Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6779/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi, məhkəmə aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi, məhkəmə icraat iştirakçılarının izahatları
1. İddiaçı cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1 minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 700 manat pulun, 80 manat inzibati cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “X1 minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixli etibarnamə ilə 17 gün müddətinə xx.xx.2025-ci il tarixədək gündəlik ödəniş müqabilində icarə üçün Cavabdeh istifadəsinə vermişdir. Həmin gün ödəniş etməmişdir. 10 gün sonra icarə haqqını almaq üçün Cavabdeh məxsus telefon nömrəsinə zəng vursa da, cavab verməmişdir. Nəqliyyat vasitəsinin harada olduğunu müəyyənləşdirmək üçün telefonuna GPRS (X2 Servisi) yükləmişdir. GPRS vasitəsilə nəqliyyat vasitəsinin Sumqayıt şəhəri Kristal Abşeron Sumqayıt 41-ci məhəllə ünvanında aşkar etmişdir. Aşkar edilən zaman məlum olmuşdur ki, nəqliyyat vasitəsini cavabdeh harasa vuraraq zərər yetirmişdir. Bundan sonra cavabdehlə əlaqə saxlayaraq ondan ya maşını təmir etdirməsini, ya da servisə gedərək çəkilən xərclərin ödənilməsini xahiş etsə də ona bildirmişdir ki, o, dəyən zərəri ödəməyəcək. Maşını başqa şəxsə vermiş, o avtomobili vuraraq zərər yetirmişdir. Bu barədə cavabdehlə yazışmaları da var. O, avtomobili idarə etmək üçün yalnız Cavabdeh etibarnamə vermişdir. Etibarnamədə də qeyd edilmişdir ki, etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Cavabdehdən dəfələrlə avtomobilinə vurduğu zərərin ödənilməsini tələb etməyinə baxmayaraq məsuliyyətdən yayınaraq avtomobilinə vurduğu zərərin əvəzini ödəmir. Buna görə həmin şəxsin ona dəymiş maddi ziyanı ödəməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən müraciətinin mülki xarakterli olduğu bildirilmişdir. Həmçinin, cavabdeh xx.xx.2025-ci il tarixdə “X1 minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmasına görə EQ30241798 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi 80 (səksən) manat məbləğində inzibati cərimə tənbehi edilmişdir. Avtomobilin zərər vurulmamışdan əvvəl və zərər vurulduqdan sonra fotoşəkillərini çəkmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq həmin cəriməni də ödəmir. Avtomaşınına dəyən zərərin qiymətləndirilməsi üçün bir neçə servisə müraciət etsə də, inzibati protokolun olmaması səbəbindən dəyən zərərin qiymətləndirilməsindən imtina etmişlər. Hazırda cavabdehdən ona məxsus “X1 minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 700 manat pul, 80 manat inzibati cərimə və ödənilmiş dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. O, avtomaşınların muzd qarşılığında icarəyə verilməsi ilə məşğuldur. VÖEN-i vardır. İşin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “10. ... Belə ki, MPM-nin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.”
Məhkəmənin mövqeyi
8. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir.
9. İşdən görünür ki, tərəflərdən İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirlər. İddiaçıya məxsus VÖEN-nin təyinatı “şəxsi maşınların sürücü ilə icarəsi”, cavabdehə məxsus VÖEN-nin təyinatı “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” olması ilə əlaqədardır.
10. Mübahisənin predmeti iddiaçının əmlak xarakterli mənafeyidir.
11. Hüquq münasibəti xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. O baxımdan ki, tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. Belə ki, tərəflər arasında avtomobillərin muzd qarşılığında icarəsi ilə bağlı etibarlı şifahi razılaşma olmuş, bu razılaşma əsasında cavabdeh iddiaçıdan ona məxsus avtomobili icarəyə götürmüş, müəyyənləşdirilmiş icarə haqqı ödəməli olmuş, avtomobil icarədə olduğu dövrdə icarə obyektinə maddi ziyan dəymişdir.
12. Göründüyü kimi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisə kommersiya xarakterli mübahisədir. Tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.
13. Beləliklə, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı ərizələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırkı ərizə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Sumqayıt Şəhər Məhkəməsinə verildiyindən, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 32, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva