Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6651/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 08.02.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşı tamam olana kimi iddiaçının xeyrinə hər ay 50 manat maddi yardım tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2019-cu ildə faktiki, 13.01.2021-ci ildə isə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə həyatı qurmuşlar. Həmin nikahdan 08.02.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh ailəyə baxmadığından tərəflər faktiki olaraq ayrılmışlar. O, uşağın saxlanması üçün iddiaçıya maddi yardım göstərmir. Uşaq 6 aylıq olduğu üçün iddiaçı işləyə bilmir. Cavabdeh fərdi işlə məşğul olur. Onun minimum yaşayış həddinə uyğun sabit pul məbləğində aliment ödəməyə tam imkanı vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh avtomobil ustasıdır. O, Dəvəçi rayonunda işləyir. Orada valideynləri ilə birgə yaşayır. Uşağın saxlanması üçün heç bir köməklik etmir. İyun ayının 1-dən etibarən evdən çıxıb gedib. İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2000-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1996-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 8 saylı Mənzil Kommunal Sahəsinin 951 nömrəli, 13.07.2021-ci il tarixli arayışlarından görünür ki, iddiaçı və cavabdeh ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Doğum haqqında şəhadətnaməyə əsasən X3 08.02.2021-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Hazırkı halda yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi edilməli, hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsində həmçinin göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1.). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2.). Normaların məzmunundan göründüyü kimi hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad o vaxt digər tərəfdən maddi yardım formasında aliment tələb edə bilər ki, digər tərəfin bunun üçün zəruri vəsaitə malik olduğunu sübut etsin. İddiaçı cavabdehdən uşaq üç yaşına çatana qədər hər ay 50 manat manatın tutulmasını xahiş etsə də, cavabdehin bunun üçün zəruri vəsaitə malik olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, 08.02.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəməyə 16.07.2021-ci il tarixində müraciət etdiyindən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08.02.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 16 iyul 2021-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6651/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6651/2021
13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver