Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6400/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 hazırda onunla birgə yaşamalarının müəyyən edilməsi və onların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.1996-cı ildə faktiki nikaha girmiş, nikahları vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmamışdır. Bu izdivacdan xx.xx.1998-ci, xx.xx.2005-ci il və xx.xx.2006-cı il təvəllüdlü Mirislam, Xədicə və Fatimə adlı övladları doğulmuşdur. 2010-cu ildə evlililkəri pozulmuş və cavabdeh ikinci nikaha girərək uşaqları onun himayəsinə buraxmışdır. Həmin vaxtdan uşaqlar onun yanında qalırlar. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir, onların fiziki cəhətdən sağlamlığı, təlim-tərbiyəsi ilə maraqlanmır, valideynlik vəzifələrini yerinə yetirmir. Ona görə də o, cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin işləməsi, gəlirləri barədə heç bir məlumat yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Xədicə adlı övladı epilepsiya xəstəliyindən əziyyət çəkir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadə verərək tərəflərlə qohum olduğunu, uşaqların İddiaçı yanında olduqlarını, Mərdanın Sevda ilə ayrıldığını, Sevdanın başqa biri ilə ailə qurduğunu bildirdi. Məhkəmə iclasında şahid X5 ifadə verərək tərəflərin övladı olduğunu, hazırda özü və bacılarının atası ilə birgə yaşadığını, anası ilə əlaqəsinin olmadığını bildirdi. Məhkəmə, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 atası İddiaçı, anası X4r. - Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Privolnoye kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 808 №-li arayışdan görünür ki, İddiaçı ailə tərkibinə aid olan şəxslər arasında övladları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 vardır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırda tərəflər yeni nikaha girmişlər və hər birinin iki övladı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.1996-cı ildə faktiki nikaha girmişlər. Birgə nikahdan xx.xx.1998-ci, xx.xx.2005-ci il və xx.xx.2006-cı il təvəllüdlü Mirislam, Xədicə və Fatimə adlı övladları vardır. X5 yetkinlik yaşına çatmışdır. xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 iddiaçının yanındadırlar. Tərəflər yeni nikaha girmişlər və hər birinin iki övladı vardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, uşaqlar iddiaçının yanında qaldığından, onların yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən etibarən cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 hazırda İddiaçı ilə birgə yaşamaları müəyyən edilsin. xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment Quliyeva (Babayeva) Sevda Mirsaleh qızından tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-6400/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6400/2022
02.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver