Məhkəmə qərarları › İş №2(060)-6255/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6255/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6255/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş indeksasiya həddinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 mislindən 0,5 mislinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü oğlu X5 oğlunun saxlanması üçün hər ay 154 manat aliment tutulması qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ondan tutlan 154 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 misli həddində indeksasiya olunmuşdur. Bu məbləğdə aliment verilməsi maddi cəhətdən mümkün deyil və hazırda himayəsində olan həyat yoldaşının və azyaşlı, xx.xx.2021-ci il təvəllüdlü oğlu X6 oğlunun da yaşamaq hüquqlarını pozur. Məhkəmənin təyin etdiyi indeksasiya nəticəsində o 474 manat aliment ödəməlidir. Bu isə onun maddi vəziyyətində qeyri-mümkündür. O hazırda işləmir, həyat yoldaşı da onunla birlikdə kənddə yaşadığı üçün işləmir, öhdəsində bir azyaşlı uşaq var. Belə olduğu təqdirdə ondan 474 manat aliment tutulması onu imkansız və zəlil günə sala bilər. Maddi vəziyyəti nəzərə alınaraq ondan tutulan alimentin miqdarı azalmalı və minimum əmək haqqının 0,5 mislində müəyyən edilməlidir. xx.xx.2025-ci il tarixində Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş indeksasiya həddinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1, 185 mislindən 0,5 mislinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edir. Belə ki, iddiaçı ilə cavabdehin nikahları pozulduğu gündən bu günə kimi iddiaçı bir dəfə də olsun uşağı ilə maraqlanmamış, onun təlim-tərbiyəsində iştirak etməmiş, nikah pozulmasına baxmayaraq atalıq borcunu yerinə yetirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X5 oğlunun saxlanılması üçün hər ay 154 manat aliment təyin edilsə də, iddiaçı həmin aliment borcunu belə vaxtlıvaxtında icra etməmiş, uşağına laqeyd yanaşmışdır. Cavabdeh isə tək qadın olmaqla uşağını təkbaşına böyüdür və onun bütün xərclərini özü qarşılayır. Həmçinin uşağın səhhətində də xeyli problemlər - gözündə və ayağında çanaq nahiyyəsində də problemlər vardır. Bu barədə ambulator kitabçadan çıxarış və eynək üçün resept elektron sistemə yerləşdirilir. Cavabdeh atalıq borcunu o qədər yerinə yetirməmişdir ki, hətta aliment ödəməyə görə yayınmaq üçün atalığa dair mübahisə də açmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək,aliment məbləğinin azaldılmasını xahiş etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü oğlu X5 oğlunun saxlanması üçün hər ay 154 manat aliment tutulması qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ondan tutlan 154 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 misli həddində indeksasiya olunmuşdur.Bu məbləğ 474 manat edir.İddiaçı 154 manat alimenti ödəyə bilmişdir. Lakin hazırki məbləğ kəskin fərqlənir.Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, ailə vəziyyəti, maddi vəziyyət və şəraitin dəyişməsi ilə əlaqədar məhkəmələr alimentin artırılması və azaldılması məsələsinə baxa bilər. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən sonra iddiaçının ailə vəziyyəti dəyişmiş və uşağı da var.Uşağı xəstədir və psixoloji pozğunluğu var.Hal-hazırda hər bir uşağın minimal xərci 246 manat təşkil edir.Uşağın marağı və iddiaçının vəziyyəti nəzərə alınaraq minimum əmək haqqının 0.5 misli həddində müəyyən olunmalıdır. Hər ay 200-250 manat aliment ödəyə bilir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı alimentin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, fəhlədir, günə 5-10 manat qazanır.Rəsmi iş yeri yoxdur.Alimenti ödəyə bilmir,gücü çatmır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddianı qismən qəbul edir.Aliment azaldılaraq ən azı 300 manat müəyyən edilməlidir.Ata olaraq alimenti ödəsə də,uşağı ilə maraqlanmamışdır.İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 8412/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı işsiz statusundadır. - AZ İİ seriyalı 421893 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 xx.xx.2021-ci il tarixdə 217 №-li qeydlə Şəki regional ASAN xidmət mərkəzində qeydiyyat şöbəsində qeydə alınmışdır. Arvada Rzayeva soyadı verilmişdir. - AZ İV seriyalı 636616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 oğlu xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası İddiaçı anası X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1182 nömrəli qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 500 nömrəli müayinəsindən görünür ki, X6 oğlu xx.xx.2025-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Müayinə nəticəsində: Psixoloji inkişafın ümumi pozğunluğu F-84, uşaq autizmi Kanner sindromu F-84.0 müəyyən olunmuşdur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-01633 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən İddiaçı, mediasiya sessiyasında iştirak etməyən isə Cavabdehdır. İddiaçı 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X5 oğlu adlı uşaqları olmuşdur. Tərəflər boşanmışlar və hazırda ayrı yaşayırlar. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8412/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü oğlu X5 oğlunun saxlanması üçün hər ay 154 manat aliment tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8412/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 misli həddində indeksasiya olunması qərara alınmışdır.Hazırda İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması, təyin edilmiş indeksasiya həddinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,185 mislindən 0,5 mislinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıə sas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşdən görünür ki, hazırda iddiaçının bir uşağa görə faktiki ödədiyi aliment 474 manat təşkil edir. Onun aylıq gəliri yoxdur və işsizdir.İddiaçı özünün ailə və ya maddi vəziyyətində mənfiyə doğru dəyişiklik barədə sübut təqdim etmişdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə verərkən alimentin miqdarının 1 uşağa görə 474 manata qaldırılmasını məqbul hesab etmişdir. Lakin indeksasiya ərizəçinin istədiyi məbləğdə deyil, müvafiq hesablama yolu ilə müəyyən edildiyindən bu məbləğ hazırki vəziyyətdə 474 manata bərabər olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki,iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun deyil. Buna görə də alimentin məbləğinin azaldılması barədə onun iddiası qismən əsaslıdır. Hazırki vəziyyətdə iddiaçının himayəsində olan xx.xx.2021-ci il təvəllüdlü X7 oğlunun xəstəliyi mövcuddur. Bu nəticəyə gələrkən məhkəmə, Cavabdeh indeksasiya barədə ərizəsindəki mövqeyini də nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8412/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılmalı, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2018ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmənin fikrincə, iddianın bu şəkildə təmin edilməsi həm tərəflərin maddi vəziyyətlərinə, həm də azyaşlının mənafelərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, bu miqdarda alimentin tutulmasının əvvəli, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarix qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8412/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılsın. Hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün aliment hazırki qətnamə qanuni qüvvəsini alanadək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar