Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6277/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil3, Cavabdeh və onun nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin, mediasiya üçün ödənilmiş 50 manat məbləğin, vəkil üçün ödənilmiş 100 manatın və uşağın müalicəsi üçün cavabdehdən müalicə xərclərinə görə hər ay 100 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 09 avqust 2009-cu il tarixində rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 01 iyun 2010-cu il təvəllüdlü X4 və 12 yanvar 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyumağa başlamışdır. Buna səbəb cavabdehin evə, ailəyə baxmaması, dolanışıqla maraqlanmaması, evə pul gətirməməsi, həmçinin onları daim psixoloji gərginlikdə saxlaması, iddiaçını döyüb təhqir etməsi olmuşdur. Cavabdehin “SOCAR”-da işləməsinə və yüksək əmək haqqı (1300 manat) almasına baxmayaraq, evdə gündəlik çörəyə möhtac yaşayırlar. Tərəflər artıq iki aydır ki, ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə iddiaçının himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır və heç bir kömək göstərmir. Həmçinin cavabdehin onlara yaşatdığı ailədaxili münaqişənin nəticəsi olaraq oğulları Ağazadə Nurlanda psixoloji travma yaranmış və uzun müddət psixoloq seanslarına və müalicəyə ehtiyacı vardır. Cavabdeh onun müalicəsinin davam etdirilməsinə heç bir köməklik göstərmir. Həkim tərəfindən verilmiş arayışa əsasən X4 ailə-məişət zərrinində yaranan psixoloji problemlərin korreksiyası üçün terapiya seanslarına cəlb edilmişdir. Artıq 3 aydır ki, bu seanslar davam edir. İddiaçı hər ay seanslara 100 manat pul xərcləyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, övladları ilə ayrı kirayə evdə yaşayır. Cavabdehlə aralarındakı nikah pozulmayıb. Qeyd olunanlar əsasında iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqlar isə iddiaçının himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır və heç bir köməklik göstərmir. Qeyd olunanlar əsasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, hər uşaq üçün 150 manat məbləğində aliment ödəyə bilər. Himayəsində xəstə atası və qardaşı var. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh “Hepatit B” xəstəliyinə yoluxduğu üçün iddiaçı onunla birlikdə yaşamaq istəmir. İddiaçı uşaqları götürüb evdən gedib. Cavabdeh bu səbəbdən uşaqları görə bilmir. Cavabdehin aliment ödənilməsi ilə bağlı etirazı yoxdur. O, hər ay hər uşaq üçün 150 manat məbləğində aliment ödəyə bilər. Tibbi xərclərə gəldikdə isə uşağın tibbi yardıma ehtiyacı olması hər hansı mötəbər tibbi sənədlə təsdiq edilmir. Belə ki, Sumqayıt şəhərində psixoloq xidməti ilə məşğul olan çoxlu sayda insan var. Onların arayışı isə uşağın tibbi yardıma ehtiyacvı olmasını təsdiq edə bilməz. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, məhəllə 26, ev 68/38, mənzil 48 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, tərəflərin nikahı haqqında xx.xx.2009-cu il tarixdə, 581 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materialları ilə müəyyən olunur ki, X6 xx.xx.2013-cü ildə, Sumqayıt şəhərində, X4 isə xx.xx.2010-cu ildə, Sumqayıt şəhərində andan olmuşdur. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş STP-AH” MMC-nin xx.xx.2022-ci il tarixli arayışa əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Poladəritmə sexinin Fasilsiz tökmə sahəsində 5-ci dərəcəli qaz kəsici peşəsində çalışır. Onun aylıq əmək haqqı 700 manat təşkil edir. X5 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli arayışda X4 üzərində həftədə iki dəfə olmaqla terapevtik iş aparıldığı göstərilmişdir. İş materiallarına X1 terapiya seanslarında iştirakı ilə bağlı ödənişləri əks etdirən mədaxil qəbzləri əlavə edilmişdir. Həmin qəbzlərə əsasən iddiaçı iyul-oktyabr aylarında X2 ümumilikdə 300 manat pul ödəmişdir. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideynlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa, onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 250 manat alimentin tutulmasını xahiş etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin təmin edilməsi üçün cavabdehin zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş arayışda onun 700 manat əmək haqqı aldığı göstərilmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment tutulmalıdır. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). İş materiallarından göründüyü kimi tərəflərin birgə nikahlarından doğulmuş X4 psixoloji problemlərin korreksiyası üçün terapiya seanslarına cəlb edilmişdir. İddiaçı 2022ci ilin iyul-oktyabr aylarında bunun üçün ümumilikdə 300 manat pul ödəmişdir. İddiaçı cavabdehdən uşağın müalicəsi üçün müalicə xərclərinə görə hər ay 100 manat pulun tutulmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, X4 üzərində aparılan psixoloji seansların hansı müddətə təyin edilməsi və nə vaxta kimi davam etməsinin zəruri olması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Qeyd edilən məsələ aydınlaşdırılmadan cavabdehdən hər ay sabit pul məbləğində xərclərin tutulması ədalətli hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, uşağın müalicəsi üçün çəkilmiş 300 manat məbləğində tibbi xərcin 150 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmin məsələ ilə bağlı gələcəkdə vəsait sərf etməyə davam edərsə, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin vəsaitin yarısını cavabdehdən tələb edə bilər. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Vəkilin xidmət göstərməsi ilə bağlı ödənilmiş vəsaitin cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə məhkəmə hesab edir ki, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilmdəiyindən iddia həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixindən hesablansın. xx.xx.2010-cu il təvəllüdlü X1 müalicəsi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində tibbi xərcin 150 (yüz əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6277/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6277/2022
27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver