Məhkəmə qərarları › İş №2(060)-595/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-595/2022

22.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-595/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan 29.10.2014-cü il təvəllüdlü X2 və 07.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24.01.2014-cü ildə cavabdehlə Sumqayıt şəhər Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 29.10.2014-cü il təvəllüdlü X2 və 07.05.2016-cı il təvəllüdlü X3 adlı uşaqları andan olmuşdur. Cavabdeh 19.12.2019-cu il tarixindən evdən işləmək adı ilə çıxaraq Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Telefon əlaqəsi zamanı orada tikintidə işlədiyini və normal əmək haqqı aldığını bildirmişdir. Hər dəfə uşaqlara maddi köməklik edilməsini vəd etsə də, lakin uşaqların saxlanmaları üçün heç bir maddi kömək göstərməmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. İddiaçının heç bir yerdən gəliri yoxdur. Uşaqlar onun qohumlarının etdikləri maddi köməklik sayəsində yaşayırlar. Bu da uşaqların təlabatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar. Ona görə də məsrəfləri yetərincə artmışdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, onların maddi təlabatlarını da ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Sumqayıt Şəhər Məhkəməsinin 25.01.2022-ci il tarixli qərardadı ilə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən məhkəmə ərizəni baxılmamış saxlamışdır. İddiaçının 26.01.2022-ci ildə məhkəməyə daxil olmuş ərizəsinə əsasən icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdehlə uzun müddətdir ki, əlaqəsi yoxdur. Cavabdeh Dağıstanda fəhlə işləyir və ailəsi ilə maraqlanmır. O, halhazırda heç bir yerdə işləmir və bu səbəbdən uşaqları maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Qeyd olunanlar əsasında iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1983-cü ildə, Lerik rayonu, Qələsgər kəndində anadan olmuşdur. O, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X2 29.10.2014-cü ildə, X3 07.05.2016-cı ildə anadan olmuşlar. Uşaqların anası İddiaçı, atası isə Cavabdehdur. Nikah haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasında nikah 24.01.2014-cü tarixində, Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmışdır, nikah bağlandıqdan sonra ərə Şahverdiyev, arvada isə Şahverdiyeva soyadları verilmişdir. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideynlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa, onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşaqların yetkin yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 manat alimentin tutulmasını xahiş etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin təmin edilməsi üçün cavabdehin zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 145 manat olmaqla, cəmi 290 manat aliment tutulmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı məhkəməyə 29.11.2021-ci il tarixində müraciət etmişdir. Lakin tərəflər məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmışdır. Sonradan iddiaçının ərizəsi əsasında iddianın baxılmamış saxlanması barədə qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. Həmin ərizə məhkəməyə 26.01.2022-ci il tarixində daxil olduğundan alimentin tutulması da həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29.10.2014-cü il təvəllüdlü X2 və 07.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 145 (yüz qırx beş) manat olmaqla, ümumilikdə 290 (iki yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 26.01.2022-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar