Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6221/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahlarından olan 01.01.2013-cü il təvəllüdlü X8, 28.06.2014-cü il təvəllüdlü X9 və 27.09.2018-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 525 manat aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 04 fevral 2015-ci ildə, rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan üç övladları vardır: 01.01.2013-cü il təvəllüdlü X7, 28.06.2014-cü il təvəllüdlü X9 və 27.09.2018-ci il təvəllüdlü X4. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri mehriban olsa da, sonradan ailə münasibətləri pisləşmişdir. Aralarında ər-arvad münasibəti yoxdur. İddiaçı cavabdehlə boşanmaq istəməsə də, hazırkı vəziyyətdə bir yerdə qamaqları mümkün deyildir. İddiaçı bir müddətdir ki, evdən çıxmışdır və uşaqları ilə birlikdə kirayədə yaşayırlar. O, heç bir yerdə işləmir. Əlavə gəliri yoxdur. Cavabdeh maddi köməklik göstərmir. Bir müddət əvvəl evə gedib uşaqların paltarlarını götürdüyü zaman qayınatası iddiaçı ilə dalaşmış və onu evdən qovmuşdur. İddiaçı qeyd edir ki, ayrı qaldıqları müddətdə birgə nikahlarından olan uşaqlar iddiaçının yanında qalmalı və cavabdedən hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 525 manat aliment tutulub ona verilməlidir. Cavabdehin özünün, eləcə də atasının bu alimenti ödəmək imkanı vardır. İddiaçının məhkəməyə daxil olmuş ərizəsində işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflərin nikahları pozulmayıb. Hal-hazırda cavabdeh xəstədir və onda olan məlumata görə uşaqlara cavabdehin valideynləri baxır. Uşaqlardan yalnız biri iddiaçının yanındadır. Cavabdehin aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1996-cı ildə, Lənkəran rayonu, Şovu kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1992-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 04.02.2015-ci il tarixində, Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış, nikah bağlandıqdan sonra ərə Eyvazov, arvada isə Eyvazova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrə əsasən X8 01.01.2013-cü ildə, X9 28.06.2014cü ildə, X4 isə 27.09.2018-ci ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh oğlu, anası İddiaçıdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş 26.07.2021-ci il tarixli tibbi arayışda cavabdehin “üzvi dissosiativ pozğunluq” diaqnozu ilə 3 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ambulator müşahidədə olduğu qeyd edilmişdir. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. İddiaçı cavabdehdən ümumilikdə 525 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəfin həmin məbləğdə aliment ödəmək imkanında olubolmadığını aydınlaşdırmadan onun üzərinə yüksək məbləğdə aliment ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni zamanda 26.07.2021-ci il tarixli tibbi arayışda cavabdehin “üzvi dissosiativ pozğunluq” diaqnozu ilə 3 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ambulator müşahidədə olduğu qeyd edilmişdir. Bu səbəbdən cavabdehdən hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 390 manat aliment tutulmalıdır. Uşaqların iddiaçının yanında saxlanmaları ilə bağlı iddia tələbinə gəldikdə qeyd edilməlidir ki, bu tərəflər arasında nikahın pozulmasından sonra həll edilməli olan məsələdir. Bu səbəbdən həmin məsələyə hal-hazırda qiymət verilə bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarına cavabdehin valideynlərinin baxdığını bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə həmin dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.01.2013-cü il təvəllüdlü X3, 28.06.2014-cü il təvəllüdlü X5 və 27.09.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 02 iyul 2021-ci il tarixindən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6221/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6221/2021
30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver