Məhkəmə qərarları › İş №2(060)-729/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-729/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-729/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (maraqlı şəxs – Sumqayıt şəhər 1 saylı Notariat kontoru) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər 1 saylı Notariat kontorunu maraqlı şəxs kimi göstərməklə) xx.xx.1993-cü il tarixli vəsiyyətnamədə qeyd edilən X3 sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1955-ci ildə Rusiya Federasiyasında anadan olduğu üçün adı doğum haqqında şəhadətnamədə “Nazəmin” kimi qeyd edilmişdir. Bu səbəbdən şəxsiyyətini təsdiq edən sənəddə də adı eyni cür qeyd edilmişdir. Lakin, hər kəs onu “Nizami” kimi tanıyır və çağırır. xx.xx.1997-ci ildə vəfat etmiş anası Əminova Əlifə Əhməd qızı xx.xx.1993-cü ildə mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77 ünvanında yerləşən 5 saylı mənzili ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə də adı “Nizami” kimi qeyd edilmişdir. Mənzili vəsiyyətnamə ilə adına rəsmiləşmək istəyən zaman notarial orqan vəsiyyətnamə ilə şəxsiyyət vəsiqəsindəki ad uyğunsuzluğuna görə şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1955-ci ildə, Rusiya Federasiyası, Tomsk vilayətində anadan olmuş, hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77, mənzil 5 ünvanında qeydiyyatdadır. 14 saylı Mənzil-Kommunal sahəsinin 409 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ərizəçi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77, mənzil 5 ünvanında ünvanında yaşayır. 5695 saylı qeydiyyat vərəqəsinə əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77 ünvanında yerləşən 3 saylı mənzil Əminova Əlifə Əhməd qızının adına qeydə alınmışdır. xx xxx 1993-cü il tarixli, 4 saylı Dövlət Notariat kontoru tərəfindən təsdiqlənmiş vəsiyyətnamədən görünür ki, Əminova Əlifə Əhməd qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77 ünvanında yerləşən 3 saylı mənzili X2 vəsiyyət etmişdir. AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisinin ərizəçiyə xx.xx.2020-ci il tarixli, 820 saylı cavab məktubunda göstərilmişdir ki, ərizəçinin onun şəxsiyyətini təsdiq edən sənədlərdə qeyd edilən adı ilə vəsiyyətnamədə vəsiyyət edilən ada uyğun gəlmir. Bu səbəbdən ərizəçiyə şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Əminova Əlifə Əhməd qızının adına Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli, 308 saylı ölüm akt qeydi aşkar edilmişdir. Həmin ölüm aktın qeydində xəbər verən qismində X5, mərhumun yaşayır yeri bəndində isə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77, mənzil 5 ünvanı qeyd edilmişdir. Ərizəçi doğum yeri Tomsk vilayəti olduğundan onun doğum haqqında akt qeydi barədə məlumat avtomatlaşdırılmış sistemdə aşkar olunmamışdır. Sözügedən ölüm haqqında akt qeydi iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri Polis idarəsinin xx.xx.2020-ci il tarixli, 123-********** saylı məktubunda göstərilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi Sumqayıt şəhər Qeydiyyat və Şəxsiyyət vəsiqə şöbəsi tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş hüquqi sənədlər, saxlanma müddəti bitdiyi üçün yandırılma yolu ilə məhv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi ərizəçi xx.xx.1993-cü il tarixli vəsiyyətnamədə qeyd edilən X3 sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi ni xahiş edir. Qeyd edilən faktın müəyyən edilməsi isə ona yaşadığı mənzilin sənədləşdirilməsi üçün lazımdır. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77 ünvanında yerləşən 3 saylı mənzil Əminova Əlifə Əhməd qızının adına qeydiyyata alınmış, xx.xx.1993-cü il tarixli vəsiyyətnamə ilə X4 vəsiyyət edilmişdir. Məhkəmə sorğusuna Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilən cavab məktubunda mərhumu Əminova Əlifə Əhməd qızının yaşayış yeri kimi Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 77, mənzil 5 göstərilmişdir. Bu ünvan ərizəçinin yaşadığı ünvanla eynilik təşkil edir. Bundan əlavə mərhumun ölümünü xəbər verən qismində X1 qeyd edilməsi də məhkəmə tərəfindən X3 sənədlərinin Ərizəçi məxsus olması faktını müəyyən etməyə əsas verir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən vəsiyyətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Əminova Əlifə Əhməd qızı tərəfindən əmlakın X2 vəsiyyət edilməsi barədə xx.xx.1993-cü il tarixli vəsiyyətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar