ayrı yaşamaqlarına baxmayaraq övladına görə boşanmaq barədə iddia qaldırmaq istəmir. Lakin yuxarıda da qeyd etdiyi kimi cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir.
b) iddia tələbinə qarşı etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçı Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 2013-cü il və 2016-cı il təvəllüdlü övladları dünyaya gəlmişdir. Tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar. Tərəflər faktiki olaraq ayrıldıqlarından bu yana cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. Uşaqlar faktiki olaraq ananın himayəsindədir. Hesab edir ki, iddia tam əsaslıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, ailə qanunvericiliyinə əsasən uşaqları saxlamaq hər iki valideynin üzərinə düşür. Bu baxımdan hesab edir ki, uşağın saxlanılmasında ata ilə yanaşı, ana da iştirak etməlidir. İddiaçı hazırda işləyir. Cavabdeh isə işləmir. Cavabdehin səhhətində ciddi problemlər var. Əmək qabiliyyətsiz olmasa da, səhhəti ona ancaq sürücü köməkçisi kimi işləməyə imkan verir. Əslində cavabdehin anası da uşağı saxlamaqda köməklik göstərir. Uşaq elə nənəsinə meyillidir. Qərar qəbul edilərkən cavabdehin maddi vəziyyətinin və səhhətinin nəzərə alınmasını xahiş etdi.
6. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını, qərar qəbul edilərkən səhhətində olan problemlə əlaqədar işləmədiyinin nəzərə alınmasını xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları
7. AZ-İ seriyalı, 735753 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızı və Cavabdeh arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə Sumqayıt nikah evində 146 saylı akt qeydilə rəsmiləşdirilmişdir.
8. AZ-İİİ seriyalı, 795665 nömrəli və AZ-İİİ seriyalı 065531 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 26 fevral 2013-cü il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və kargüzarlıq xidməti üçün 10 manat Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızı tərəfindən ödənilmişdir.
b) tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
11. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
13 “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı: “8.1. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.”
14. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…
1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.
c) məhkəmənin mövqeyi
18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 26 fevral 2013-cü il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasında nikah məhkəmə qaydasında hazırda pozulmamışdır. İddiaçı cavabdehin uşağın maddi cəhətdən saxlanılması üçün ona könüllü yardım etməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.
21. Belə ki, tələblə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nikah pozulmasa da, cavabdeh uşağın tələbatını ödəmir və hazırda uşaqlar iddiaçının himayəsindədir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
22. Uşaqlara görə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatla cavabdehin rəsmi iş yerinin olduğu müəyyən edilmir.
23. Məhkəmə qeyd edilənlərə əsasən bu qənaətə gəlir ki, hər uşaq üçün hər ay 220 manat məbləğdə alimentin tutulması uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur.
24. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
25. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0.55 misli həddində müəyyən edilməlidir.
26. Məhkəmə, həmçinin, qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)-293/2025 nömrəli qərardadı ilə xx.xx.2025-ci il tarixdən başlayaraq mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək Cavabdeh 26 fevral 2013-cü il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutularaq Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızına ödənilməsi qərara alınmışdır. Qərardad dərhal icra edilmişdir.
27. Hazırda alimentə dair mübahisə məhkəmədə həll olduğundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)-293/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulması dayandırılmalıdır.
28. Beləliklə, işin faktiki və hüquqi əsasları baxımdan qiymətləndirmə aparan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq 26 fevral 2013-cü il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
Nəticə hissəsi:
29. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 09 oktyabr 2025-ci il tarixdən başlayaraq 26 fevral 2013-cü il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Xankişiyeva (Tağıyeva) Səbinə Həmid qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Sumqayıt Şəhər Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)- 293/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulması dayandırılsın. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva