Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6918/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə ailə qurmuşdur. Münasibətlərindən 23.05.2014-cü il təvəllüdlü X2 və 23.05.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Həyat yoldaşı ilə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Rəsmi nikah olmadığı üçün cavabdehin uşaqların atası olması atalığın müəyyən edilməsi haqqında şəhadətnamə əsasında atalığı müəyyən edilmişdir. Artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh atalıq məsuliyyətini dərk etmir, uşağına heç bir maddi yardım göstərmir, uşaq azyaşlıdır, onun ehtiyac və təlabatlarını ödəyə bilmir. Cavabdeh uşağın iki aylığında ailəni atıb getmişdir. Uşağa tək baxır,ona görə məhkəməyə müraciət etməyə məcbur qalıb. Qeyd olunanlara əsasən məhkəmədən 23.05.2014-cü il təvəllüdlü X2 və 23.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla. 350 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, 23.05.2014-cü il təvəllüdlü X2 və 23.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla,200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, hər uşağa görə 100 manat aliment ödəməyə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 23.05.2014-cü tarixində və X4 23.05.2014-cü il tarixində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 23.05.2014-cü tarixində və X4 23.05.2014cü il tarixində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin qarşılıqlı razılıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, 23.05.2014-cü il təvəllüdlü X2 və 23.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa görə hər ay 100 manat olmaqla, 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunan qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 30 iyul 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 23.05.2014-cü il təvəllüdlü X2 və 23.05.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 iyul 2021-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6918/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6918/2021
25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver