Məhkəmə qərarları › İş №2(060)-6593/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6593/2025

14.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6593/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Namazova (Xudiyeva) Şəlalə Bahadur qızına qarşı aliment tələbinə dair iş üzrə (açar sözlər: aliment tələbi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, cavabdeh Namazova (Xudiyeva) Şəlalə Bahadur qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı cavabdeh Namazova (Xudiyeva) Şəlalə Bahadur qızına qarşı aliment tələbinə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğındə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin yanvar ayının 14 günündə 06 nömrə ilə qeyd edilmişdir. Cavabdehlə birgə nikahlarından iki övladları vardır: xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan ailədaxili münasibətlər pisləşmiş, cavabdeh illər öncə evini və ailəsini tərk edib getmişdir. 8-9 ildir ki, uşaqlar onun himayəsində yaşayır. Cavabdeh bu günə qədər bir dəfə də olsun ki, ailəsi ilə maraqlanmamışdır. Hazırda iki uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Maddi imkanı buna yol vermir. Bu səbəblə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

b) iddia tələbinə qarşı etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, iddianı müdafiə edir. Özü parklama yerində işləyir. Ailəsini çətinliklə dolandırır. Uşaqlara neçə illərdir ki, təkbaşına baxır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, əvvəlki nikahları məhkəmə qaydasında pozulmuşdur. Sonradan, yəni 2016-cı ildə yenidən nikaha daxil olmuşlar. Həmin nikah pozulmamışdır. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 Salman oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında nikah pozulmamışdır. Lakin uzun müddətdir ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar uzun müddətdir ki, iddiaçının himayəsindədir. İddiaçı təkbaşına onların bütün tələbatlarını ödəyir. İddiaçı hazırda hər uşaq üçün 246 manat aliment müəyyən edilməsini istəyir. Həmçinin, qeyd etdi ki, cavabdehin əlavə etdiyi xəstəlik vərəqəsi 2020-ci ilə aiddir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Namazova (Xudiyeva) Şəlalə Bahadur qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinə dair izahat verərək bildirdi ki, tərəflər əvvəllər nikahda olmuş, nikah məhkəmə qaydasında pozularkən uşaqlar anada saxlanılmışdır. Sonradan tərəflər 2016-cı ildə yenidən nikaha daxil olmuşlar. Bundan başqa cavabdeh rəsmi olaraq heç yerdə işləmir və onun psixi vəziyyəti normal deyil. Onun səhhətində ciddi problemlər var və ambulator qaydada müalicə alır. Belə olan halda cavabdehin aliment ödəməsi mümkünsüzdür. Bundan başqa tərəflər arasında bir neçə dəfə münaqişə olmuş, cavabdeh evdən qovulmuşdur. Hətta bununla bağlı məhkəmə hökmü də var. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

Əsaslandırıcı hissə: a) mülki işin materialları

7. AZ-İİ seriyalı, 077491 nömrəli və AZ-İİ seriyalı, 382964 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 anadan olmuşdur.

8. AZ-İİ seriyalı, 050418 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Namazova (Xudiyeva) Şəlalə Bahadur qızı arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 06 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

9. xx.xx.2020-ci il tarixli ambulator hesabdan çıxarışdan görünür ki, xəstəyə Namazova (Xudiyeva) Şəlalə Bahadur qızına ambulator şəraitdə müalicə alması məsləhət görülmüşdür.

10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və kargüzarlıq xidməti üçün 10 manat İddiaçı tərəfindən ödənilmişdir.

b) tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı: “8.1. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.”

15. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

c) məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır.

20. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasında nikah məhkəmə qaydasında hazırda pozulmamışdır. İddiaçı cavabdehin uşaqların maddi cəhətdən saxlanılması üçün ona könüllü yardım etməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.

22. Belə ki, tələblə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nikah pozulmasa da, cavabdeh uşaqların tələbatını ödəmir və hazırda uşaqlar iddiaçının himayəsindədir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.

23. Uşaqlara görə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatla cavabdehin rəsmi iş yerinin olduğu müəyyən edilmir.

24. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq bu qənaətə gəlir ki, hər uşaq üçün hər ay 180 manat məbləğdə alimentin tutulması uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur.

25. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

26. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilməlidir.

27. Məhkəmə cavabdehin nümayəndəsi (vəkili)nin tərəflər arasında uşaqlar doğulmazdan əvvəl bağlanmış nikah məhkəmə qaydasında pozularkən uşaqların ananın yanında saxlanılmaları, tərəflərin yenidən nikaha daxil olmaları ilə bağlı şifahi etirazına (bu hallarla bağlı sübut təqdim edilməsə də, hər iki tərəf bu halı təsdiq etmişdir) münasibətdə qeyd edir ki, ailə münasibətləri davam edən xarakterli olduğundan və sonuncu bağlanmış nikah rəsmi qaydada pozulmadığından əvvəlki nikahın məhkəmə qaydasında pozularkən nəticələri hazırkı iş üçün hüquqi əhəmiyyət kəsb etmir.

28. Beləliklə, işin faktiki və hüquqi əsasları baxımdan qiymətləndirmə aparan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Namazova (Xudiyeva) Şəlalə Bahadur qızından İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

Nəticə hissəsi:

29. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Namazova (Xudiyeva) Şəlalə Bahadur qızından İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar