Məhkəmə qərarları › İş №2(060)-6129/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6129/2021

30.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6129/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” X1rşı nikahın ləğvi barədə aktın ləğv olunması, nikahın pozulması haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” X1rşı nikahın ləğvi barədə aktın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN Xidmət” X2 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsi və nikahın pozulması haqqında AZ-İ № 373679 şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(060)-6129/2021 saylı Qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edilən Qərardaddan şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 07.09.2021-ci il tarixli 2(105)-2889/2021 saylı Qərardadı ilə onin şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2021-ci il tarixli 2(060)-6129/2021 saylı Qərardadı ləğv edilmiş və iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bəşirov İlkin Cavanşir oğlu ilə iddiaçı arasında nikah Sumqayıt “ASAN xidmət” X2 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd olunmuşdur. Bəşirov İlkin Cavanşir oglu ilə ailə həyatı quran vaxt о, İİ qrup əlil olmuş, 31.01.2019-cu il tarixdən ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Əri iddiaçının ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. 2019-cu ildə iddiaçı Bəşirov İlkin Cavanşir oğlunun rəsmi qəyyumu olmaq üçün Sumqayıt Şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. X7 Cavanşir oğlunun üzərində qəyyum təyin edilməsi ilə bağlı iddiaçı və onun valideynləri X4 və Lətifova Sevil Vəli qızı arasında mübahisə olduğuna görə imtina verilmişdir. Buna baxmayaraq qeyri qanuni şəkildə Sumqayıt Şəhər İcra hakimiyyəti sərəncam qəbul edərək Bəşirov İlkin Cavanşir oğlunun qəyyumluğunu anası Lətifova Sevil Vəli qızına vermişdir. İlk dəfə iddiaçıya mübahisə olduğuna görə imtina verən həmin orqan ikinci dəfə mübahisə olduğunu bilə-bilə qəyyumluğu Lətifova Sevil Vəli qızına vermişdir. Açıq aydın bəllidir ki, Komissiya rüşvət almış və qərəzli olaraq qəyyum təyin etmişdir. Maddi marağı olmasaydı mübahisə olduğunu bilə-bilə Bəşirov İlkin Cavanşir oğlunun qəyyumluğunu anasına verməzdilər. Deməli Qəyyumluq Komissiyası qəyyumun anası Lətifova Sevil Vəli qızına verilməsində maddi marağı olmuşdur. Maddi maraq olmadan heç bir vəzifəli şəxs, dövlət orqanı belə bir qəbul etməzdi. Korrupsiya halının olması ilə bağlı müvafiq güc strukturlarına iddiaçı tərəfindən şikayətlər edilmişdir. 28.03.2021-ci il tarixində poçt vasitəsilə iddiaçıya daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” Qeydiyyat şöbəsinin 23.04.2021 -ci il tarixli 05/ 9-817-76 nömrəli məktubunda göstərilmişdir ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” X2 05 noyabr 2015ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızının ərizəsi əsasında 22.04.2021 -ci il tarixində 75 saylı aktla qeydə alınmışdır. Lakin bildirir ki, müvafiq aktın nüsxəsi iddiaçıya təqdim edilməmişdir. 23.04.2021-ci il tarixli 05/ 9-817-76 nömrəli məktubunun mətnindən aydın olur ki, qeydiyyat şöbəsi nikahı pozarkən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 5.8.4 və 5.11.2-ci bəndlərinə və Ailə Məcəlləsinin 17.2-ci maddəsinə istinad olunmuşdur. Hesab edir ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” X2 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızının ərizəsi əsasında qəbul edilmiş 22.04.2021-ci il tarixində 75 saylı akt ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Bəşirov İlkin Cavanşir oğlu ilə iddiaçı arasında nikah Sumqayıt “Asan Xidmət” X2 05 noyabr 2015-ci ildə bağlanmışdır. Ailə quran vaxt həyat yoldaşı İİ qrup əlil olmuş, 2019-cu ildə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Bəşirov İlkin Cavanşir oğlu onun iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsində əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. 2019-cu ildə qəyyum olmaq üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin qəyyum təyin edilməsi ilə bağlı iddiaçının Bəşirov İlkin Cavanşir oğlunun valideynləri arasında mübahisə olduğuna görə imtina verilmişdir. Buna baxmayaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti sərəncam qəbul edərək Bəşirov İlkin Cavanşir oğlunun qəyyumluğunu anası Lətifova Sevil Vəli qızına vermişdir. Qəyyumluqla bağlı sərəncam mübahisələndirilmiş, yekun məhkəmə aktı qəbul edilməmiş Sumqayıt Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə sübutlar təqdim etməsinə və məlumat verməsinə baxmayaraq Bəşirov İlkin Cavanşir oğlunun qəyyumunun qərəzli ərizəsi ilə nikaha xitam verilmişdir. Hesab edir ki, həmin akt qeyri-qanunidir və məhkəmə qaydasında ləğv edilməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt “Asan Xidmət” X3 nümayəndəsi izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, aktın etibarsızlığı ilə bağlı hər hansı bir qanunauyğunsuzluq yoxdur. Nikahın pozulması ilə bağlı fəaliyyət qabiliyyəti olmayan tərəfin qəyyumunun müraciəti olduqda, yaxud məhkəmə qətnaməsi olduqda nikaha xitam verilir. Ailə Məcəlləsinin 17-ci maddəsinin tələblərinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.8.4-cü bəndinə əsasən Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı nikahı pozulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4000/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, 19.04.1981-ci il taridə ünvan 1 ünvanında qeydiyyatda olan Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında 05.11.2015-ci il tarixli, 2406 saylı nikah qeydi olmuşdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının qəyyum təyin etmə barədə 234 saylı, 13 oktyabr 2020-ci il tarixli sərəncamından görünür ki, Lətifova Sevil Vəli qızı övladı 19.04.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu təyin edilmişdir. Nikahın pozulması haqqında ərizədən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında nikahın pozulması barədə ərizəni Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızı vermişdir. Nikahın pozulması haqqında akt qeydindən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında bağlanmış 05.11.2015-ci il tarixli nikahın pozulması haqqında 22.04.2021-ci il tarixli 373679 saylı şəhadətnamə verilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2019-cu il tarixli qətnaməsinə əsasən 22.04.2021-ci il tarixdə pozulmuş, bu barədə 75 № ilə qeyd edilmişdir. Sumqayıt “Asan Xidmət” X3 28.06.2021-ci il tarixli, 05/Q-594-76 saylı məktubundan görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” X2 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu Lətifova Sevil Vəli qızının ərizəsi əsasında 22.04.2021 -ci il tarixində 75 saylı aktla qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Bəşirov İlkin Cavanşir oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4000/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Lətifova Sevil Vəli qızı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının qəyyum təyin etmə barədə 234 saylı, 13 oktyabr 2020-ci il tarixli sərəncamı ilə onun üzərində qəyyum təyin edilmişdir. Lətifova Sevil Vəli qızı 22.04.2021-ci il tarixdə, qəyyum təyin etmə barədə qüvvədə olan sərəncam əsasında Sumqayıt “ASAN Xidmət” X5 ərizə ilə müraciət edərək Bəşirov İlkin Cavanşir oğlu İddiaçı arasında olan nikahın pozulmasını istəmiş və nikahın pozulması 22.04.2021-ci il tarixdə, 75 saylı aktla qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-ci maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: 17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.8.4-cü bəndinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir və Qaydaların 5.11.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı qızının nikahının pozulması haqqında akt qeydi qanunverciliyin tələblərinə uyğun olaraq qeydə alınmışdır. Odur ki, İddiaçı Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan Sumqayıt “ASAN Xidmət” X2 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsi və nikahın pozulması haqqında AZ-İ № 373679 şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan Sumqayıt “ASAN Xidmət” X2 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsi və nikahın pozulması haqqında AZ-İ № 373679 şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar