Məhkəmə qərarları › İş №2(060)-702/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-702/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-702/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 3100 (üç min yüz) manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2361/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə X1 iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin məbləği azaldılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı 14 sentyabr 2005-ci il təvəllüdlü X3 və 16 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh aliment borcu ilə bağlı ondan şikayət etmiş və nəticədə ona qarşı cinayət işi açılaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə hökm çıxmışdır. Abşeron Rayon Məhkəməsinin 1 (012)-376/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli hökmünün 5-ci vərəqəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, “göründüyü kimi təqsirləndirilən şəxs İddiaçı məxsus olmuş və aliment borcunun 2000 manatı müqabilində Cavabdeh tərəfindən qəbul edilmiş “VAZ-21074” markalı **-BR-*** qeydiyyat nişanlı avtomobil sonuncu tərəfindən 4500 manata satılmışdır ki, bu da öz növbəsində məhkəmə tərəfindən təqsirləndirilən tərəfindən 5056 (beş min əlli altı) manat 40 (qırx) qəpik məbləğində aliment borcunun 2500 manat hissəsində ödənilməsi kimi qiymətləndirilir”. Abşeron Rayon Məhkəməsinin 1(012)-376/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli hökmündən göründüyü kimi cavabdeh avtomobili 4500 manata satdığı halda, 2000 manata satdığını bildirmişdir. Bununla da ondan 2500 manat artıq pul almaq istəyir. Həmçinin bildirir ki, 14 sentyabr 2005-ci il təvəllüdlü X4 18 yaşı tamam olmamış ailə həyatı qurmuşdur. Cavabdeh isə bu barədə ona heç bir məlumat verməmişdir. Sonradan ona məlum oldu ki, 31 oktyabr 2023cü il tarixdə Bağırova Aytacın toy mərasimi olmuş və oğlan tərəfindən tutulmuş kirayə qaldığı evə getmişdir. Toy mərasimində isə qızın atasının yəni, onun öldüyünü bildirmişdir. 14 sentyabr 2005-ci il təvəllüdlü X4 anasının himayəsində olmadığı halda onun əmək haqqından 600 manat aliment tutulmuşdur. İddiaçı məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı 2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə aliment borcundan 2000 manat sildirmişdir. Həmin borc silindikdən sonra hazırda mövcud olan borcu qalmışdır. Lakin iddiaçı eyni əsasla yenidən həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı alimenti tam vaxtında ödəmədiyinə görə borcu yaranmışdır. Onun hər iki qızı şəkər xəstəsidir. İddiaçı bir dəfədə olsun övladları ilə maraqlanmamışdır. Buna görə də alimentdən imtina etmək istəmir. Hazirda iddiaçının ona 2900 manat borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı, qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması barədə iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı, qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiası təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin məbləği azaldılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı 14 sentyabr 2005-ci il təvəllüdlü X3 və 16 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 1(012)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 2 (iki) il müddətində islah işləri cəzasına məhkum edilmişdir. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1714/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı Cavabdeh olan aliment borcundan 2000 (iki min) manat silinməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2361/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7055/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə cəmi 2900 manat məbləğində aliment borcu movcuddur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı silinməsini tələb etdiyi aliment borcunun qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş məktubdan görünür ki, hazırda iddiaçının 2900 manat borcu olduğunu qeyd etmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar