Məhkəmə qərarları › İş №2(060)-601/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-601/2023

29.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-601/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X14 "X13" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X14 "X13" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adında olan çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X14 "X13" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adında olan çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “X13” ASCnin Sumqayıt filialı ilə bağlanmış 02 mart 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 02 may 2012-ci il tarixdə kredit müqaviləsinə edilən 1 saylı əlavəyə əsasən ona kredit xətti daxilində 4000 manat, 05 iyun 2012-ci il tarixdə isə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ona məxsus və 40000 manat dəyərində qiymətləndirilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2012-ci ilin sentyabr ayına kimi öhdəliklərini vaxtında icra etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyinə görə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ondan 02 mart 2012-ci il tarıxli, 9615 saylı kredit müqaviləsi üzrə 17613 manat məbləğində əsas kredit borcu, 2480 manat 2 məbləğində faiz borcu, 750 manat məbləğində cərimə borcu, ümumilikdə isə 20843 manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına “X13” ASC-nin Sumqayıt filialına olan borcunun qaytarılması qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsini alandan sonra apellyasiya şikayəti müddətinin bərpa olunması ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etdiyindən müddət bərpa olunmuşdur. Bundan sonra apellyasıya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2013cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə şikayətləri təmin edilməmişdir. Məhkəmə qətnaməsinin nəticəsini bilmək üçün 2015-ci ilin sonunda Sumqayıt Şəhər Məhkəməsində olmuş, şifahi olaraq ona bildirilmişlər ki, qətnamə icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Ona görə də Abşeron rayon İcra şöbəsinə müraciət etmişdir. Həmin şöbə tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli cavab məktubunda göstərilir ki, ondan “X13” ASCnin xeyrinə 20863 manat məbləğində pul vəsaitinin tutulmasına, tələbin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsinə, torpaq sahəsinin açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsi xx.xx.2013-cü il tarixdə şöbənin icraatına daxil olmuş, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və Daşınmaz əmlakların satış mərkəzi”nə sifariş verilmiş, əmlak 6375 manat məbləğində satıldığı üçün xx.xx.2014-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. “Daşınar və Daşınmaz Əmlakların satış mərkəzi”nin əmlakının qiymətləndirilməsi hesabatının ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixdə həmin təşkilata rəsmi ərizə ilə müraciət etmiş və ona xx.xx.2018-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, 454 saylı, xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadından göründüyü kimi, məhkəmə mübahisələri davam etdiyi və qətnamə qanuni qüvvəyə minmədiyi halda, qanunsuz olaraq Abşeron rayon İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsi icra olunmuş və şəxsi mülkiyyəti olan 0,10 ha torpaq sahəsi qanunsuz yolla ucuz qiymətə alıcı qismində banka satılmışdır. Beləliklə, keçirilmiş hərraclar və torpaq sahəsinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi “İcra haqqında” qanuna ziddir. Belə ki, “İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 17.1.7-ci maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Bu halda, apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahəsi mülkiyyətindən çıxmışdır. Bundan sonra, “Daşınar və Daşınmaz Əmlakların Satışı X16” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Abşeron rayon İcra şöbəsinin ona göndərdiyi xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və Daşınmaz Əmlakların Satış Mərkəzi”nə sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün xx.xx.2014-cü il tarıxdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Ona məxsus olan Saray qəsəbəsindəki 0,10 ha torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətini bilməkdən ötrü Sumqayıt evlərin alqı-satqısı və kirayə verilməsi mərkəzinə müraciət etmiş, həmin mərkəz tərəfindən verilmiş arayışda Saray qəsəbəsi ərazisindəki ona məxsus və eyni zamanda ona yaxın ərazilərdə torpaq sahəsinin hər sotunun 2013-cü ildə bazar qiymətinin 4000- 4500 manat civarında, hazırki vəziyyətdə isə hər sotunun bazar qiymətinin 4000-5000 manat civarında olması göstərilmişdir. Ona torpağının hərraca qoyulub satılması bildirilməmiş, torpağın qiymətləndirmə prosesində iştirakı təmin olunmamışdır. Qiymətləndirmə prosesində yalnız iddiaçı tərəfin maraqları təmin edilmişdir. Torpaq hərraca qoyulub satılırsa, əvvəlcə torpağı almaq ona təklif olunmalı, imtina etdiyi halda, digər şəxsə satılmalı idi. 40000- 45000 manat dəyərində olan torpaq sahəsinin qiyməti ucuz-10000 manat müəyyən edilmişdir. Eyni zamanda, ipoteka saxlayan “X13” açıq səhmdar cəmiyyəti ilə aralarında 02 mart 2012-ci il tarixdə bağlanmış 766 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndində onun ipotekaya qoyduğu 0,10 ha torpaq sahəsi bank tərəfindən 40000 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarı ilə cavabdeh təşkilat xx.xx.2014-cü ildə hərrac keçirmişdir. Hərracın nəticəsi kimi onun mülkiyyəti olan torpaq sahəsi 14/01 saylı, xx.xx.2014-cü il tarixli protokol ilə 6375 manata “X13” açıq səhmdar cəmiyyətinə satılmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 17 fevral 2014-cü il tarixdə Daşınar və Daşınmaz əmlakların satışı X16nə müraciət edərək hal-hazırda bankla məhkəmə mübahisəsinin davam etməsi barədə məlumat vermiş, bu məktubu Hərrac mərkəzində xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli, 13/57 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinə aid icra sənədi üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi məhkəmə araşdırmalarının predmeti olduğu zaman icraya yönəlmiş, tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsi təkrar hərracda satılmadığı üçün, 10.000 manat ilkin satış qiymətindən 25 % aşağı olmaqla 20 fevral 2014-cü il tarixli, 14/01 saylı protokolla tələbkar banka təklif edilmiş, bankla elə həmin tarixli alqı-satqı müqaviləsi əsasında bank borcun qismən əvəzi kimi 6375 manat dəyər hesabı ilə torpaq sahəsini qəbul etmişdir. 02 mart 2012-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ipoteka qoyularkən bank tərəfindən 40.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013- cü il tarixli hesabatından görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi tələblə təklifın qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 10000 manat təşkil edir. Əmlak Ekspert Mərkəzi MMC-nin 09 iyun 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixinə bazar dəyəri nəzərə alınmaqla ilkin satış qiyməti 45000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin orta bazar qiyməti 44000 manat, likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Bundan başqa ipoteka predmetinin ilkin satış qiyməti ilə qiymətləndiricinin hesabatı arasında kəskin uyğunsuzluq olmuş, bu uyğunsuzluğun aradan qaldırılması üçün, digər qiymətləndiricinin rəyi alınmalı olduğu halda alınmamışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın, “Daşınar və Daşınmaz Əmlakların Satışı X16” MMC-nin keçirdiyi hərracın nəticələrinin 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolunun, bankla alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X16" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və X13 ASC ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda X13 ASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov) hazırki iş üzrə Abşeron rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə, X14 “X13” açıq səhmdar cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X16” məhdud məsuliyyətli cəmiyyətinə, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi tələbinə dair mülki iş üzrə iddiası təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi) İ.Xələfov və Ə.Şadıyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, hərracın keçirilmə vaxtına və iş üzrə çıxarılmış məhkəmə aktlarının tarixindən aydın olur ki, hərrac qanuni qüvvəyə minməmiş məhkəmə aktı əsasında keçirilmişdir. Belə ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini aldıqdan sonra ondan apellyasiya şikayəti vermiş, sonradan işə apellyasiya və kassasiya qaydasında baxılmışdır. İcra icraatı üzrə tələbkar olan hazırkı iş üzrə cavabdeh hərracın keçirildiyi vaxtda həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirilmiş və qətnamə qanuni qüvvəsini almamışdır. ”İcra haqqında” qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin qanunun 17.1.4-cü maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Bu halda, apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin icraat dayanmamış və nəticədə məhkəmənin yekun nəticəsini gözləmədən torpaq sahəsi mülkiyyətindən çıxmışdır. Bundan sonra, “Daşınar və Daşınmaz Əmlakların Satışı X16” tərəfindən hərrac keçirilmiş, lakin hərracda torpaq sahəsi satılmamışdır. Torpağın qiymətləndirmə prosesində və hərracın keçirilməsində iştirakı təmin olunmamış, mülkiyyətində olan 0,10 ha torpaq sahəsi dəyərindən bir neçə dəfə ucuz olmaqla 10000 manat dəyərində qiymətləndirilmişdir. Abşeron rayon İcra şöbəsinin ona göndərdiyi xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, torpaq sahəsi mütəxəssis tərəfindən 10000 manat dəyərində qiymətləndirilərək, satış üçün “Daşınar və Daşınmaz Əmlakın Satış Mərkəzi”nə sifariş verilmiş əmlak 6375 manat dəyərində satıldığı üçün xx.xx.2014- cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. İddianı təmin etməyən Apellyasiya İnstansiya Məhkəməsi hərrac barədə iddiaçıya məlumat verilməsinə əsaslansa da, nəzərə almamışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi mübahisələndirildiyindən və qətnamə qüvvəsini almadan hərrac keçirilə bilməzdi və bu faydalar pozulmaqla keçirilmiş hərracın nəticələri qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mk-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Əmlak məsələləri üzrə Dövlət Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinin 4 saylı Abşeron ərazi idarəsində torpağın Cavabdeh1 adına verilməsi barədə çıxarışın və buna dair sənədlərin götürülüb məhkəməyə təqdim edilməsi barədə 3 dəfə həmin idarəyə vəkil sorğuları göndərilsə də, sənədlərin göndərilməsi təmin olunmamışdır. Ona görə də iş üçün mühüm əhəmiyyət kəsb edən-torpaq sahəsinin Cavabdeh1 adına özgəninkiləşdirilməsi barədə çıxarış məhkəmənin qərardadına əsasən götürülməsi zərurəti yaranmışdır. Sumqayıt Asan Xidmət mərkəzinin notariat kontoru tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,10 ha torpaq sahəsi X17 ASC tərəfindən 14200 manata Cavabdeh1 satılmışdır. Notariat kontoru tərəfindən təqdim olunmuş Seriya RX ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın sürətindən görünür ki, həmin torpaq sahəsi Əmlak məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsində X17 ASC-nin adına mülkiyyət kimi qeydə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Asan Xidmət mərkəzində notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh1 torpaqdan çıxarılması, mülki ida qaldırmağına görə ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Sumqayıt Asan Xidmət mərkəzində notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh1 torpaqdan çıxarılması, mülki ida qaldırmağına görə ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X14 "X13" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir.Eyni predmet barəsində məhkəmə qətnaməsi mövcud olduğuna görə qeyd edilən əsaslarla iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə lazımi qaydada məlumat verilmişdir. Lakin Cavabdeh1, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddəsinin tələbinə əsasən mülki işə Cavabdeh1, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013cü il tarixli qətnaməsinin icrası üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X16" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və X13 ASC ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda X13 ASC-nin adına DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov) hazırki iş üzrə Abşeron rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Abşeron rayon İcra və Probasiya şöbəsinə, X14 “X13” açıq səhmdar cəmiyyətinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X16” məhdud məsuliyyətli cəmiyyətinə, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi tələbinə dair mülki iş üzrə iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsində "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın da etibarsız hesab edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatını ləğv etmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi) T.Quliyev və G.Tağızadə) apelyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlərdən ekspertiza xərci 250 (iki yüz əlli) AZN məbləğində pulun tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25 NABZ**********000047944, KOD: 505594, SWİFT GUNAAZ22), köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Regional ASAN XİDMƏT məkrəzində Notariat ofisinin 12 aprel 2021-ci il tarixli, 981 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Sumqayıt Asan Xidmət Mərkəzi notariat ofisində xx.xx.2015-ci il tarixli, 4Ə- 90 reyestr ilə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sürəti göndərilmişdir. 10 yanvar 2015-ci il tarixli, ******* seriyalı, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini onlara göstərilən hissəni alıcının mülkiyyətinə verir. X13 ASC 0.1 ha torpaq sahəsini alıcı Cavabdeh1 verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında 0.10 ha sahəni xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay hüququ əsasında qeydiyyata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs X17 ASC Abşeron rayonu, Saray qəsəbəsi torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında 0.10 ha sahəni xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay hüququ əsasında qeydiyyata almışdır. Cavabdeh1 tərəfindən Sumqayıt ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X3 ünvanlanmış ərizədən görünür ki, X13 ASC-yə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin onlara məxsus hissədən alıcı Cavabdeh1 14200 manat qiymətə satılması barədə razılığa gəlmişlər. C.M.Qasımov 10 yanvar 2015-ci il tarixli, 61 nömrəli Muğan Bank ASC ASAN ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 14200 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan X7 verilməsi üçün bankınızda olan **********03763AZM37 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-1171/2023 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsinə dair sənədlərin təsdiq edilmiş sürətləri göndərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışdan görünür ki, torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu, Saray qəsəbəsi ünvanında **********78 reyestr nömrəsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışdan görünür ki, torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu, Saray qəsəbəsi ünvanında **********78 reyestr nömrəsi ilə X13 ASC-nin adına rəsmiləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 noyabr 2013-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsinə dair sənədlərin təsdiq edilmiş sürətləri göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında 0.10 ha sahəni xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay hüququ əsasında qeydiyyata almışdır. xx.xx.2014-cü ildə hərrac keçirilmişdir. Hərracın nəticəsi kimi onun mülkiyyəti olan torpaq sahəsi 14/01 saylı, xx.xx.2014-cü il tarixli protokol ilə 6375 manata “X13” açıq səhmdar cəmiyyətinə satılmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ******* nömrəli torpaq alqı-satqısı müqaviləsindən görünür ki,satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 1231 nömrəli arayışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaqdan 0.10 ha torpağı alıcının mülkiyyətinə verir. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, Reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında satıcıya məxsusdur. Müqavilə bağlananadək torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcı torpaq sahəsini 10000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs X1 rayonu, Saray qəsəbəsi torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında 0.10 ha sahəni xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ əsasında qeydiyyata almışdır. Abşeron rayonu Saray Bələdiyyəsi 02 oktyabr 2008-ci il tarixdə cavab olaraq bildirmişdir ki, Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 39 saylı sərəncamına əsasən vətəndaş X2 Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün verilmiş sahədən fərdi ev tikintisi üçün ayrılmış 0.10 ha hektar torpaq sahəsinin qəsəbə daxilində boş, istifadəyə yararsız olan sahələrdən olduğunu nəzərə alaraq Saray bələdiyyəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 39 saylı sərəncamına əsasən vətəndaş X2 Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün verilmiş sahədən fərdi ev tikintisi üçün ayrılmış 0.10 ha hektar torpaq sahəsi qanunamüvafiqdir və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. X13 ASC ərizə ilə müraciət edərək, LPO “X13” ASC-yə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırki iddiaçı eyni tələbi ilə (əqdin etibarsız hesab edilməsi, onu əsasında verilmiş çıxarışın ləğv edilməsi) bundan əvvəldə Abşeron Rayon məhkəməsində iddia qaldırmış və iddia təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikasi Ali Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən belə qənaətə gəlməlidir ki, İddiaçı tərəfindən irəli sürülən iddia tələbinin əsaslandırılması üçün mübahisəli torpaq sahəsinə X14 “X13” ASCnin hüquq müəyyənedici sənədinin təqdim edilməməsi onun həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Belə ki, xx.xx.2015-ci il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,10 ha torpaq sahəsi “X13” ASC tərəfindən Cavabdeh1 satılmışdır. Belə olan halda İddiaçı LPO “X13” ASC-yə qarşı hər hansı tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh LPO “X13” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı əqdin etibarsız hesab edilməsi, onu əsasında verilmiş çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin mülki işin icraatına xitam verilməsi ilə bağlı ərizəsinə qiymət verərək qeyd olunmasını zəruri hesab edir ki, hazırki mübahisə eyni tərəflər arasında olan mübahisə predmetindən getmədiyindən, qanunvericiliklə işin icraatına xitam verilməsi üçün hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Belə ki, əqdin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adında olan çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının əqdin etibarsızlığını, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etməklə, (vicdanlı alıcı) cavabdeh qismində Cavabdeh1 əqdin etibarsızlığına dəlalət edən hansı hərəkətlərə yön verdiyini əsaslandıra bilməmişdir. Bundan əlavə iş materiallarında olan apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərkən "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 454 saylı hesabatın da etibarsız hesab edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 07 avqust 2013-cü il tarixli, 454 saylı hesabatını ləğv etmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozması halı müəyyən edilmişdir. Buna görə də, məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Məhkəmənin iddianın təmin edilməməsi qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.1-390.3-cü maddəsi). Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (MM 337.1-337.3) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (MM 339.1-339.2) Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. (MM 339.5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 4.1-ci və 14.1-ci maddələri). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X14 "X13" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh1 torpaqdan çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 217.4, 218.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X14 "X13" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna, üçüncü şəxslər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh1 torpaqdan çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar