Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6526/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «himayəçi təyin edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvələri xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvələri xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Eyni Məcəllənin 33.6-cı maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, o, ilkin olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən onun müraciətinin müsbət həll edilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə qeyd edir ki, şəxs üzərində himayəçi təyin edilməsi himayəçilik orqanın səlahiyyətinə aid olduğundan, həmin tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddia ərizəsində qoyulmuş məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aid olmadığından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-6526/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6526/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver