Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6739/2025 11.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin müəyyən edilərək tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 17 iyul 2010-cu il tarixdə cavbadeh Cavabdeh İlham qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Nikah bağlandıqdan bir müddət sonra münasibətləri pozulmuş və aralarındakı nikaha xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-362/2021 nömrəli qətnaməsi ilə aralarında Sumqayıt Nikah evində 450 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 29.04.201 1-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh İlham qızının yanında qalması və xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh İlham qızının xeyrinə hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qüvvəsində saxılamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-458/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq, 29.04.201 1-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-362/2021 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunaraq hər ay iki uşağa görə 448 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixdə alimentin artırılması ilə bağlı keçirdiyi məhkəmə iclasında hakim Şəbnəm Həxiyeva müşavirə otağından qayıdanda alimentin artırılmasının məqsədə müvafiq olmamasını elan etmişdir. Sonradan icra idarəsindən ona bildiriş gələndə bilmişdir ki, iki uşağa görə alimentin məbləği 280 manatdan artırılaraq 448 manata çatdırılmışdır. Hansı ki, əmək haqqı Azərbaycan Respublikası "xxxx" MMC-dən alınmış 22 avqust 2025-ci il tarixli 77 saylı arayışdan göründüyü kimi 556 manat təşkil edir, lakin kartına 500 manat köçürülür. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı müntəzəm olaraq alimenti ödəmişdir. Tərəflər birgə nikah dövründə ev əldə etmişdirlər. Sonradan qarşılıqlı razılaşma əsasında ev cavabdehə verilmişdir. Razılıq əsasında cavabdehin qardaşı həmin evə qeydiyyata alınmışdır. Avtomobil satılmış, əldə edilmiş vəsait cavabdehə verilmişdir. Hazırda iddiaçı əmək haqqı alır. 448 manat alimenti ödədikdən sonra özünün sərfiyyatı üçün vəsait qalmır. Həmçinin himayəsində yaşlı valideynləri vardır. Alimentin iddiaçının qazancının və digər gəlirlərinin müəyyən hissəsinə görə tutulmasını xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı tərəfin qeyd etdiyi ev qardaşına məxsus ev olmuşdur. Qardaşı ailə qurmuşdur, onun xəstə övladı vardır. Həmin evdən çıxmaq və atası ilə yaşamaq məcburiyyətində qalmışdır. Ona ev və avtomobil verilməmişdir. Övladı 9-cu sinifdə təhsil alır. Onun repititor xərcləri vardır. 700 manat məbləğində kredit xərcləri vardır. Kommmunal ödənişləri özü ödəyir. Bütün bu xərclər yarandığına görə alimentin artırılması üçün müraciət etmişdir. İddaçı eyni müəssisədə işləsə də, əmək haqqını az qeyd etdirmişdir. O, hazırda birgə nikah dövründə təmir etdirdikləri evdə yaşayır, valideynləri ilə qalmır.
Tədqiq olunan sübutlar:
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh İlham qızının xeyrinə hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-458/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmalıdır.
8. AZ-İİİ 443169 və AZ-İİ 685063 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2014-cü ildə, X3 xx.xx.2011-ci ildə anadan olmuşdurlar. Uşaqların atası İddiaçı, anası Cavabdehdır.
9. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də fəhlə işləyir, aylıq əmək haqqı 556 manat təşkil edir.
10. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı və Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
15. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh İlham qızının xeyrinə hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh daha sonra həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-458/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 362/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunması qərara alınmışdır.
16. Hazırda İddiaçı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin qazancının 1/3 hissəsi miqdarında təyin edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində.
18. Hazırki işin materiallarından da göründüyü kimi yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi ilə iddiaçıdan sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Lakin hazırda iddiaçı alimentin tutulma qaydasının dəyişdirilərək, hər ay qazancın üçdə bir hissəsində aliment tutulmasını məhkəmədən xahiş edir.
19. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi uşaqların saxlanılması üçün təyin edilmiş aliment hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misl həddində müəyyən edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin dəyişdirilərək əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş edir. Alimentin şəxsin əmək haqqına münasibətdə dəyişdiriləcəyi təqdirdə alimentin tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun tənzmlənməlidir. Tərəflərin birgə nikahlarından iki uşaqları olduğundan aliment dəyişdiriləcəyi təqdirdə sözügedən məcəllənin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Şəxsin əmək haqqı 556 manat təşkil etdiyindən əmək haqqının 1/3 hissəsi (556:3=185:2=92,5) hər uşağa münasibtədə 92,5 manat təşkil edəcəkdir ki, bu isə öz növbəsində həm mövcud olan qətnamə ilə təyin edilmiş alimentdən, həm də hazırkı dövrdə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu miqdarından aşağı olması ilə nətcələnəcəkdir. Alimentin təyinin isə əsas məqsədi uşaqların qanunla və digər vasitələrlə sosial müdafiəsinin təmin olunması, onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməsidir. Odur ki, sadalanan halların iddiaçının övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təyin edilmiş alimentin dəyişdirilərək, əmək haqqının 1/3 hissəsi həcmində tutulması uşaqların əvvəlki təminat səviyəsinin təmin edilməsinə imkan vermir.
21. Beləliklə, məhkəmə hesab edir ki, müəyyən edilmiş alimentin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir.
Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün ondan hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva