Məhkəmə qərarları › İş №2(060)-7125/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7125/2025

03.02.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7125/2025 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 Gülverdi oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Gülverdi oğlu və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində notariat ofisində yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0137 ha olan torpaq sahəsinin xx.xx.2016-cı il təvəllüdlü X3 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanılması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yeni qaydalarla Sumqayıt şəhəri, Asəf Zeynallı küçəsi,giriş 10 ünvanında yerləşən ,ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. O, həmin torpaq sahəsini 2 yerə 0,0137 ha və 0,0163 ha hissələrə böldürmüşdür. Sahəsi 0,0137 ha olan torpaq sahəsində ev tikdirmişdir. İddiaçının oğlunun ailəsində söz-söhbət olurdu. Oğlu Cavabdeh2 onun yanına gələrək bildirmişdir ki, həyat yoldaşı Cavabdeh1 bildirir ki, əgər torpaq sahəsini azyaşlı qızı, yəni iddiaçının nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X1 adına bağışlanma müqaviləsi əsasında bağışlayarsa, boşanmaq fikrindən dönəcəkdir. Cavabdehlə danışmış və o, iddiaçıya söz verərək inandırmışdır ki, torpaq sahəsi uşağın adına dövlət qeydiyyatına alındıqdan sonra həyat yoldaşı ilə boşanmayacaq və iddiaçını yeganə nəvəsindən ayırmayacaqdır. Həmin söhbətin ertəsi günü 1 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi ilə mübahisəli torpaq sahəsini iddiaçı nəvəsi X3 bağışlamışdır. Nəvəsi azyaşlı olduğundan notariat ofisində onu valideynləri təmsil etmişdir. Bağışlanma müqaviləsi bağlandıqdan 3-4 gün sonra cavabdeh atası evində yaşamaq istədiyini bildirmiş və iddiaçının nəvəsini də götürərək evi tərk etmişdir. Həmin vaxtdan o, nəvəsini görmür. Cavabdehlə əlaqə saxladıqda, artıq evin onun olduğunu və bunu dəyişməyin mümkün olmadığını bildirmişdir. Ona görə də iddiaçı hesab edir ki, cavabdeh onun etibarından istifadə edərək xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X1 adına xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsinin başlanılmasına nail olduğundan müqavilə ləğv olunmalıdır. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə etiraz ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2025-ci il tarixdə 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzinin notariat ofisində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0137 ha olan torpaq sahəsinin xx.xx.2016-cı il təvəllüdlü X3 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia ərizəsində xx.xx.2025-ci il tarixdə 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzində notariat ofisində yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0137 ha olan torpaq sahəsinin xx.xx.2016-cı il təvəllüdlü X4ma bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia ərizəsini ağ-qara deməyə çalışaraq obyektivlikdən qəsdən yayınmaqla, qanunsuz, məntiqsiz və əsassız tələblər etməyə qalxaraq Azərbaycan Respublikası Mülki Prosessual və Mülki Məcəlləsinin normalarına uğursuzcasına istinad etməklə öz iddia tələbini əsaslandırmağa cəhd edərək müvafiq xahişini etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir, onun tam ədalətsiz, qanunsuz, əsassız hesab edir. Birinci növbədə cavabdeh qeyd edir ki, məsələ iddiaçının qeyd etdiyi kimi olmamış, əksinə iddiaçının özünün təkidli xahişi ilə deyilən müqavilə bağlanmış və sözügedən torpaq sahəsini iddiaçı öz nəvəsi X2 bağışlamışdır. Həmin bağışlanma müqaviləsi notariat ofisində təsdiq edilərkən cavabdehlə nə İddiaçı, nə də ki, onun oğlu və Cavabdeh2 arasında hər hansı bir şərtlə müqavilənin bağlanması haqda razılaşma olmayıb və bunu oradakı kamera görüntüləri, müqavilənin mətni də təsdiq edir. Cavabdehin həyat yoldaşı Cavabdeh2 boşanmaq istəməsinin səbəbi isə onun qadını mütəmadi olaraq söyüb təhqir etməsi, döyüb-incitməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, yeni qaydalarla Sumqayıt şəhəri, Asəf Zeynallı küçəsi,giriş 10 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. O, həmin torpaq sahəsini 2 yerə 0,0137 ha və 0,0163 ha hissələrə böldürmüşdür. Sahəsi 0,0137 ha olan torpaq sahəsində ev tikdirmişdir. İddiaçının oğlunun ailəsində söz-söhbət olurdu. Oğlu Cavabdeh2 onun yanına gələrək bildirmişdir ki, həyat yoldaşı Cavabdeh1 bildirir ki, əgər torpaq sahəsini azyaşlı qızı, yəni iddiaçının nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X1 adına bağışlanma müqaviləsi əsasında bağışlayarsa, boşanmaq fikrindən dönəcəkdir. Həmin söhbətin ertəsi günü 1 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi ilə mübahisəli torpaq sahəsini iddiaçı nəvəsi X3 bağışlamışdır. Nəvəsi azyaşlı olduğundan notariat ofisində onu valideynləri təmsil etmişdir. Lakin bağışlanma müqaviləsi bağlandıqdan 3-4 gün sonra cavabdeh atası evində yaşamaq istədiyini bildirmiş və iddiaçının nəvəsini də götürərək evi tərk etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Gülverdi oğlu iddia tələbini qəbul edərək bildirdi ki, o iddiaçı yəni atası İddiaçı ilə danışmış və ona bildirmişdir ki, həyat yoldaşı Cavabdeh1 ondan boşanmaq istəyir. Lakin qeyd edilən torpaq sahəsini iddiaçı onun qızı, yəni iddiaçının nəvəsi X3 bağışlayarsa, o boşanmaq fikrindən dönəcəkdir. Həmin söhbətin ertəsi günü 1 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi ilə mübahisəli torpaq sahəsini iddiaçı nəvəsi X3 bağışlamışdır. Bağışlanma müqaviləsi bağlandıqdan bir neçə gün sonra cavabdeh atası evində yaşamaq istədiyini bildirmiş və qızını də götürərək evi tərk etmişdir. Bu səbəbdən də, Cavabdeh1 İddiaçıun etibarından sui-istifadə edərək onu aldatması səbəbindən bağışlama müqaviləsi əsasında iddiaçının nəvəsinə bağışlanmış evin yenidən İddiaçı qaytarılması və müqavilənin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, məsələ iddiaçının qeyd etdiyi kimi olmamış, əksinə iddiaçının özünün təkidli xahişi ilə deyilən müqavilə bağlanmış və sözügedən torpaq sahəsini iddiaçı öz nəvəsi X2 bağışlamışdır. Həmin bağışlanma müqaviləsi notariat ofisində təsdiq edilərkən cavabdehlə nə İddiaçı, nə də ki, onun oğlu və Cavabdeh2 arasında hər hansı bir şərtlə müqavilənin bağlanması haqda razılaşma olmayıb və bunu oradakı kamera görüntüləri, müqavilənin mətni də təsdiq edir. Cavabdehin həyat yoldaşı Cavabdeh2 boşanmaq istəməsinin səbəbi isə onun qadını mütəmadi olaraq söyüb təhqir etməsi, döyüb-incitməsi olmuşdur. Elə bu səbəbdən də iddiaçı torpaq sahəsini onun adına keçirməklə cavabdehi boşanmaq fikrindən döndərmək istəmiş, lakin Cavabdeh1 buna razı olmadığından həmin torpaq sahəsini iddiaçı nəvəsi, yəni cavabdehin qızı X1 adına keçirməklə ona bağışlamışdır. Bu səbəbdən də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi notariusu Ə.M.Əmirəliyev ərizə ilə məhkəməyəmə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 11 aprel 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi X3 bağışlamışdır. O, azyaşlı olduğundan notariat ofisində onu valideynləri Cavabdeh2 Gülverdi oğlu və Cavabdeh1 təmsil etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yeni qaydalarla Sumqayıt şəhəri, Asəf Zeynallı küçəsi,giriş 10 ünvanında yerləşən ,ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. O, həmin torpaq sahəsini 2 yerə 0,0137 ha və 0,0163 ha hissələrə böldürmüşdür. Sahəsi 0,0137 ha olan torpaq sahəsində ev tikdirmişdir. İddiaçının oğlunun ailəsində söz-söhbət olurdu. Oğlu Cavabdeh2 onun yanına gələrək bildirmişdir ki, həyat yoldaşı Cavabdeh1 bildirir ki, əgər torpaq sahəsini azyaşlı qızı, yəni iddiaçının nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X1 adına bağışlanma müqaviləsi əsasında bağışlayarsa, boşanmaq fikrindən dönəcəkdir. Cavabdehlə danışmış və o, iddiaçıya söz verərək inandırmışdır ki, torpaq sahəsi uşağın adına dövlət qeydiyyatına alındıqdan sonra həyat yoldaşı ilə boşanmayacaq və iddiaçını yeganə nəvəsindən ayırmayacaqdır. Həmin söhbətin ertəsi günü 1 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi ilə mübahisəli torpaq sahəsini iddiaçı nəvəsi X3 bağışlamışdır. O, azyaşlı olduğundan notariat ofisində onu valideynləri Cavabdeh2 Gülverdi oğlu və Cavabdeh1 təmsil etmişdir. Bağışlanma müqaviləsi bağlandıqdan sonra cavabdeh atası evində yaşamaq istədiyini bildirmiş və iddiaçının nəvəsini də götürərək evi tərk etmişdir. Həmin vaxtdan o, nəvəsini görmür. Cavabdehlə əlaqə saxladıqda, artıq evin onun olduğunu və bunu dəyişməyin mümkün olmadığını bildirmişdir. Ona görə də iddiaçı hesab edir ki, cavabdeh onun etibarından istifadə edərək xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X1 adına xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsinin başlanılmasına nail olduğundan müqavilə ləğv olunmalıdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək məsələnın iddiaçının qeyd etdiyi kimi olmadığını, əksinə iddiaçının özünün təkidli xahişi ilə deyilən müqavilə bağlandığını və sözügedən torpaq sahəsini iddiaçı öz nəvəsi X2 bağışladığını, həmin bağışlanma müqaviləsi notariat ofisində təsdiq edilərkən cavabdehlə nə İddiaçı, nə də onun oğlu Cavabdeh2 Gülverdi oğlu arasında hər hansı bir şərtlə müqavilənin bağlanması haqda razılaşma olmadığını və bunu oradakı kamera görüntüləri, müqavilənin mətni də təsdiq etdiyini, cavabdehin həyat yoldaşı Cavabdeh2 boşanmaq istəməsinin səbəbinin isə onun qadını mütəmadi olaraq söyüb təhqir etməsi, döyüb-incitməsi olduğunu, elə bu səbəbdən də iddiaçı torpaq sahəsini onun adına keçirməklə cavabdehi boşanmaq fikrindən döndərmək istədiyini, lakin Cavabdeh1 buna razı olmadığından həmin torpaq sahəsini iddiaçı nəvəsi, yəni cavabdehin qızı X1 adına keçirməklə ona bağışladığını bildirərək bu səbəbdən iddia tələbini qəbul etməmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bu Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Bu Məcəllənin 673.1-ci maddəsinə əsasən Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: -673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; -673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; -673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MM-in 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. MM-in 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. MM-in 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikas Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən- bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən - daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmişdir. 11 aprel 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi X3 bağışlamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o mübahisəli torpaq sahəsinə dair bağlanılmış 11 aprel 2025-ci il tarixli bağışlama müqaviləsinin ləğvinin əsası kimi Cavabdeh1 onun etibarından sui-istifadə etməsi və onu aldadaraq bağışlama müqaviləsinin bağlanmasına nail olunmasını göstərmişdir. İddiaçı məhz bu səbəbdən bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol verilmədiyi nəzərdə tutulmuşsa da, Mülki Məcəllənin 670ci maddəsinə əsasən bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Buna görə də əgər bağışlama hansısa bir öhdəliklə şərtləndirilməyibsə bağışlama üzrə hədiyyənin hədiyyə alan tərəfindən qəbul edildiyi ehtimal olunur. Hazırki halda İddiaçı ilə bağlanmış notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı müəyyən edilir. Belə ki, mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmişdir. Beləliklə sözügedən müqavilədə konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinə aldadılaraq əmlakın ondan alınmasına istinad etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. İddiaçı tərəfindən hazırki halda aldadılaraq müqaviləni bağlamasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 Gülverdi oğlu və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində xx.xx.2025-ci ildə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülverdi oğlu arasında bağlanmış 4Ə-533 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar