Məhkəmə qərarları › İş №2(060)-6231/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6231/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6231/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər xəstəliyi ilə əlaqədar olaraq yaranan 7225 (yeddi min iki yüz iyirmi beş) manat aliment borcunun silinməsi və xx.xx.2021-ci il tarixli, 2(060)-1346/2021 saylı qətnaməsi ilə ondan 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Quliyeva (Babayeva) Lamiyə Süleyman qızı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 adlı iki övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1346/2021 saylı qətnaməsi ilə ondan iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O tələbkar X3 xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan 13680 manat aliment pulundan cəmi 7684 manat ödəmişdir. O üçüncü dərəcə əlildir. Həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının üzvüdür. Artıq ikinci dəfə ailə həyatı qurmuşdur. Bacısının evində qalır. Həmçinin sağlamlığı ilə əlaqədar artıq işləyə bilmir. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar orqanizmin funkiyalarının 31-60 faiz pozulmasına görə əlillik almışdır. Hal-hazırda pensiyasından 297 manat aliment borcu tutulur. Övladlarının saxlanması üçün lazım olan alimenti həmişə ödəməyə çalışmışdır. Hal-hazırda alimenti ödəməyə imkanı çatmır. TSEK-in qərarında əmək qabiliyyətsiz qərarı verildiyindən heç bir qurum onu işə götürmür. Məşğulluq idarəsində işsiz kimi qeydiyyata alınmışdır. Amma səhhəti ilə əlaqədar heç yerdə işləmir. O övladlarının saxlanmasından və ona aliment ödənməsindən boyun qaçırmır. Xəstəliyi ilə əlaqədar altı növ psixotrop dərmanlar qəbul edir. Lakin xahiş edir ki, xəstəliyini, ikinci dəfə ailə qurmağını, 3-cü dərəcə əlil olmağını, ikinci ailəsində 3 yaşında oğlunun olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinədair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, borcun silinməsini xahiş etdi. Qarşı tərəf onu günahlandırmış və hal-hazırda işi istintaqdadır. İstintaq idarəsi ona bildirmişdir ki, əgər ona qolbaq vurulsa, övladları gələcəkdə dövlət işinə düzəlməyə çətinlik çəkəcəkdir. O da ona görə məhkəməyə tələb irəli sürmüşdür. Borcu 7000 manatdan çoxdur və hər gün də artır. Əlavə gəliri yoxdur və əmək qabiliyyətsizdir. Psixotrop dərmanlar qəbul edir və onu heç yerdə işə götürmürlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, müstəntiq hal-hazırda bu məhkəmənin qərarını gözləyir. Buradan çıxacaq qərarı müstəntiqə aparıb-verəcəkdir. Ona heç bir təklif olunmamışdır ki, aralarında razılıq olsun. 7000 manat məbləğdən 4000,5000 manat verilsə azaldılmasına razılaşar. 2018-ci il tarixdən boşanma olmuşdur. Daha sonra iddiaçı dediyi kimi müharibəyə getmişdir. Əgər indi bu vəziyyətə düşübsə bu zamana qədər nə üçün ödəməmişdir ? Cavabdeh evi təmir etmiş və evdən çıxmışdır. İddiaçı ekspertizalardan keçmiş və bütün rəylər də hal-hazırda müstəntiqdədir.Onun sağlam olması bildirilmişdir. İş üzrə digər Cavabdeh1nə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki iş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli MŞS/MT030/2023/01834 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X4 ilkin mediasiyada iştirak etməmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1987ci il tarixdə, Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri, X12 qəsəbəsi, D/Y yaşayış massivi, ev 5, mənzil 42 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 382898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Etibar Xəyal oğlu xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin dekabr ayının 03-cü günündə 7948 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası isə X1r. İş materiallarında olan Sumqayıt “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 314515 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 14 yanvar 2019-cu il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin yanvar ayının 14-cü günündə 86 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə İlyasova Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1346/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı X2 xeyrinə tutulması, dəyişdirilmiş məbləğdə alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş materiallarında olan Sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 2 il müddətinə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik verilmişdir. İş materiallarında olan Sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə əsasında (müavinətin qrupu: orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər) hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər aylıq 150 manat məbləğində müavinət, xx.xx.2022-ci il tarixli ərizə əsasında (müavinətin qrupu: müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər) hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər isə aylıq 330 manat məbləğində müavinət təyin edilmişdir. İş materiallarında olan vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar təşkilatının üzvüdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1989-cu il tarixli Konvensiyanın 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və sair) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7753/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2010cu bağlanmış 653 saylı nikahın pozulması, nikah pozulduqdan sonra 29 iyun 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2013-cü il təvəllüdlü X6 anası X2 yanında qalması, İddiaçı xx.xx.2018-ci il tarixdən başlayarq 29 iyun 2011-ci il təvəllüdlü X8 və 20 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul nəbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1346/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı X2 xeyrinə tutulması, dəyişdirilmiş məbləğdə alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş materiallarından və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan həmçinin görünür ki, İddiaçı yenidən nikaha daxil olmuş və həmin nikahdan 1 övladı doğulmuşdur. Hazırki iş üzrə iddiaçının əsaslandırmasından müəyyən olunur ki, iddiaçı maddi vəziyyətinin dəyişdiyi, xəstəliyi, üçüncü dərədə əlil olmağı və yeni nikahdan övladının olması ilə bağlı alimentin azaldılması barədə tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Belə ki, iddiaçının yenidən ailə qurması, onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqelərinə uyğun deyildir. Məhkəmə hesab edir ki, iddiaçı aliment borcunun silinməsi və onun miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşaqları ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların saxlanılmasında onların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməli olması baxımından onun qanunvericiliyin, həmçinin mənəvi cəhətdən valideyn borcu olmaqla, uşaqların mənafeyinə təsir göstərən amildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeyinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Göründüyü kimi iddiaçının maddi vəziyyətində olan dəyişiklik aliment borcunun silinməsi və alimentin məbləğinin azaldılmasına əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddi tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar