Məhkəmə qərarları › İş №2(060)-7442/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-7442/2021

20.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7442/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanılmış 20.12.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, soyuducuya görə ödənilmiş 705 manat pulun, 500 manat maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1235 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdə soyuducu almaq məqsədi ilə “Soliton” mağazalar şəbəkəsinin Sumqayıt şəh., 18-ci mikrorayon ərazsində yerləşən Sumayıt filialına yaxınlaşmışdır. Həmin mağazada Beko markalı soyuducunu bəyənmişdir. Onunla VEÖN nömrəsi ********** olan Cavabdeh arasında 20.12.2018-ci il tarixli, 556558 № li hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ümumi dəyəri 785 manat olan REF İBEKO DSMV 5280MA0S markalı soyuducunu ilkin ödəniş 65 manat, hər ayın 19-dan gec olmayaraq 18 ay müddətinə hər ay 40 manat ödəməklə kreditə götürmüşdür. Müqavilə ilə bərabər mağazanın Service mərkəzi tərəfindən ona həmin soyuducuya aid 421619 saylı, 20.12.2018-ci il tarixli zəmanət müddəti 3 il olan zəmanət talonu verilmişdir. Həmin soyuducu mağazanın əməkdaşları tərəfindən müvəqqəti yaşayış yeri olan Novxanı bağları ərazisində fərdi evə gətirilmişdir. Soyuducunu alandan təxminən 6 ay öz qutusunda qalmış, daimi yaşayış yeri olmadığına görə bir müddət soyuducu bağlı vəziyyətdə qalmışdır. İşlətdikdən sonra soyuducunun sağ tərəfi tərləməyə başlamış, arxasından su gəlmiş və alt gözü ərzaqları soyutmamış, məhsullar dəfələrlə xarab olmuşdur. O, bununla bağlı ilkin olaraq mağazaya müraciət etmişdir. Onlar da onu mağazanın servis bölməsinə yönləndirmişlər. Servis soyuducunu evdən götürərək təmir olunması üçün servisə qəbul etmiş, təmirdən sonra soyuducunu elektrikə birləşdirdikdə yenə tərləmənin olduğunu aşkarlamış, servislə əlaqə saxlamışdır. Bakı servis Mərkəzindən nümayəndə gəlmiş, o da tərləmənin şahidi olmuşdur. Soyuducunu təkrar servisə aparmışlar. Bir neçə gündən sonra onun çoxsaylı zənglərindən sonra 31.12.2019-cu il tarixdə soyuducunu təhvil verib, heç bir problemin olmadığını demişlər. Soyuducu yenə tərləməyə başlamışdır. 13.02.2020-ci il tarixdə yenidən soyuducu servis mərkəzinin əməkdaşları tərəfindən servisə aparılmışdır. Ölkə ərazisində pandemiya ilə bağlı yaranmış karantin rejimini bəhanə gətirirərək 3 ay sonra soyuducunu təhvil vermişlər. Bu qədər aparıb-gətirmələrinə baxmayaraq soyuducuda yaranan bu nasazılıq aradan qalxmamışdır. Yenidən senytabr ayında soyuducuda olan nasazlıqlar ucbatından yenidən servis mərkəzinə müraiət etmişdir. 2020-ci ilin sentyabr ayında yenidən soyuducunu aparmışlar, bu günə qədər də soyuducudan heç bir xəbər ala bilməmişdir. Dəfələrlə ya soyuducuya görə ödədiyi pulun, ya da soyuducunu təmir edərək ona geri verilməsinə dair müraciət etsə də heç bir nəticəsi olmamışdır. Qeyd edir ki, müqavilə əsasında ödəniş cədvəlinə uyğun ödənişlərinin son 2 ayını ödəməmişdir. Bundan əlavə olaraq həmin mağaza ona maddi ziyan vurmuşdur,bu neçə ay ərzində evə aldığı ərzaqlar xarab olmuş, yol xərcləri, telefon zənglərinə əlavə xərclər çəkmişdir. Həmçinin soyuducunun bu qədər aparıb gətirəndə soyuducunun üzərinə cızıqlar düşmüşdür. O, məsuliyyətli təşkilat olaraq “Soliton” Mağazalar Şəbəkəsinə 24.06.2021-ci il tarixli sifarişli xəbərnamə ilə müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi pozduqlarına görə 10 iş günü ərzində həmin soyuducuya dair ödədiyi 705 manat pulun və ona dəymiş 500 manat maddi ziyanı ödəməsi ilə bağlı ilə bağlı bildiriş də göndərmişdir, cavabdeh həmin göndərişi 05.07.2021-ci il tarixdə şəxsən öz imzasını çəkərək qəbul etmişdir, həmin xəbərnamə bildirişini də iddia ərizəsinə əlavə etmişdir. Üzərindən 20 gün keçməsinə baxmayaraq yenə də pulu geri ödəmək istəmirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanmış 20.12.202018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, soyuducuya görə ödənilmiş 705 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanılmış 20 dekabr 2018-ci il tarixli № 556558 saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinlən görünür ki, satıcı ümumi dəyəri 785 manat olan REF BEKO DSMV 5280MA0 S markalı soyuducunu alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. 20 dekabr 2018-ci il tarixli S18K 556559 saylı ödəniş cədvəlindən görünür ki, alıcı malın dəyərindən 65 manat ilkin ödəniş etməklə qalan 720 manatı 18 ay müddətində ayda 40 manat olmaqla ödəməsi nəzərdə tutulmuşdur. “Soliton Service” tərəfindən verilmiş 24.09.2019-cu il və 13.02.2020-ci il tarixli servis çeklərindən görünür ki, soyuducu qüsurla bağlı təmirə qəbul edilmişdir. Soliton mağazalar şəbəkəsi tərəfindən İddiaçı verilmiş zəmanət talonundan görünür ki, satılan soyuducuya 20.12.2018-ci il tarixdən 3 il müddətində zəmanət verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmuşdur. Azərbaycan Resppublikası Mülki Məcəllənin : 567-ci maddəsinə əasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə işin müəyyən edilmiş faktiki halların şərh olunan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 20.12.2018-ci il tarixli 556558 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh REF BEKO DSMV 5280MA0S markalı soyuducuya görə ödənilmiş 705 (yeddi yüz beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 20.12.2018-ci il tarixli 556558 saylı alqısatqı müqaviləsi ləğv edilsin. Cavabdeh REF BEKO DSMV 5280MA0S markalı soyuducuya görə ödənilmiş 705 (yeddi yüz beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar