Məhkəmə qərarları › İş №2(060)-7120/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7120/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7120/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 21 yanvar 2010-cu il təvəllüdlü X1 və 17 iyul 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa hər ay 235 (iki yüz otuz beş) manat olmaqla umumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment pulunun və mediasiya üçün ödənilmiş 60 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işlərə ərazi üzrə baxılmasına dair birinci instansiya məhkəmələri arasında səlahiyyətlərin bölünməsi Mülki Prosessual Məcəllənin 4-cü fəsli ilə müəyyən olunur (§ 34). Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, iş materiallarından görünür ki, cavabdeh Qafarov X4 rayonu, Təzəkənd Ərazi Dairəsi, Təzəkənd kəndində qeydiyyatdadır (elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Belə ki, Azərbaycan Respublikası MPM-in 36.3-cü maddəsinin tələbinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarından görünür ki, İddiaçı Masallı rayonu, Təzəkənd Ərazi Dairəsi, Təzəkənd kəndində qeydiyyatdadır (elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində (ünvan: AZ-4400, Masallı şəhəri, Heydər Əliyev prospekti 87) baxılmalıdır. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə ərazi aidiyyəti qaydaları dəqiq şəkildə nəzərdə tutulmuşdur və qanuni əsaslar olmadan onların dəyişdirilməsi yolverilməzdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Qanunverici Azərbaycan Respublikası MPM-in 36.3-cü maddəsində iddiaçının yaşadığı yer dedikdə, onun rəsmi olaraq qeydə alındığı ünvanı nəzərdə tutur. Əks yanaşma, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı çoxsaylı mübahisələrin yaranmasına və əhalinin sıx məskunlaşdığı paytaxt və digər böyük şəhər məhkəmələrində iş yükünün həddən artıq artmasına səbəb olmaqla, son nəticədə məhkəmə təminatı hüququnun lazımi səviyyədə həyata keçirilməsinə maneə yarada bilər. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar