Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6951/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən hesablanmaqla Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən hesablanmaqla Cavabdeh hər ay 200 manat pul tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2022-ci ildə Mədinə adlı qızı anadan olmuşdur. Nikahda olmağına baxmayaraq, azyaşlı uşağın təminatı onun öhdəsindədir, cavabdeh isə heç bir maddi köməklik etmir. Ona görə də himayəsində olan azyaşlı uşaq üçün aliment və uşağın 3 yaşına qədər saxlanması üçün pul tutulmasını tələb edir. Cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına qədər saxlanması üçün də 200 manat pul tutulmalıdır. Bu qanunvericilikdə ölkə üzrə müəyyən edilmiş minimum həddir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. AZ-İİ 432453 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 aprel 2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 776 nömrəsi ilə qeydiyyat aparılmışdır.
6. AZ-İV 803210 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.
7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
11. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
12. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 aprel 2021-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Onların birgə nikahdan bir yetkinlik yaşına çatmayan övladları vardır. Hal-hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasına laqeyd münasibətinin olmasını bildirərək yetkinlik yaşına çatmayan uşağına görə 235 manat sabit pul məbləğində alimentin təyin edilməsini və üç yaşına çatanadək hər ay 200 manat miqdarında pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.
15. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
16. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
17. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
18. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi.
20. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).
21. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də satış üzrə nümayəndə vəzifəsində işləməklə 700 manat məbləğində əmək haqqı alır.
22. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 225 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir.
23. İddiaçı alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə 09 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 09 oktyabr 2024-cü ildən hesablanmalıdır.
24. Məhkəmə iddianın X1 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentdən əlavə 200 manat məbləğində pul tutulmasına dair hissəsinə münasibətdə bildirir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
25. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
26. Qeyd olunan normanın məzmunundan göründüyü kimi ər-arvadın uşağın doğulduğu andan üç il ərzində bir-birinə maddi cəhətdən kömək etməsi onların bunun üçün zəruri vəsaitə malik olduqları halda mümkündür. Lakin hazırki işdə iddiaçı tərəfindən məhkəməyə cavabdehin ona maddi cəhətdən kömək etməsi üçün zəruri vəsaitə malik olduğunu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında iddiaçının "xxxx" MMC-də işlədiyi və 345 manat məbləğində əmək haqqı aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
28. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva