Məhkəmə qərarları › İş №2(060)-7181/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7181/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7181/2023 25.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşı tamam olana kimi 100 manat maddi yardımın onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 adında bir övladları anadan olmuşdur. O, xeyli müddətdir ki, cavabdehlə ayrılmış və bir yerdə yaşamırlar. Cavabdeh bir valideyn kimi uşağın saxlanılması, onun maddi təminatı ilə maraqlanmır. Halbuki o da bir valideyn kimi uşağın saxlanılmasında iştirak etməlidir. Respublika üzrə 1 uşağın saxlanılması minimumu hazırda 220 manat təşkil edir. O, işləmir və uşağa baxır. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəlindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağm əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. O, cavabdehdən uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay üçün hər uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun bilir. AR Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən cavadeh birgə nikahdan olan qızları Gülərin 3 yaşı tamam olana kimi hər ay 100 manat məbləğində maddi yardım da ödəməlidir, belə ki, hazırda qızı 1 yaşındadır və o, uşağa baxdığı üçün heç yerdə işləmir və belə bir yardıma ehtiyacı vardır, cavabdeh isə fərdi işlərdə çalışır və qazanc, gəlirə malikdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Tərəflərin birgə nikahdan bir övladları var. Cavabdeh əvvəl 200 manata qədər pul, yəni 150 manat məbləğində aliment, 50 manat da maddi yardım ödəyə biləcəyini bildirirdi. Lakin hazırda cavabdeh cəmi 150 manat aliment ödəyə bilər. Belə ki, cavabdehin əvvəlki nikahından üç uşağı da var. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbi ilə bağlı bildirmişdir ki, 2021-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur və bu evlilik həm onun, həm də cavabdehin ikinci nikahıdır. Cavabdehin ilk evliliyindən 3 övladı olmuş, onun isə övladı olmamışdır. Cavabdehlə birgə nikahından bir övladı doğulmuşdur. Hazırda tələbi alimentlə bağlıdır. İyun ayının 5-dən etibarən atasının evində yaşayır. Qeyd edir ki, cavabdehlə iki il nikah münasibətində olmuşdur. Bu müddət ərzində cavabdehin maşın alveri ilə məşğul olduğunu bilirdi, hazırda cavabdeh maddi vəziyyətini gizlədir. O, həmçinin övladı 3 yaşına çatana kimi maddi yardım ödənilməsini də istəyir. Belə ki, hazırda övladının 1 yaşı var, böyrəyində kista var, bununla əlaqədar övladını müalicə etdirməlidir. Hesab edir ki, 150 manat məbləğində aliment bir uşağın saxlanması üçün azdır. Onun maddi vəziyyəti pisdir. Cavabdeh isə yaxşı yerdə işləyir, gəliri də yaxşıdır. Əgər onun gəliri yaxşı olmasaydı, o, bu məbləğdə aliment tələb etməzdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan AZ-İV 828550 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan nikah haqqında akt qeydindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2021-ci il tarixdə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 2329 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hətəmova soyadı verilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından və AZ-İİ 548145 saylı, AZ-İİİ 009851 saylı və AZ-İİİ 657309 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı Baharəddin qızının birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı üç uşaqları doğulmuşdur . İşdə olan AZ-İİ 052953 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Bahərəddin qızı xx.xx.2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, cavabdehin daha üç yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağın 3 yaşı tamam olana qədər 100 manat yardım tutulması hissəsində təmin olunmamalıdır. Belə ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi, ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 84.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məcəllənin 84 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aliment ödəmək üçün zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmadığından xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay əlavə olaraq İddiaçı xeyrinə 100 manat məbləğində aliment tutulması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar