Məhkəmə qərarları › İş №2(106)-145/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-145/2025

22.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-145/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavbadeh Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə, Q Ə T N A M Ə S İ Açar sözlər : torpaq sahəsindən çıxarılma. Şirvan şəhəri, 22 yanvar 2026-cı il X38 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Cavbadeh Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki iş barədə Cəlilabad Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(073)-980/2023 saylı qətnaməsindən (hakim Q.Paşayev) Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil Fariz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavbadehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı xx.xx.2012-ci il tarixli, AN İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh2 zəbt etmiş torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin naturada ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən 7.4371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə ona (iddiaçıya) və ailə üzvlərinə Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisindən 7.44 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-0021 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinin 3 hektarı cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən torpaq sahəsinin qaytarılamasını tələb etsə də, cavabdeh həmin torpaq sahəsini onun (iddiaçının) atasından aldığını bildirmiş və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Həmin alqısatqı müqaviləsindən onun və digər mülkiyyətçilərin məlumatı olmamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman nə onun, nə də digər mülkiyyətçilərin iştirakları təmin edilməmişdir. Həmin alqı-satqı müqaviləsi qanunsuz olaraq bağlanmışdır. Buna görə də, həmin alqı-satqı müqaviləsi əsasında cavabdehin adına mülkiyyət hüququna dair çıxarış verilməmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinə dair mülkiyyətçilərin adına xx.xx.2023-cü il tarixdə DƏDRX tərəfindən çıxarış verilmişdir. Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsindən könüllü şəkildə çıxmadığına görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavbadeh Cavabdeh2, üçüncü şəxslər X18, X19, X20, X21, Nağıyeva (Məstəliyeva) Röyanə Yadigar qızı, X28 və Abdullayeva (Məstəliyeva) Əsmər Yadigar qızı məhkəmə iclasına gəlmədiklərindən onların mövqeyini öyrənmək mümkün olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(073)-980/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mükiyyətində olan Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən 7.4371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil Fariz oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 3,00 ha torpaq sahəsini iddiaçının mərhum atası X2 1 (bir) ha-nı 1000 ABŞ dolları olmaqla, 3000 ABŞ dollarına almışdır. İddiaçılar da cavabdehlə qohumdurlar. Birinci instansiya məhkəməsində İddiaçı izahatında bildirmişdir ki, həmçinin qeyd edilən alqı-satqı müqaviləsindən onun və digər mülkiyyətçilərin məlumatı olmamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman nə onun, nə də digər mülkiyyətçilərin iştirakları təmin edilməmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1ci bəndində qeyd edilmişdir ki, Cəlilabad rayonu, Qarakazımlı kənində yerləşən 7,44 ha torpaq sahəsindən 3,00 ha torpaq sahəsini digər mülkiyyətçilərin razılıq ərizəsi əsasında alıcının mülkiyyətinə verilmişdir. Bu fakt da onu göstərir ki, həmin 3,00 ha torpaq sahəsinin satılmasında digər mülkiyyətçilərlə yanaşı, eləcə də hazırki iddiaçının da razılıq ərizəsi mövcud olmuşdur. Birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdehə satılmış 3,00 ha torpaq sahəsinin hansı hissədə yerləşməsinin müəyyən olunmadığını qeyd etmişdir. Halbuki, qeyd edilən alqı-satqı müqaviləsində birgə mülkiyyətçilərin birgə razılığına dair ərizələrinin mövcudluğu məhz iddiaçıların sərəncamçılıq hüququnun maneəsiz olaraq həyata keçirilməsini və iradə ifadələrinin təsbit edilməsini təsdiq edir. Lakin birinci instansiya məhkəməsi həmin hala səthi yanaşmışdır. Qeyd edilən xx.xx.2012ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilə də hal-hazırda hüquqi qüvvəyə malikdir. Həmin müqavilə ləğv edilməmiş və məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin 7,4371 ha torpaq sahəsindən çıxarılması xx.xx.2012-ci il tarixli, AN-İ ******* saylı müqavilə əsasında cavabdehin əldə etdiyi əmlaka sahiblik və istifadə hüququnu kobud surətdə pozmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə iddiaçının cavabdehə qarşı 7,4371 ha torpaq sahəsindən çıxarılma tələbini təmin etmiş, halbuki cavabdeh 7,4371 ha torpaq sahəsinə deyil, yalnız 3,00 ha torpaq sahəsinə münasibətdə sahiblik və istifadə hüququnu həyata keçirmişdir. Belə olan halda da birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsinin bütöv ərazisini əhatə etməklə cavabdehin məhz 7,4371 ha torpaq sahəsini zəbt etdiyi qənaətinə gəlmiş, ümumi hal kimi qiymətləndirmiş və həmin hissədə də yanlışlığa yol vermişdir. Eləcə də, mübahisəyə dair müvafiq ekspertiza keçirilməli olduğu halda heç bir ekspertiza təyin edilməmiş və keçirilməmiş, həqiqət müəyyən edilməmiş və nəticədə də əsassız olaraq 7,4371 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi qənaətinə gəlinmişdir. Həmçinin o, məhkəmə iclaslarında iştirak etməmişdir. Belə ki, məhkəmə iclaslarının keçirilməsi barədə onun məlumatı olmamış və onun iştirakı olmadan məhkəmə iclası keçirilərək qətnamə qəbul edilmişdir. Nəticədə də prosessual tərəf kimi onun həm çəkişmə, həmdəki tərəflərin bərabərliyi hüququ pozulmuşdur. Məhkəmə yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etsə də lakin bu hal işin faktiki hallarına uyğun deyildir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavbadeh Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd edilən mübahisəli 3.00 ha torpaq sahəsini Cəlilabad rayon 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X3 almışdır. Alqı-satqı zamanı İddiaçı ilə yanaşı, üçüncü şəxslər X18, X19, X20, X21, Nağıyeva (Məstəliyeva) Röyanə Yadigar qızı, X28 və Abdullayeva (Məstəliyeva) X23 rayonunun Qarakazımlı kəndində yerləşən 7.44 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsinin ona satılmasına notarial razılıq vermişlər. Lakin xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsini Reyestrdə qeydiyyata aldırmadığından iddiaçı tərəfi 7.44 ha barəsində xx.xx.2023-cü il tarixdə DƏDRX-dən çıxarış almışdır. Bildirmişdir ki, hazırkı iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman o, İddiaçı adına **********94 nömrə ilə aparılmış qeydiyyatın (Çıxarışın) 3 hektar tarpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsini mübahisələndirmiş və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2032/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı adına **********94 nömrə ilə aparılmış qeydiyyatın 3 hektar tarpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmçinin qeyd etmişdir ki, hazırda Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2032/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı icra edilmiş və 3.0 ha torpaq sahəsinin mülkiyyətində olması ilə bağlı xx.xx.2025-ci il tarixdə Qeydiyyat nömrəsi ********** olan Çıxarış da əldə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, üçüncü şəxslər X18, X19, X20, X21, Nağıyeva (Məstəliyeva) Röyanə Yadigar qızı, X28 və Abdullayeva (Məstəliyeva) X15 iclaslarında iştirak etməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edəbilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və onlara verilmiş izahatları araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, işdə olan JN-0021 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisindən 7.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X22, İddiaçı Yadiyar oğlunun, X7, X8, X9, X10, X6 və X11 mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonunun Qarakazımlı kəndində yerləşən 7.44 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsini digər mülkiyyətçilərin razılıq ərizəsi əsasında Cavabdeh2 satmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisində yerləşən 7.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X5, X8, X11, X22, X7, X12, X13 və X17 ümumi-birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına hər-hansı alqı satqı müqaviləsi əsasında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında müəyyən etmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə iddiaçıya (iddiaçıya) və ailə üzvlərinə Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisindən 7.44 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN0021 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçının mərhum atası, həmçinin həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan X1 rayonunun Qarakazımlı kəndində yerləşən 7.44 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsi (3.00 ha) notarial qaydada Cavabdeh2 satılsa da, həmin alqı-satqı müqaviləsi və alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış 3.00 ha torpaq sahəsi DƏDRX-də onun adına qeydiyyatdan keçməmiş və mülkiyyət hüququna dair sənəd verilməmişdir. Sonradan 7.44 ha (7.4371 ha) torpaq sahəsinə dair mülkiyyətçilərin adına xx.xx.2023-cü il tarixdə DƏDRX tərəfindən çıxarış verilmişdir. İddiaçı həmin alqı-satqı müqaviləsindən onun və digər mülkiyyətçilərin məlumatının olmadığını, alqı-satqı müqaviləsi bağlanan zaman nə onun, nə də digər mülkiyyətçilərin iştiraklarının təmin edilmədiyini, cavabdehdən 3.00 ha torpaq sahəsindən çıxmasını tələb etdiyini, lakin cavabdehin torpaq sahəsindən çıxmaqdan imtina etdiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili Cəlilabad rayonu, Qarakazımlı kənində yerləşən 7,44 ha torpaq sahəsindən 3,00 ha torpaq sahəsinin digər mülkiyyətçilərin notarial razılıq ərizəsi əsasında alıcının mülkiyyətinə verilməsidir. Hazırkı iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman cavabdeh İddiaçı adına **********94 nömrə ilə aparılmış qeydiyyatın (Çıxarışın) 3 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsində mübahisələndirmiş, buna görə də Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)- 2032/2025 saylı inzibati işə baxılıb yekun qərar verilənədək işin icraatı dayandırılmışdır. Sonradan müəyyən edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2032/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş İddiaçı adına **********94 nömrə ilə aparılmış qeydiyyatın 3 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilmiəsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. X36 Məhkəməsinə gönədrilmiş sorğuya cavabda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinə xx.xx.2025-ci tarixdə daxil olmuş 17 noyabr 2025-ci il tarixli 2-(106)- 145/2025 nömrəli müraciətiniz araşdırılmışdır. Müəyyən olunmuşdur ki, məhkəmənin icraatında olmuş iddiaçı Cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «İddiaçı adına **********94 nömrə ilə aparılmış qeydiyyatın 3 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi» barədə iddia tələbi xx.xx.2025-ci il tarixli, 2-1(120)-2032/2025 nömrəli məhkəmə qərarı ilə təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2032/2025 nömrəli qərarı qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 21 avqust 2025-ci il tarixli, 3-21-3-44/2-6424/2025 nömrəli məktubuna əsasən icrası təmin edilmişdir. Həmçinin müəyyən edilir ki, Cavabdeh2 3.0 ha torpaq sahəsinin mülkiyyətində olması ilə bağlı xx.xx.2025-ci il tarixdə Qeydiyyat nömrəsi ********** olan Çıxarış da əldə etmişdir. MPM-nin 82.3-ci maddəsində görə Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən inzibati məhkəmə qərarı ilə torpaq sahəsinə dair dövlət reyestr məlumatlarının və kadastr uçotunun qüvvədə saxlanılması, eləcə də həmin sahə üzrə hüquqi statusun qanunvericiliyin tələblərinə uyğun formalaşdırıldığı müəyyən edilmişdir. Bu hal mübahisəli torpaq sahəsinin hüquqi rejiminin artıq məhkəmə aktı ilə qiymətləndirildiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qərar mövcud olduğu halda, eyni torpaq sahəsi üzrə cavabdehin özbaşına zəbt etməsi barədə nəticəyə gəlmək üçün hüquqi əsaslar yoxdur. İddiaçı tərəfindən cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməsini təsdiq edən mötəbər və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə inzibati məhkəmə qərarının hüquqi nəticələrini nəzərə almadan, torpaq sahəsinin hüquqi statusunu yenidən qiymətləndirmiş, bununla da eyni hüquqi münasibətlərə fərqli məhkəmə aktları ilə ziddiyyətli yanaşma sərgiləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu məbləği İddiaçı tutularaq Cavabdeh2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(073)-980/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu məbləği İddiaçı tutularaq cavbadeh Cavabdeh2 ödənilsin. Birinci instansiya məhkəməsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar