Məhkəmə qərarları › İş №2(060)-7367/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7367/2024

20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7367/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 may 2023-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı dünyaya gəlmişdir: 10 may 2024-cü il təvəllüdlü X2. Ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olsa da, bir müddət sonra münasibətləri müdaxilələr olduğuna görə pisləşmişdir. Evində söz-söhbət yaranmışdır, iddiaçıya şiddət göstərilmişdir. Ona görə də məsuliyyətə cəlb edilmişdir. Halhazırda iddiaçının imkanı olmadığından müvəqqəti 4 aylıq körpəsi ilə atasının evində qalır. Aralarında ailə münasibəti yoxdur. Cavabdeh Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Mərkəzi komanda məntəqəsində işləyir və təxminən 2000 manat maaş alır, eyni zamanda digər gəlirləri də vardır. Lakin bir ailə olsalar da, iddiaçı heç vaxt onun rəsmi gəlirlərini dəqiq bilməmişdir. Ona görə də, qeyd olunan hal məhkəmə araşdırması ilə öz təsdiqini tapacaqdır. Balaca qızı üç yaşına çatmamışdır və ona xüsusi qayğı və maddi məsrəfləri daha çox köməklik tələb edir. Ona görə də 10 may 2024-cü il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən alimentdən əlavə 200 manat məbləğində pul tutulmasını vacib hesab edir. Qeyd olunan məsələlərin məhkəmədənkanar qaydada mediasiya sesiyasında nizama salınması üçün iddiaçı tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmişdir. 28 oktyabr 2024-cü il tarixdə №MŞS/MT030/2024-02333 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışa əsasən cavabdeh iştirak etməmişdir. Mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediyasiyaya dair və 10 manat kargüzarlıq xərcini iddiaçı özü ödəniş etmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh birgə nikahdan olan 10 may 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsini aliment tutularaq iddiaçıya verilməsi, əlavə olaraq 10 may 2024-cü il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanılması üçün alimentdən əlavə 200 manat məbləğində pul tutularaq, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, iddia tələbinin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsinin aliment olaraq tutulmasına razıdır. İddia tələbinin qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-T № 065521 saylı nikah haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Cavabdeh ilə X3 18 may 2023-cü il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 622 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Baxışova soyadı verilmişdir.

7. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-T № 276595 saylı doğum haqqında şəhadətnamənin təkrarından görünür ki, X2 10 may 2024-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02333 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğndə mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

9. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kartına əmək haqqı olaraq xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2024-cü il tarixdə 1043,81 manat, xx.xx.2024-cü il tarixdə 2957,49 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat pul köçürülmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 18 may 2023cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və uşaq üç yaşına çatanadək saxlanılması üçün maddi yardımın tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə qismən razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbinin “Cavabdeh birgə nikahdan olan 10 may 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

16. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

17. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

18. Həmçinin, iddianın “uşaq üç yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

19. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

20. Yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

21. Bundan əlavə, yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

22. İşdən isə göründüyü kimi iddiaçı (hətta tərəflər arasında nikah pozulmuş olsaydı belə) cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

24. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

25. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

26. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

28. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin yarısının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar