Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-728/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X1, Cavabdeh Bahadurova Sevda Əlibala qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Bahadurova Sevda Əlibala qızı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixdə kredit müqaviləsinin ləğv edilməsi və 3300 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, onunla Cavabdeh arasında xx.xx.2019-cu ildə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, o, cavabdehə 3300 manat borc vermişdir. Cavabdeh krediti xx xxxxxx 2022ci ilə qədər hissə-hissə olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan bu günə kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və ona hissə-hissə olaraq heç bir ödəniş etməmişdir. Dəfələrlə o, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamış və müqavilə öhdəliklərinə əməl etməkdən və müqavilənin icrasından yayınmışdır. Buna görə də o, müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Müqavilənin 8-ci bəndinə görə, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Bundan başqa Cavabdeh kredit müqaviləsi üzrə ona olan borcundan bir dəfə 132 manat pul ödəmişdir. Qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bahadurova Sevda Əlibala qızı məhkəmə iclasında göstərdi ki, o, iddiaçıdan 1000 manat məbləğində pul götürmüş, lakin iddiaçı kredit müqaviləsi bağlanan zaman əlavə faiz hesablayaraq 3200 manat verdiyini qeyd etdirmişdir. Onun oğlu ağ ciyər xərçəngindən əziyyət çəkdiyinə görə o, iddiaçıdan borc almışdır. Bundan başqa o, həmin pulu götürən zaman Fövqaladə Hallar Nazirliyində işləmiş və sonradan pandemiyaya görə işdən çıxmışdır. Hesab edir ki, onun kredit müqaviləsi üzrə 2022-ci il tarixə kimi kredit borcunu ödəmək üçün vaxtı vardır. Hal-hazırda onun maddi imkanı yaxşı deyil və kirayədə yaşayır. Buna baxmayaraq o, iddiaçıya olan borcunu hissə-hissə də olsun ödəyəcəkdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 3300 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan aldığı borcu 2 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan başqa işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə bu günədək 132 manat ödəniş etmiş, həmin məbləğdən başqa iddiaçıya ödəniş etməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan müqavilə vardır. Həmin müqavilə mahiyyəti etibarı ilə borc müqaviləsidir və bağlanılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş forma və şərtlərə riayət edildiyindən onun etibarsızlığı üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa, iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin bir tərəfli qaydada ləğv edilməsi və borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsinə aid hissədə əsaslıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin araşdırılan halları və iddiaçının məhkəmədə verdiyi izahatdan aydın olur ki, Cavabdeh kredit müqaviləsi bağlandıqdan sonra iddiaçıya cəmi 132 manat məbləğində pul ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qəbul edilən zaman cavabdeh tərəfindən ödənilmiş 132 manat pul nəzərə alınaraq borcdan çıxılmalıdır. (3300-132=3168) Göstərilənlərə əsasən məhkəmə cavabdehin borc müqaviləsi üzrə hissə-hissə etməli olduğu ödənişləri faktiki olaraq icra etmək iqtidarında olmadığından və bununla bağlı iddiaçıya hər hansı bir təminat verə bilmədiyindən iddia tələbi 3168 manat məbləğində borcun vaxtından əvvəl qaytarılmasına aid hissədə əsaslıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 3168 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-728/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-728/2021
17.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver