Məhkəmə qərarları › İş №2(073)-980/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-980/2023

15.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-980/2023 15.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X17, İddiaçı iştirakları ilə, İddiaçı cavbadeh Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavbadehlər Cavabdeh2 və Cəlilabad rayon 1 saylı Notariat Ofisinə qarşı xx.xx.2012-ci il tarixli, AN İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh2 zəbt etmiş torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin naturada ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən 7.4371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə ona (iddiaçıya) və ailə üzvlərinə Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisindən 7.44 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-0021 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinin 3 hektarı cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən torpaq sahəsinin qaytarılamasını tələb etsə də, cavabdeh həmin torpaq sahəsini onun (iddiaçının) atasından aldığını bildirmiş və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Həmin alqı-satqı müqaviləsindən onun və digər mülkiyyətçilərin məlumatı olmamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman nə onun, nə də digər mülkiyyətçilərin iştirakları təmin edilməmişdir. Həmin alqı-satqı müqaviləsi qanunsuz olaraq bağlanmışdır. Buna görə də, həmin alqı-satqı müqaviləsi əsasında cavabdehin adına mülkiyyət hüququna dair çıxarış verilməmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinə dair mülkiyyətçilərin adına xx.xx.2023-cü il tarixdə DƏDRX tərəfindən çıxarış verilmişdir. Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsindən könüllü şəkildə çıxmadığına görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddanın təmin edilməsinə dair qətnamə çıxarılmaçını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavbadeh Cavabdeh2, üçüncü şəxslər X18, X19, X20, X21, Nağıyeva (Məstəliyeva) Röyanə Yadigar qızı, X26 və Abdullayeva (Məstəliyeva) Əsmər Yadigar qızı məhkəmə iclasına gəlməmşlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0021 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisindən 7.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X22, İddiaçı Yadiyar oğlunun, X6, X7, X8, X9, X4 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonunun Qarakazımlı kəndində yerləşən 7.44 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsini digər mülkiyyətçilərin razılıq ərizəsi əsasında Cavabdeh2 satmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisində yerləşən 7.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X3, X14, X10, X22, X6, X11, X12 və X16 ümumi-birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına hər-hansı alqı satqı müqaviləsi əsasında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə iddiaçıya (iddiaçıya) və ailə üzvlərinə Cəlilabad rayonunun Qarakazımlı kəndinin ərazisindən 7.44 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN- 0021 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçının mərhum atası, həmçinin həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan X1 rayonunun Qarakazımlı kəndində yerləşən 7.44 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsi (3.00 ha) notarial qaydada Cavabdeh2 satılsa da, həmin alqı-satqı müqaviləsi və alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış 3.00 ha torpaq sahəsi DƏDRX-də onun adına qeydiyyatdan keçməmiş və mülkiyyət hüququna dair sənəd verilməmişdir.Sonradan 7.44 ha (7.4371 ha) torpaq sahəsinə dair mülkiyyətçilərin adına xx.xx.2023-cü il tarixdə DƏDRX tərəfindən çıxarış verilmişdir. İddiaçı həmin alqı-satqı müqaviləsindən onun və digər mülkiyyətçilərin məlumatının olmadığını, alqı-satqı müqaviləsi bağlanan zaman nə onun, nə də digər mülkiyyətçilərin iştiraklarının təmin edilmədiyini, cavabdehdən 3.00 ha torpaq sahəsindən çıxmasını tələb etdiyini, lakin cavabdehin torpaq sahəsindən çıxmaqdan imtina etdiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarından müəyyən edildiyi kimi iddiaçının mərhum atası X1 rayonunun Qarakazımlı kəndində yerləşən ümumi mülkiyyətdə olan 7.44 ha torpaq sahəsindən 3.00 ha torpaq sahəsini notariat qaydasında alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsi barədə cavabdehin sahiblik və istifadə hüququ əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlsə də, həmin əmlak üzərində cavabdehin sərəncam vermək hüququ əmələ gəlməmişdir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Cavabdeh2 adına DƏDRX-də hər-hansı alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir, yəni xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış 3.00 ha torpaq sahəsi DƏDRX-də onun adına qeydiyyatdan keçməmiş və mülkiyyət hüququna dair sənəd verilməmişdir. Başqa sözlə, cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsi ümumi mülkiyyətdə olan torpaq sahəsidir və cavabdehə satılmış 3.00 ha torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsi müəyyən deyildir. Həmin torpaq sahəsində mülkiyyətçilərin hər birinin payı müəyyən edilməsə də, ümumi mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının cavabdehə qarşı hazırkı tələbi, yəni cavabdehin 7.4371 ha torpaq sahəsindən çıxarılması tələbini irəli sürmək hüququ vardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh 3.00 ha torpaq sahəsini notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etməsinə, onun həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun əmələ gəlməsinə baxmayaraq, qeyd edilən torpaq sahəsinə sərəncam vermək hüququ yoxdur, yəni həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ yaranmamışdır. İddiaçı və ailə üzvləri isə DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən hazırda da 7.4371 ha torpaq sahəsinin mülkiyyətçiləridirlər. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə halda isə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ olmadığı halda cavabdehin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən çıxmaqdan imtina etməsi əsaslı sayıl bilməz. İnsan Hüquqları və X5 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mükiyyətində olan Cəlilabad rayonunun Qarakazımlı kəndində yerləşən 7.4371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar