Məhkəmə qərarları › İş №2(060)-7249/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7249/2025

25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7249/2025 25.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və maddi yardım” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,70 misli məbləğində alimentin və uşağın 3 yaşı tamam olana qədər 100 manat maddi yardımın onun nəfinə tutulması, tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən onun nəfimə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2014-cü ildə ailə həyatı qurmuş, nikahları xx.xx.2014-cii il tarixdə rəsmiləşdirmişdirlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı övladları olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2970/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 23 fevral 2021-ci il tarixdən etibarən xx.xx.2015ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat miqdarında alimentin Cavabdeh tutularaq ona ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 2(060)-249/2025 saylı məhkəmə qərardadı əsasında alimentin indeksasiyası aparılmışdır. Bu qətnamədən sonra xx.xx.2025-ci il təvəllüdlü X6 adında bir övladı da anadan olmuş, lakin cavabdeh bu övladının saxlanılmasına və maddi təminatına köməklik göstərmir. Bundan başqa uşaq hazırda 2 aylıqdır və cavabdeh uşağın 3 yaşı tamam olana qədər ona əlavə maddi yardım da göstərməlidir. Buna görə də xx.xx.2025-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay respublika üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,70 misli məbləğində alimentin və uşağın 3 yaşı tamam olana qədər mənim nəfimə 100 manat maddi yardımın tutulmasını məqsədəuyğun bilir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində aliment təyin edilməsinə razıdır.

Tədqiq olunan sübutlar:

5. AZ-İİ 013918 saylı nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə X4 arasında 24 dekabr 2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2607 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Səfərova soyadı verilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2970/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 23 fevral 2021-ci il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı İlifat qızına verilməsi qət edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-249/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2970/2021 saylı qətnaməsi əsasında tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunması qərara alınmışdır.

8. AZ-V 163246 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.

9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

14. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir.

15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

17. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 3 (üç) övladları vardır. İddiaçının digər iki övladına məhkəmə qətnaməsi əsasında aliment təyin edilmişdir. xx.xx.2025-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladları sonradan anadan olduğuna görə ona aliment təyin edilməmişdir. Hazırda iddiaçı xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,70 misli həddində alimentin təyin edilməsini məhkəmədən xahiş edir.

18. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

19. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

20. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə məcəlləsinin 78.2ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

21. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi.

22. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).

23. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında cavabdehin işləməsi, mülkiyyətində hər hansı əmlakının olması, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirməklə gəlir əldə etməsi müəyyən edilmir. Bundan əlavə tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya digər övladlarına görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində aliment ödəyir.

24. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.

25. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, uşağın yaş həddini, cavabdehin aliment ödədiyi başqa uşaqlarının olduğunu, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində təyin edilməli və 2025-ci il üzrə minimum əmək haqqının 0.60 misli həddində müəyyən edilməlidir.

26. Bu səbəbdən məhkəmə Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

27. İddiaçı alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə 24 oktyabr 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 24 oktyabr 2025-ci ildən hesablanmalıdır.

28. Məhkəmə iddianın X2 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentdən əlavə 100 manat məbləğində pul tutulmasına dair hissəsinə münasibətdə bildirir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

29. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

30. Qeyd olunan normanın məzmunundan göründüyü kimi ər-arvadın uşağın doğulduğu andan üç il ərzində bir-birinə maddi cəhətdən kömək etməsi onların bunun üçün zəruri vəsaitə malik olduqları halda mümkündür. Lakin hazırki işdə iddiaçı tərəfindən məhkəməyə cavabdehin ona maddi cəhətdən kömək etməsi üçün zəruri vəsaitə malik olduğunu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

32. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci cavabdehdən alınaraq ona ödənilməlidir.

34. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 48 (qırx səkkiz) manat, 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.

Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq övladı xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,60 misli həddində (240 manat) sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu qismində 48 (qırx səkkiz) manat, 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə, 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar