Məhkəmə qərarları › İş №2(060)-712/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-712/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-712/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı İylas oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı İylas oğlunun Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və aliment borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İylas oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi və uşaqların saxlanılması üçün təyin edilmiş aliment üzrə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2004-cü ildə rəsmi nikaha girmiş, bu izdivacdan xx.xx.2003-cü il təvəllüdlü Zeynəb, xx.xx.2009-cu il təvəllüdlü Ayişə, xx.xx.2014-cü il təvəllüdlü Rüqəyyə və xx.xx.2015-ci il təvəllüdlü Əli adlı övladları doğulmuş. İlk vaxtlar münasibətləri normal olsa da sonradan pisləşmiş və xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 analarının yanında, xx.xx.2015-ci il təvəllüdlü X7 isə onun himayəsində saxlanılmışdır. Eyni zamanda həmin qətnamə ilə iki uşağa görə 260 manat məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların ikisinin anasının himayəsində saxlanılması qət edilsə də onlar faktiki olaraq xx.xx.2021-ci il tarixindən bu günə kimi onun himayəsindədir. Uşaqların anaları ilə heç bir ünsiyyətləri yoxdur və analarına bağlılıqları da yoxdur. Həmçinin, cavabdeh uşaqları ilə ünsiyyətdə olmağa can atmadığı kimi uşaqlar da anaları ilə ünsiyyətdə olmaq istəmirlər. Hesab edir ki, faktiki olaraq həmin iki uşaq onun himayəsində yaşadıqları üçün rəsmiyyətdə də onun himayəsinə verilməlidirlər. Eyni zamanda qanunvericiliyin tələbinə görə uşaqları faktiki olaraq o saxladığı üçün qətnamə qəbul edildiyi vaxtdan bu günə kimi onun adına hesablanmış aliment borcu da silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirdi. O əlavə olaraq uşaqların atalarının yanında müəyyən müddət yaşamalarının onların iradəsinə zidd olduğunu, uşaqların atalarının yanında daimi qalmağa deyil, qardaşları üçün darıxdıqlarından onu görmək məqsədi ilə atalarının yaşadığı ünvana getdiklərini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1105/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Əliyeva (Əlirzayeva) Asudə Nizami qızı arasında xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 123 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 ananın - Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X5 isə atanın - İddiaçı yanında qalması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X2 isə yetkinlik yaşına çatanadək saxlanması üçün həmin uşağın anasının yanına getdiyi gündən hesablanaraq hər ay, hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul miqdarında alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 190 №-li, xx.xx.2023-cü il tarixli rəyi ilə göndərilən müayinə aktlarından görünür ki, tərəflərin mənzil-məişət şəraitində uşaqların onların himayəsinə verilməsinə zidd ola biləcək hal aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2004-cü ildə rəsmi nikaha girmiş, bu izdivacdan xx.xx.2003-cü il təvəllüdlü Zeynəb, xx.xx.2009-cu il təvəllüdlü Ayişə, xx.xx.2014-cü il təvəllüdlü Rüqəyyə və xx.xx.2015-ci il təvəllüdlü Əli adlı adlı övladları doğulmuş, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, boşanmadan sonra xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 ananın - Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X5 isə atanın - İddiaçı yanında qalması, müvafiq olaraq tərəflərdən uşaqların saxlanılması üçün aliment tutulmuş, və qətnamə apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi və uşaqların saxlanılması üçün təyin edilmiş aliment üzrə borcun silinməsini xahiş edir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 190 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tərəflərin izahatını, uşaqların yaşını və fikirlərini, onların hazırda daha çox ana qayğısına ehtiyacı olmasını, faktiki olaraq anasının himayəsində yaşamalarını və ona bağlılıqlarını nəzərə alaraq Komissiya, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab edir. Həmin rəydən görünür ki, 10 yaşı tamam olan xx.xx.2009-cu il təvəllüdlü X2 və 7 yaşı tamam olan xx.xx.2014-cü il təvəllüdlü X1 da fikirləri Komissiyada öyrənilmişdir. Ayişə ilə aparılmış fərdi söhbət zamanı anasını çox sevdiyini, ona çox bağlı olduğunu, qardaşı üçün darıxdığından anasının yanına getdiyini, lakin atasının onları geri qaytarmağa icazə vermədiyi üçün öz razılığı ilə anasının gəlib onları apardığını, atası ilə yaşamaq istəmədiyini və gələcəkdə də anasının yanında yaşamaq istədiyini bildirmişdir. Rüqəyyə aparılmış fərdi söhbət zamanı anasını çox sevdiyini, ona çox bağlı olduğunu, qardaşı üçün də tez-tez darıxdığını, onu görmək üçün bacısı ilə evdən qaçaraq atasının yanına getdiyini, lakin sonradan analarına qayıtmaq istədiyini dedikdən sonra analarının gəlib onları apardığını, onların bütün ehtiyaclarının anası tərəfindən ödənildiyini, buna görə də anasının yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq olmaz. Həmin maddəyə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının» 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır. BMT-nin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq haqqında Bəyannəməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır.O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait olduğu hallardan başqa anasından ayrılmamalıdır. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Beləliklə, məhkəmə, sadalanan qanunvericilik normalarına əsaslanaraq və həmin maddələrin tələblərini, məhkəmə təcrübəsini və məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyi işin faktiki hallarına tətbiq edərək, qəyyumluq və himayəçilik komissiyasının rəyini, uşaqların ana qayğısına daha çox ehtiyacı olmasını, diqqətəlayiq olan digər halları nəzərə alıb uşaqların inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə habelə uşaqların üstün mənafeyini əsas götürməklə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalmalıdır. Odur ki, iddia əsassızdır. Məhkəmə iddianın aliment borcunun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin əsaslarını sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia həmin hissədə də əsassızdır. Belə ki, Ayişə və Rüqəyyə Əlirzayevaların qəyyumluq və himayəçilik komissiyasında verdikləri izahatlardan görünür ki, onların atalarının yanında müəyyən müddət yaşamaları onların iradəsinə zidd olmuşdur. Onlar atalarının yanında daimi qalmağa deyil, qardaşları üçün darıxdıqlarından onu görmək məqsədi ilə atalarının yaşadığı ünvana getmişlər. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə daimi yaşayış yeri müəyyənləşdirilmiş yetkinlik yaşına çatmayanların digər valideynlərinin evində, sonuncunun himayəsindəki bacı və qardaşı ilə vaxt keçirmələri, eləcə də bir müddət yaşamaları uşaqların diqqətəlayiq mənafelərinə xidmət edir. Bu aliment öhdəliklərindən tam azad olunmaq əsası deyildir. İddiaçı həmin vaxt yanında yaşamış övladlarına sərf etdiyi vəsaitinin aliment borcundan silinməsi tələbində haqlı ola bilərdi. Lakin, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədi. Məhkəmə xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən Ayişə və Rüqəyyə Əlirzayevaların məsələ ilə əlaqədar hər hansı fikir bildirmək istəmədiklərini və baxış iclaslarına gəlmək arzusunda olmadıqlarına görə onların qəyyumluq və himayəçilik komissiyasında söylədikləri fikirləri ilə kifayətlənərək, iradələrinə zidd dindirilmələrini məqsədəmüvafiq hesab etmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı İylas oğlunun Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və aliment borcunun silinməsinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı İylas oğlunun Cavabdeh qarşı uşaqların himayəyə verilməsi və aliment borcunun silinməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar