Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7412/2025 30.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi yardım” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin və xx.xx.2019-cu il təvəllüdlü X2 diaqnozu ilə əlaqədar, onun müalicə xərclərini nəzərə alaraq, onun 18 yaşına çatanadək hər ay cavabdehdən 200 manat miqdarında maddi yardımın xx.xx.2025-ci il tarixdən başlayaraq tutulub X4 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-926/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh ilə aralarında olan Sumqayıt nikah evində 11 aprel 2015-ci il tarixdə bağlanmış və 85 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuşdur. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X6 anaları X3 himayəsində saxlanılmışdır. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub X4 verilmişdir. Daha sonra X7 apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-926/2024 saylı qətnaməsinin - Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub ona verilməsi hissəsində dəyişdirilərək, hər ay hər uşaq üçün Cavabdeh sabit pul məbləğində 235 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1216/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 926/2024 nömrəli qətnaməsi mübahisələndirilən - aliment məbləği hissəsində dəyişdirilmişdir. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutularaq X4 verilmişdir. Övladlarının maddi ehtiyacını ödəməkdə çətinlik çəkir. Uşaqların böyüməsi və inflyasiya ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün hər ay 235 manat aliment kifayət etməmişdir. Bu səbəbdən alimentin indeksasiyası üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin yekun nəticəsi ilə aliment məbləği artırılımış, indeksləşdirilmişdir. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli ***-**** saylı həkim-psixiatr komissiyasının rəyi əsasında xx.xx.2019cu il təvəllüdlü övladı X5 "Yüngül dərəcəli əgli gerilik. (İQ N56) davranış pozuntuları" diaqnozu qoyulmuşdur. Övladının əgli inkişafında və danışığında ciddi çətinliklər yarandığına görə, onu tam sağlam böyüməsi üçün bir ana kimi əlindən gələni edir. Övladının sağalması üçün, onu digər uşaqlar kimi, öz yaşına uyğun böyüməsi üçün bütün gəlirlərini və imkanlarını qızı üçün səfərbər etmişdir. Övladının səhhəti ilə əlaqədar, o mütəmadi həkimlərə müraciət edir, uşağı müayinə və müalicələrdən keçirdir. Bunun üçün də onun maddi vəsaitə ehtiyacı olur. Cavabdeh isə, aliment ödənişindən başqa, ona könüllü olaraq maddi cəhətdən heç bir köməklik etmir. Qarşı tərəfin maaşı və əlavə gəlirləri yetərincə yaxşıdır, övladlarının böyüməsi və inkişafı ilə bağlı maraqlanmır. Hazırda qızı X6 həkim-psixiatr, nevroloq, logoped və digər həkim-mütəxəssislərin dəstəyinə, müalicəsinə ehtiyacı vardır. O tək ana olaraq, iki övladının xərclərini çatdıra bilmir. Uşaqların böyüməsi ilə əlaqədar. onların ehtiyaclarını ödəmək üçün, xüsusən də, İQ səviyyəsi aşağı olan uşağının müalicəsi üçün aliment kifayət etmir. Cavabdehin maddi vəziyyəti yaxşı olduğuna baxmayaraq, o, uşaqlara alimentdən başqa maddi yardım göstərmir. Hazırda qarşı tərəf. ünvan 1 ünvanında yerləşən idman zalı işlədir. "Pilates LifeStyle" instagram səhifəsində cavabdehin işlətdiyi idman zalı barəsində məlumatlanmaq olar. Onu da qeyd edim ki, cavabdehə məxsus VÖEN mövcuddur (**********), vergi ödəyicisidir. Tək anadır, uşaqlarını tək başına böyüdür, başqa qohum yardımı yoxdur. Övladlarının bütün qayğılarını tək canı ilə çəkir. Övladlarının mənəvi və maddi ehtiyaclarını hər tərəfli təmin etməyə çalışır. Lakin, peşəkar hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamağa maddi vəziyyəti uyğun deyil. Bu səbəbdən məhkəmədən cavabdehin iş yerinə onun rəsmi maaşı və əlavə gəlirləri barəsində sorğu göndərilməsini xahiş edir. Sorğuya cavabın nəticəsində məhkəmənin ədalətli qərarına ümid edir. Çünki, övladları sağlam şəraitdə böyütmək, hərtərəfli dəstək olmaq hər iki valideynin borcudur. Uşaqlarının cəmiyyətin sağlam bir parçası olmaqları tək başına mübarizə aparmaq haqsızlıqdır. Cavabdeh birgə nikahlarından olan qüsurlu övladları X5 maddi dəstək göstərməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehdən - xx.xx.2019-cu il təvəllüdlü X2 diaqnozu ilə əlaqədar, onun müalicə xərclərini nəzərə alaraq, 18 yaşına çatanadək hər ay cavabdehdən 200 manat miqdarında və hər iki uşaq üçün hər ay cavabdehin aylıq qazancının (əlavə gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında maddi yardım tutulmalıdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, uşağın problemləri çoxdan var. Loqopedə gedəndə cavabdeh dedi ki, aliment verir, loqopedin pulunu verməyəcəkdir. Müalicədən əlavə əsas mütəxəsisdir. İndeksasiyadan sonra 544 manat aliment olmuşdur. Hazırda onlar evdən çıxmışdır. O Sumqayıtdan çıxa bilməz. O əlində olan pulu uşağa xərcləyir. Alimentin hamısını uşaqlara xərcləyir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. 2024cü ildən bu yana heçnə dəyişməmişdir. Maaşı artıb 2500 manat olacaq, hazırda 1000 manatdır. Onun uşağının əqli geriliyi yoxdur. Əgər uşaqlar ona verilərsə o aliment tələb etmədən, uşaqlara baxacaqdır. Ailə qurmuşdur. 2-ci münasibətdən uşağı yoxdur. Xanımın 2 uşağı vardır.Uşağın xəstəliyinin olması ona bəllidir, müalicəyə ehtiyacı olduğunu bilir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1216/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-926/2024 nömrəli qətnaməsi mübahisələndirilən aliment məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1099/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, tələbkar İddiaçı aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1216/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cü il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Sumqayıt şəhərində yerləşən, Dünyam Psixologiya və Nitq inkişafı mərkəzinə müraciət etmişdir. Psixoloji konsultasiya zamanı Leylada, həkim psixiatr tərəfindən qoyulmuş diaqnoza əsasən və tətbiq olunmuş testin nəticəsinə görə yüngül dərəcəli əqli gerilik, nitq ləngiməsi, bir sıra davranış və psixoloji narahatçılıqlar müşahidə olunmuşdur. Psixoloji seansların davam etdirilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT064/2025-00150 nömrəli ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya şurasında iştirak etmiş və prosesin davam etdirməyə razılıq verməmişlər. İddiaçı 50 manat mediasiya, 10 manat kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində qeyd edilir ki, uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilməsi qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum 27 yanvar 2015-ci il tarixli qərarına əsasən “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbinin təqdim olunmuş sübutları və məhkəmə iclasında tərəflərin bildirdikləri izahatları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan aliment Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən hər üşaq üçün 235 manat olmaqla müəyyən edilmiş, daha sonra aliment məbləği məhkəmə qərardadına əsasən indeksasiya edilmişdir.Hazırda iddiaçı cavabdehin maddi vəziyətində əsaslı dəyişikliyin yaxşılığa doğru dəyişikliklərin yəni, onun qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulmasına əsas olan hallar təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmiş, araşdırma gedişatında sübut edilməmişdir.Tələbin təmin edilmiş hissəsinə münasibətdə cavabdehin özünün inkar etmədiyi hal övladı Leylanın müalicəyə ehtiyacı olması, lakin özünün himayəsində olarsa bunu edəcəyini bildirməsini məhkəmə əsaslı hesab etmir.Mülki işin materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, “xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cü il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Sumqayıt şəhərində yerləşən, Dünyam Psixologiya və Nitq inkişafı mərkəzinə müraciət etmişdir. Psixoloji konsultasiya zamanı Leylada, həkim psixiatr tərəfindən qoyulmuş diaqnoza əsasən və tətbiq olunmuş testin nəticəsinə görə yüngül dərəcəli əqli gerilik, nitq ləngiməsi, bir sıra davranış və psixoloji narahatçılıqlar müşahidə olunmuşdur. Psixoloji seansların davam etdirilməsi tövsiyə olunmuşdur”.Bundan əlavə “X1” əsasən uşağın xəstəliyinin olması işin mübahisə edilməyən halıdır.Bu baxımdan məhkəmə iddia tələbinin qismən təmin edilməsi uşağın yetkinlik yaşına çatanadək 100 manat məbləğində çəkilən xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə bu qənaətə gələrkən tərəflərin qarşılıqlı münasibətləri, cavabdehin aliment öhdəliyini yerinə yetirməsinin və uşağın əsaslı mənafeyi baxımından uşağın müalicə xərcləri olması zərurətindən irəli gələrək məhkəmə hesab edir ki, iddia tələbinin qismən edilərək, uşağın yetkinlik yaşına çatanadək müalicəsi üçün maddi yardım sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (100:400=0.25) 0.25 misli həddində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən maddi yardım 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0.25 misli (100 manat (tutulan maddi yardım) : 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0.25) həddində tutulmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək müalicəsi üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində (100:400=0.25) maddi yardım tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7412/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7412/2025
30.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver