Məhkəmə qərarları › İş №2(060)-7335/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7335/2025

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7335/2025 26.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-584/2025 saylı qərardadı ilə təyin edilmiş indeksasiya həddinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.9 mislindən 0,4 mislinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ərizəsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-584/2025 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin məbləği minimum əmək haqqının 0.9 misli miqdarında müəyyən edilmişdir.O, hazırda həmin alimentin miqdarının azaldılmasını istəyir. Belə ki, 2018-ci ildə aliment təyin edilərkən birinci instansiya məhkəməsi hər uşağa 150 manat aliment müəyyən etmişdir.Lakin apellyasiya məhkəməsi onun maddi vəziyyətini nəzərə alaraq bu alimenti hər uşağa 117 manat müəyyən etmişdir.Həmin vaxtdan o, 234 manatı ödəmişdir. Maaşı 420 manat idi və o, 2 uşağa görə əmək haqqının 1/3 hissəsində aliment ödəməli olduğuna baxmayaraq demək olar ki, əmək haqqının 50 faizində aliment ödəyirdi və etiraz etmirdi.Amma indi məhkəmə tərəfindən müəyyən edilmiş 0.9 mislində aliment demək olar ki, onun əmək haqqısının 90 faizini (360 manat) təşkil edir. Bu isə onun onsuz da ağır olan maddi durumunu daha da dözülməz edir. O belə hesab edir ki, bu hallar nəzərə alınmaqla məhkəmə tərəfindən təyin edilmiş 0.9 mislində alimentin həcmi azaldılaraq ən çoxu 0.4 mislinə endirilməlidir.O bu barədə mediasiyaya müraciət etmiş, mediator cavabdehə bildiriş göndərmiş, lakin cavabdeh mediasiya proesinə gəlməmiş və mediator bu barədə arayış tərtib etmişdir. Ona görədə hazırki iddia ilə məhkəməyə müraciət edir. xx.xx.2025-ci il tarixində Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2005-ci il tarixində rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur.Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X1 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X2 oğlu adlı 2 övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3630/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan övladlarının onun himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər bir uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aiment tutularaq ona ödənilməsi qət edilmişdir.Sözügedən qətnamədən narazı qalan İddiaçı Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3630/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X1 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun saxlanması üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat aınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2006-cı il təvəllüdlü X1 oğlu təvəllüdlü uşağın 19 yaşı var. Lakin İddiaçı 2018-ci ildən aliment öhdəliklərini də lazımınca yerinə yetirməmiş, uşaqları ilə ümumiyyətlə maraqlanmamışdır.Hətta uşağın biri 18 yaşına çatdıqdan sonra onun da alimentini kəsmişdir.Övladlarının saxlanılması onun üçün çox çətindir. O övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır.Ona görə də o, alimentin indeksasiya olunması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-584/2025 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin məbləği minimum əmək haqqının 0.9 misli miqdarında müəyyən edilmişdir.İddiaçı alimentin miqdarının azaldılmasına dair məhkəməyə müraciət etmişdir.İddia ərizəsində göstərmişdir ki, guya onun maddi vəziyyəti qənaətbəxş deyil, həmçinin əmək haqqısı 420 manat təşkil edir.Lakin izah etmir ki, necə ola bilər ki, 2018-ci ildə də 420 manat əməkhaqqı alırdı, indi də 420 manat əmək haqqı alır? Həmçinin nəzərə almır ki, iki uşağa birlikdə 234 manat aliment verə bilirdi. Bir uşağın alimenti kəsilib, o yenədə aliment verməkdən şikayət edir. Hesab edir ki, uşaqları elə yaşdadırlar ki, onların maddi təminatını heç 360 manatlada yerinə yetirmək mümkün deyil. İddiaçı başqa ailəsi və uşağı yoxdur.Aliment miqdarının azaldılmasına dair iddia ərizəsinə də vəkil tutmağa maddi imkanı var.Lakin uşağa pul ödəmək istəmir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək,aliment məbləğinin azaldılmasını xahiş etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, 420 manat maaş alır. İndeksiyaya görə 1 uşağa görə 360 manat ödəyir. İndi ödəməyə imkanı yoxdur. Aliment borcu da yoxdur. 260 manat aliment ödəyə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin məbləği minimum əmək haqqının 0.9 misli miqdarında (hazırda 400 X 0.9=360 manat) müəyyən edilməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixindən "xxxx" MMC-də operator vəzifəsindəö işləyir və aylıq əməkhaqqısı 420 manatdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-01662 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən İddiaçı, mediasiya sessiyasında iştirak etməyən isə Cavabdehdır. İddiaçı 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X1 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X2 oğlu adlı uşaqları olmuşdur. Tərəflər boşanmışlar və hazırda ayrı yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3630/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan övladlarının onun himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər bir uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aiment tutularaq ona ödənilməsi qət edilmişdir.Sözügedən qətnamədən narazı qalan İddiaçı Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3630/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X1 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun saxlanması üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat aınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2006-cı il təvəllüdlü X1 oğlu təvəllüdlü uşağın 19 yaşı var. Bundan sonra Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 8(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin məbləği minimum əmək haqqının 0.9 misli miqdarında (hazırda 400 X 0.9=360 manat) müəyyən edilməsi qərara alınmışdır.Hazırda İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması, təyin edilmiş indeksasiya həddinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,9 mislindən 0,4 mislinə azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşdən görünür ki, hazırda iddiaçının bir uşağa görə faktiki ödədiyi aliment 360 manat təşkil edir. O, 420 manat maaş alır.İddiaçı özünün maddi vəziyyətində mənfiyə doğru dəyişiklik barədə sübut təqdim etmişdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə verərkən alimentin miqdarının 1 uşağa görə 360 manata qaldırılmasını məqbul hesab etmişdir. Lakin indeksasiya ərizəçinin istədiyi məbləğdə deyil, müvafiq hesablama yolu ilə müəyyən edildiyindən bu məbləğ hazırki vəziyyətdə 360 manata bərabər olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki,iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun deyil. Buna görə də alimentin məbləğinin azaldılması barədə onun iddiası qismən əsaslıdır. Bu nəticəyə gələrkən məhkəmə, Cavabdeh indeksasiya barədə ərizəsindəki mövqeyini də nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılmalı, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (280:400=0,7) 0,7 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə ərizə təmin edilməməlidir. Məhkəmənin fikrincə, iddianın bu şəkildə təmin edilməsi həm tərəflərin maddi vəziyyətlərinə, həm də azyaşlının mənafelərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, bu miqdarda alimentin tutulmasının əvvəli, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarix qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2715/2018 saylı, xx.xx.2018-ci il tarixli li qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılsın. Hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (280:400=0,7) 0,7 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün aliment hazırki qətnamə qanuni qüvvəsini alanadək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-584/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar