Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6591/2025 03.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iş üzrə (açar sözlər: alimentin azaldılması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini azaltmaqla hər ay hər uşağa görə 140 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2006-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7 oğlu və xx.xx.2015-ci il təvəllüdlü X8 oğlu anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları məhkəmə qaydasında ləğv edilmiş, uşaqlar cavabdehin öhdəsində qalmaqla onların saxlanılmaları üçün hər uşağa 136.60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-625/2025 saylı qərardadı əsasən alimentin indeksasiyası aparılmaqla qət edilmiş aliment məbləği hər uşaq üçün respublika üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.52 misli miqdarında müəyyən olunmuşdur. O, xx.xx.2023-cü ildə X2 ilə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X4 oğlu adında bir övladı anadan olmuşdur. Həyat yoldaşı işləmir, körpə uşağa baxır, o, Sumqayıt Regional Poçt filialının nağd vəsaitlərin idarə olunması şöbəsində inkassator işləyir və onun aylıq əmək haqqı 438 manat təşkil edir, aldığı əmək haqqı məhkəmə qətnaməsi ilə qət edilmiş aliment qədərindədir. Başqa yerdən gəliri yoxdur və həmin alimenti ödədikdən sonra o, himayəsində olan ailə üzvlərini saxlaya və onların maddi ehtiyaclarını qarşılaya bilmir və buna görə də qət edilmiş alimentin azaldılmasını məqsədəuyğun bilir. Onu da qeyd edir ki, o, keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə aldığı evi də uşaqlarına verməklə evdən çıxmış, hazırda da aldığı əmək haqqı tam aliment ödənişlərinə gedir. Məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti çətinliklə ödədiyi halda məhkəmə tərəfindən aparılmış indeksasiya onun ağır olan maddi vəziyyətini daha da kritik bir hala salmışdır. Onu da qeyd edir ki, cavabdeh Sumqayıt şəhər 21 saylı orta məktəbdə coğrafiya müəllimi işləyir, əmək qabiliyyətinə malikdir və aldığı əmək haqqı onun əmək haqqının 3 qatı məbləğindədir.
b) iddia tələbinə qarşı etiraz
3. İddia tələbinə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, uşaqların saxlanması üçün hər ay hər birinə 208 manat aliment müəyyən edilib. O, ikinci dəfə ailə qurub, həmin nikahdan körpə uşağı var. Cavabdeh özü də işləyir. Cavabdehin maddi imkanı və aldığı maaş onun qazancından çox yüksəkdir. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və alimentin azaldılmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı uşaqlar körpə ikən onları tərk edib getmişdir. Uşaqlarından biri hazırda 11-ci sinif şagirdidir. Əlavə ödənişli repetitorlara gedir. Bundan başqa özünün də səhhətində problemlər var. Özü müəllim işləsə də əlavə repetitorluq fəaliyyəti ilə məşğul olmur, yəni əlavə gəlir və qazancı yoxdur. Uşaqlarının maddi mənəvi tələbatlarının ödənilməsi üçün hər şeyi etməyə çalışsa da, təkbaşına çox çətinlik çəkir. İddiaçı valideynlik borcunu yerinə yetirmir, uşaqları ilə görüşmür. İddiaçı 15 ildir ki, müdir maşını idarə edir və əlavə qazancı var. İddiaçının yenidən nikahda daxil olması və körpə uşağının olması alimenti azaltmaq üçün bəhanədir. Hesab edir ki, onun uşaqları böyük olduğu üçün onların qayğıları daha çoxdur. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. AZ-İİ seriyalı, 574394 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 777 saylı akt qeydilə rəsmiləşdirilmişdir.
7. AZ-İV seriyalı, 970610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 rəsmi nikahından xx.xx.2024-cü il təvəllüdlü X4 oğlu doğulmuşdur.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-625/2025 nömrəli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6624/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay hər uşağın saxlanılması üçün 180 manat olmaqla, cəmi 360 manat aliment təyin edilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-625/2025 nömrəli qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 oğlunun və xx.xx.2015-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6624/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunması qərara alınmışdır.
10. “Azərpoçt" MMC-nin Sumqayıt Regional Poçt Filialının xx.xx.2025-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt Regional Poçt filialının nağd vəsaitlərin idarə olunması şöbəsində inkassator işləyir və onun aylıq əmək haqqı 438 manat təşkil edir.
11. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 13 yanvar 2023-cü il tarixli Sərəncamı: “…
1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat manat müəyyən edilsin.”
15. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.”
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). ... 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmənin mövqeyi
18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.
19. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında nikah pozularkən birgə nikahdan doğulmuş uşaqlar ananın yanında saxlanılmış, onların saxlanılması üçün ilkin olaraq hər ay hər uşağa görə 136.60 manat məbləğində aliment təyin edilmiş, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6624/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa görə 180 manat müəyyən edilmişdir. Həmin aliment məbləği məhkəmə qərardadı ilə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya edilmişdir. Bundan sonra iddiaçının cavabdehə ödədiyi alimentin məbləği hər ay hər uşağa görə 208 manat olmuşdur.
20. İddiaçı alimentin bu miqdarda müəyyən edilməsinin onun maddi vəziyyətinə uyğun olmadığını, himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğunu əsas gətirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğin azaldılmasını (140/400*345=120.75 manat) xahiş edir.
21. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində təsbit olunan aliment miqdarının dəyişdirilməsi imkanı valideynin öhdəlikdən yayınması üçün bir vasitə deyil, həyat şəraitində baş vermiş fundamental və davamlı dəyişikliklərə adekvat reaksiya verməsi məqsədi daşıyır. Qanunverici bu normanı təsbit edərkən tərəflərin sonradan yaranan və əvvəlcədən nəzərə alınması mümkün olmayan hallar səbəbindən həddən artıq yüklənməsinin qarşısını almağı hədəfləmişdir. Lakin bu dəyişikliklər o dərəcədə əhəmiyyətli olmalıdır ki, ilkin məhkəmə qərarı ilə müəyyən olunmuş tarazlığı kökündən pozsun.
22. MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddia ərizəsində iddiaçının maddi vəziyyətinin pisləşməsi (məsələn, işini və ya əmək qabiliyyətini itirməsi, himayəsində aliment tutulan digər uşaqlarının olması və s.) ilə bağlı hər hansı bir əsas göstərilməmiş, məhkəmə iclasında da bu hallar müəyyən edilməmiş, onun gəlirlərinin azaldığını və ya maddi vəziyyətini pisləşdirən digər obyektiv halların baş verməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İddiaçı 2017-2023-cü illərdə inflyasiyadan və artan qiymətlərdən xəbərdar olmasına baxmayaraq, könüllü şəkildə aliment məbləğini artırmamış, bu “yükü” tamamilə cavabdehin üzərinə qoymuş, uşağın təminat səviyyəsi illər ərzində azalmış, yalnız cavabdeh 6 il sonra alimenti artırdıqdan və məhkəmə qərarı ilə həmin məbləğ indeksasiya olunaraq dəyişdikdən sonra həmin məbləği azaltmağı, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən də (180 manat) daha az müəyyən edilməsini (140 manat) tələb etmişdir.
23. Halbuki, indeksasiya sabit pul məbləğində alimentin artırılmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Yəni, alimentin indeksasiyası yeni bir məbləğin təyin edilməsi deyil, inflyasiya və ölkədəki orta aylıq əmək haqqının artımı ilə əlaqədar olaraq əvvəl təyin edilmiş məbləğin alıcılıq qabiliyyətinin bərpasıdır ki, iddiaçının hər ay hər uşağa görə ödəməli olduğu 208 manat mahiyyətcə 2023-cü ildə təyin olunmuş 180 manatın bugünkü ekvivalentidir. Məhkəmə sadəcə olaraq pulun dəyərdən düşməsini nəzərə alaraq onu bərpa etmiş, indeksasiya uşağın 2 il əvvəl təmin olunduğu səviyyədə təminatının davam etməsi məqsədi daşımışdır.
24. Bundan başqa iddiaçı ikinci nikahından övladının olmasını ailə vəziyyətində dəyişiklik kimi qeyd edir. Məhkəmə iddiaçının ikinci nikahdan olan övladına qarşı maddi və mənəvi öhdəliklər daşıdığını qəbul edir və bu halı Ailə Məcəlləsinin 112-ci addəsi kontekstində qiymətləndirir. Bununla belə valideynin öhdəlikləri qarşısında seçim etmək və bir uşağın qanunla təsbit edilmiş minimum təminat hüququnu digər uşağın təminatı hesabına pozmaq yolverilməzdir. Bütün uşaqlar bərabər hüquqlara malikdir və iddiaçının vəzifəsi hər üç uşağın ehtiyaclarını qarşılamaq üçün öz gəlirlərini və resurslarını səmərəli şəkildə idarə etməkdir. İddiaçı tərəfindən təklif edilən məbləğ uşağı qanunla müəyyən edilmiş yaşayış minimumundan belə məhrum edir ki, bu da maraqların balanslaşdırılması deyil, birbaşa olaraq uşağın hüquqlarının pozulması demək olardı.
25. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin azaldılması uşağın mənafeyinə ziddir.
26. Göründüyü kimi, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə azaldılmasını tələb edir.
27. Məhkəmə bir daha qeyd edir ki, aliment öhdəliyi uşağın saxlanması üçün zəruri xərclərin təmin edilməsi məqsədi daşıyır. Bu baxımdan onun tamamilə və simvolik şəkildə azaldılması uşağın mənafeyinə ziddir. Qanunvericiliyin tələbinə görə aliment məbləğinin müəyyən edilməsində uşağın maraqları prioritet təşkil etməli, eyni zamanda valideynin əmək və sosial vəziyyəti obyektiv surətdə nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının sabit əmək haqqı olmasına baxmayaraq tələb etdiyi məbləğ inflyasiya və real yaşayış xərcləri fonunda uşaqların normal inkişafı və ehtiyaclarının minimun təminatına adekvat deyil.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə hissəsi:
29. Göstərilənlərə əsasən və MPM-in 119, 121, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva