Məhkəmə qərarları › İş №2(060)-645/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-645/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-645/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mirzəyeva (Əhmədova) Zəhra Təhməz qızına qarşı uşaqların onun yanında saxlanması və aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Mirzəyeva (Əhmədova) Zəhra Təhməz qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 12.12.2009-cu il təvəllüdlü X5 və 09.08.2013-cü il təvəllüdlü X2 onun yanında saxlanmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19.09.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın ləğv edilməsi, yetkinlik yaşına çatmayan uşaqların cavabdehin yanında saxlanmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Hazırda uşaqların hər ikisi iddiaçının yanında qalırlar. Cavabdeh uşaqların saxlanmaları ilə maraqlanmır, valideynlik borclarını yerinə yetirmir. İddiaçıya bildirmişdir ki, sığınacaqda yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan uşaqların atalarının yanında saxlanılmalarının onların mənafeyinə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı rəy verilməsi üçün iş materialları Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, iş üzrə icraat rəy verilənədək dayandırılmışdır. 22.01.2021-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi məhkəməyə daxil olmuş, iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun verdi və həmçinin bildirdi ki, məhkəmə qətnaməsinə əsasən uşaqlar cavabdehin yanında saxlansalar da uşaqlar demək olar ki, həmişə onun yanında qalmışlar və bütün ehtyiacları onun tərəfindən qarşılanmışdır. Aralarındakı nikah pozulana qədər cavabdehlə birlikdə yaşamışlar. Lakin, sonra cavabdeh uşaqları onun yanında qoyaraq çıxıb getmişdir. Onda olan məlumata görə cavabdeh Bakı şəhərində kirayədə yaşayır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. Cavabdeh 05.07.1985-ci ildə, Cəbrayıl rayonu, Balyand kəndində anadan olmuş, Cəbrayıl rayonu, Balyand ərazi dairəsi, Balyand kəndində qeydiyyatdadır. 1 saylı Mənzil Kommunal Sahəsinin 11.05.2020-ci il tarixli, 4372 saylı arayışında cavabdehin ünvan 1 ünvanında yaşadığı göstərilmişdir. 1 saylı Mənzil Kommunal Sahəsinin 07.09.2020-ci il tarixli, 4309 saylı arayışında iddiaçının ünvan 1 ünvanında yaşadığı göstərilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X5 12.12.2009-cu ildə, X3 09.08.2013-cü ildə anadan olmuşlar. Uşaqların anası X1, atası İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6861/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan 29.03.2010-cu il tarixli nikahın ləğv edilməsi, 12.12.2009-cu il təvəllüdlü X5 və 09.08.2013-cü il təvəllüdlü X2 cavabdehin himayəsinə verilməsi və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. 361031 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikahın pozulması 12.03.2019-cu il tarixdə 113 saylı akt ilə qeydə alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 18.01.2021-ci il tarixli, 10 nömrəli rəyində göstərilmişdir ki, cavabdeh Komissiyanın iclaslarında iştirak etmədiyindən, cavabdehin mövqeyi öyrənilmədən mübahisə ilə bağlı obyektiv rəyin verilməsi qeyri mümkün olduğundan Komissiya uşaqların mənafeyi nəzərə alınmaqla yetkinlik yaşına çatmayan uşaqların atalarının yanında saxlanılmalarının onların mənafeyinə uyğun olub-olmamasının müəyyən edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Hazırkı iş üzrə 12.12.2009-cu il təvəllüdlü X5 10 yaşına, 09.08.2013-cü il təvəllüdlü X3 7 yaşına çatdığı üçün məhkəmə onların fikirlərinin dinlənilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 12.12.2009-cu il təvəllüdlü X5 və 09.08.2013-cü il təvəllüdlü X3 hal-hazırda atalarının yanında qaldıqlarını və ataları ilə birgə yaşamaq istədiklərini bildirmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir (22.2.). İşin hallarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqlar cavabdehin yanında saxlanmışlar. Hal-hazırda iddiaçı uşaqların onun yanında saxlanmalarını xahiş edir. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (49.2.). Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (56.1.). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar (58.1.). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (60.4.). Göründüyü kimi tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqları məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlansalar da, onlar uzun müddətdir ki, iddiaçı ilə birlikdə yaşayırlar və cavabdeh onların saxlanması ilə maraqlanmır. Məhkəmə iclasında uşaqlar da atalarının yanında qaldıqlarını və onunla birlikdə yaşamaq istədiklərini bildirmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli və yetkinlik yaşına çatmnayan uşaqlar iddiaçının yanında saxlanmalıdırlar. Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). İddiaçı cavabdehdən hər ay yetkinlik yaşına çatmayan hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, 2021-ci il üzrə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, iddia ərizəsində göstərilən məbləğdə alimentin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 100 manat aliment tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 24.09.2020-ci ildə müraciət etsə də, həmin vaxt hər iki uşağın onun yanında olmaları iş materialları ilə müəyyən edilmir. Lakin, hal-hazırda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hər iki uşaq iddiaçının yanındadırlar və onların zəruri ehtiyacları iddiaçı tərəfindən təmin edilir. Bu səbəbdən alimentin tutulması hazırkı qətnamənin qəbul edildiyi tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 dekabr 2009-cu il təvəllüdlü X5 və 09 avqust 2013-cü il təvəllüdlü X3 İddiaçı yanında saxlansınlar. 12 dekabr 2009-cu il təvəllüdlü X5 və 09 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh Mirzəyeva (Əhmədova) Zəhra Təhməz qızından tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 18.05.2021-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar