Məhkəmə qərarları › İş №2(060)-7177/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7177/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7177/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2014cü il təvəllüdlü Rzayeva Elina Taleh qızı və xx.xx.2016-cı il təvəllüdlü Rzayev Tamerlan Taleh oğlunun yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay hər birinə 246 manat, ümumilikdə 492 manat və ödədiyi 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmaqla xx.xx.2014-cü il təvəllüdlü Rzayeva Elina Taleh qızı və xx.xx.2016-cı il təvəllüdlü Rzayev Tamerlan Taleh oğlu doğulmuşdur.Hal-hazırda Rzayeva Elina Taleh qızı və Rzayev Tamerlan Taleh oğlu onun himayəsindədirlər. Uşaqların məktəb xərcləri yetərincə artmış və cavabdehin ödədiyi aliment pulu ilə uşaqların sağlamlıq, təhsil, məişət, qida və sair qayğılarını qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir.Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir.Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir.Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir.Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.Buna görə də aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Aliment məbləğinin artırılması tələbinə dair ərizə ilə Mediasiya Şurasına etdiyi müraciət isə nəticəsiz qalmış, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışı əsasında X1 aparılması mümkün olmamışdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 350 manat alimenti ödəməyə razı olduğunu bildirdi.Mühasib işi ilə məşğuldur. 400 manat maaş alır. Dolanışıqlarına valideynləri köməklik göstərmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 304406 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 05 may 2014-cü ildə vətəndaş İddiaçı doğulmuş Mürsəlzadə Elina Taleh qızının atası hesab edilmişdir.Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2014 ilin iyul ayının 02 günündə 17 № ilə qeyd edilmişdir. AZ-T seriyalı, 097981 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Rzayeva Elina Taleh qızı Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 302240 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 26 yanvar 2016-cı ildə vətəndaş İddiaçı doğulmuş Mürsəlzadə Tamerlan Taleh oğlunun atası hesab edilmişdir.Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016 ilin may ayının 10 günündə 284 № ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı, 759800 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Rzayev Tamerlan Taleh oğlu Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. X1 iştirak eilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-01897 saylı arayışdan göründüyü kimi, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Aliment tələbinin əsası kimi iddiaçının könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, uşağın həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində cavabdehin əmək haqqısının məbləğini nəzərə alaraq ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. Məhkəmə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.475 misli (190:400=0,475) həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın təminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Aliment tələbi barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Rzayeva Elina Taleh qızı və xx.xx.2016-cı il təvəllüdlü Rzayev Tamerlan Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.475 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar