Məhkəmə qərarları › İş №2(060)-6885/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6885/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6885/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2021-ci il təvəllüdlü X3 oğlu və 09 yanvar 2023-cü il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər uşaq üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, uşaqların körpə olduğunu nəzərə alıb hər uşağa görə əlavə olaraq 100 (yüz) manat məbləğində, ümumilikdə 770 (yeddi yüz yetmiş) manat məbləğində, mediyasiya xərclərinin ödənilməsinə görə 50 (əlli) manat, dövlət rüsumu 50 (əlli) manat məbləğində vəsait tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 mart 2021-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurub. Birgə nikahlarından 08 noyabr 2021-ci il təvəllüdlü X3 oğlu və 09 yanvar 2023-cü il təvəllüdlü X4 oğlu dünyaya gəlmişdir. Bildirir ki, cavabdeh ailə münasibətləri əvvəl normal olsa da, sonradan münasibətləri tutarlı səbəb olmadan kəskinləşmişdir. Cavabdehlə aralarında olan sonuncu söz-söhbətdə cavabdeh onu qovub anasının yanına göndərmişdir. Artıq o, övladları ilə birgə anasının evində yaşayır. Cavabdeh onlara nə maddi, nə də mənəvi dəstək olmur. Odur ki, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh içki aludəçisidir. Ailəli olduqları vaxt cavabdeh onlara pul xərcləməyib. Aprel ayından etibarən anasıgildə yaşayır. Həmin müddət ərzində də cavabdeh onlara heç bir maddi və mənəvi köməklik göstərməyib. Cavabdehin şəxsi maşını var, bizneslə məşğuldur. Hazırda boşanmaq istəmir, yalnız cavabdehin aliment ödəməsini istəyir. Qeyd edilənlərə əsəsn iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tərəflərin birgə nikahından 08 noyabr 2021-ci il təvəllüdlü X3 oğlu və 09 yanvar 2023cü il təvəllüdlü X4 oğlu anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-İV 665848 saylı və AZ-İV 828576 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərinə əsasən) İş materiallarında olan AZ-İİ 425975 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən X2 ilə Cavabdeh Sumqayıt Asan xidmət X1 19 mart 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 493 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Cavabdeh 08 noyabr 2021-ci il təvəllüdlü X3 oğlu və 09 yanvar 2023-cü il təvəllüdlü X4 oğluunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi uşaqların 3 yaşı tamam olana qədər manat yardım tutulması hissəsində də qismən təmin olunmalıdır. Belə ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi, ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 84.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məcəllənin 84 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Məhkəmə 09 yanvar 2023-cü il təvəllüdlü X4 oğlunun körpə olmasını (təxminən 1 yaş 11 ayında), ana qayğısına daha çox ehtiyacının olmasını, körpə uşağına qulluqla əlaqədar İddiaçı işləmək imkanının məhdud olmasını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, 09 yanvar 2023-cü il təvəllüdlü X4 oğlunun 3 yaşına çatanadək hər ay əlavə olaraq Cavabdeh İddiaçı xeyrinə 50 manat məbləğində aliment tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, 08 noyabr 2021-ci il təvəllüdlü X3 oğlu 3 yaşına çatdığından həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilsə də, hazırki iddiaya görə ödənilməli olan 100 manat dövlət rüsumunu (50 manat mediasiya xərci + 50 manat dövlət rüsumu) ödədiyindən və iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq 08 noyabr 2021-ci il təvəllüdlü X3 oğlu və 09 yanvar 2023-cü il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat və 09 yanvar 2023-cü il təvəllüdlü X4 oğlu 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat mediasiya xərci və dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar