Məhkəmə qərarları › İş №2(060)-6127/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6127/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6127/2025 24.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qüdrət qızı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikah münasibətlərinə daxil olmaqla Sumqayıt “ASAN xidmət” X1 405 nömrəli aktla AZ-İ № 935696 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə qeydə alınmışdır. Həmin nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X9 adında bir uşaqları vardır. Hal-hazırda da 7 aylıq hamilədir. Cavabdehlə iddiaçı arasında olan nikah münasibətləri 2014-cü il tarixdən davam etməsinə baxmayaraq, lakin faktiki olaraq 2025-ci ildən həmin münasibətlər formal xarakter daşıyır. İlk əvvəllər cavabdehlə münasibətləri normal olsa da, lakin sonradan bu münasibətlər kəskinləşmiş və artıq nikahın pozulması həddinə gətirib çıxartmışdır. Lakin cavabdeh uşağın maddi ehtiyaclarını ödəmədiyindən iddiaçı məhkəmə vasitəsi ilə aliment tələb etmək qərarına gəlmişdir. Birgə nikah münasibətlərindən doğulmuş uşağı saxlamaq, onu maddi cəhətdən təmin etmək çətin olduğuna görə də iddiaçı nikahın pozulması, uşağın himayəsində qalması və alimentlə bağlı ilk olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Belə ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01484 saylı ilkin mediasiya sessiyasından (İMS)- sonra prossesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də iddiaçı nikahı pozmadan alimentin tələbi bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən nikahın pozulması ilə yanaşı alimentin məbləğinin müəyyən edilməsi təklifi ilə cavabdehə yaşadığı ünvana göndərilmişdir. Lakin həmin təklifə 10 gün müddətində hər hansı bir münasibət bildirilmədiyindən, iddiaçı nikahın pozulması və aliment tələbi ilə əlaqədar ərizə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına vermək qərarına gəlmişdir. Lakin cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, cavabdeh iddiaçının təklifi ilə razılaşmamışdır. Belə ki, cavabdeh hansısa neft-qaz şirkətində işlədiyini, lakin heç vaxt iddiaçıya adını demədiyinə görə hansı şirkət olduğunu bilmir. Cavabehin aylıq gəliri ***-**** manat arası dəyişir. Bu səbəbdən də yuxarıda qeyd edilənlərə əsasən cavabdehin qazancın müəyyən etmək olmadığına görə alimentin miqdarın sabit pul məbləğində ödənilməsi qoymaq məcburiyyətində qalmışdır. Cavabdeh isə tək özü olaraq qazancı vardır və özünün saxlanılması üçün gəliri yetərlidir, lakin alimentin ödənilməsi isə uşağın sosial mənafeyi baxımından sabit pul məbləğində 246 manat ödənilməsi yetərlidir, amma həmin məbləğdən aşağı ödənilməsi qeyd etdiyi hallara əsasən yetərli deyil və aylıq tələbatının ödənilməsi üçün kifayət etmir. Həmçinin iddaçı hal-hazırda 7 aylıq hamilədir və bu müddət ərzində heç bir yerdə işləməyi mümkün olmadığından, cavabdeh tərəfindən də həm uşağın bütün xərclərinin ödənilməsi və mənafeyi baxımından da ödənilməsini həyata keçirtməmişdir. Göstərilənlərə əsasən İddiaçı Qüdrət qızı ilə Cavabdeh birgə nigah münasibətlərindən doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 İddiaçı Qüdrət qızının himayəsində qalması, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat alimentin və hamiləlik dövründə və uşaq doğulduğu gündən əvvəlki dövr üçün 3 illik müddət həddində və 3 illik ərzində aliment və həmçinin mediasiya xərci olan 60 manat və iddia ərizəsinin yazılmasına görə ödənilmiş hüquqi xidmət haqqı olan 50 manat Cavabdeh tutularaq İddiaçı Qüdrət qızına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa 246 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddiaçının alimentə dair iddiasının qismən təmin etməklə hər uşağa ayda 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 16 mart 2014-cü il tarixdə verilmiş AZ-İ № 935696 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 16 mart 2014-cü il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 405 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Pirimova soyadı verilmişdir.

10. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 dekabr 2015-ci il tarixində verilmiş AZ-İİİ № 658144 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 noyabr 2015-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

11. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27 oktyabr 2025-ci il tarixində verilmiş AZ-V № 167970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 oktyabr 2025-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-01484 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 16 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaqlar ananın himayəsindədirlər. İddiaçı uşaqların saxlanılmasında maddi çətinlik çəkir və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün aliment tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

20. Belə ki, 2025-ci ildə minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.

21. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

23. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi X7 münasibətdə məhkəməyə 02 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

24. Eyni zamanda, X4 münasibətdə iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

25. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar